Maşınımızı saxlayıb ətrafa göz gəzdiririk. Şəhər nur içində idi. Bir anlığa mənə elə gəldi ki, ermənilərin uçurub
dağıtdıqları, yandırıb
külə döndərdikləri
uçuq binalar da, dağ da,
daş da gedən quruculuq işlərinə, tikilən
binalara, qürurla dalğalanan zəfər bayrağımıza sanki baxıb qürurlanırdı:
"Biz qururuq",
"Biz yaradırıq",
"Biz bu yurda yenidən həyat veririk", "Yamanlıq düşmənə
qaldı..."
Mənə elə
gəlirdi ki, yüksəkqülləli kran
hərəkət etdikcə
Ağdam gözlərimiz
qarşısında anbaan
böyüyür, parlayır,
ucalır... Ağdam tikildikcə, qurulduqca, böyüdükcə isə
düşmən daha da kiçilir...
Bir güllə
atılmadan Ağdamı
diplomatik yolla düşməndən azad
edən Müzəffər
Ali Baş Komandan "Biz işğaldan azad olunmuş Qarabağı cənnətə çevirəcəyik",
- demişdi. Budur, Ağdam anbaan cənnətə dönür,
gözəlləşir, doğmalarını
qarşılamağa hazırlaşır.
Ağdamın elə
girəcəyində, "İmarət"
deyilən ərazidəyik.
Qarabağ xanlığını
quran Pənah xanın, eləcə də İbrahim xanın, Mehdiqulu xanın, Xurşidbanu Natəvanın və xan ailəsinin digər nümayəndələrinin
məqbərələri buradadır.
Şəhər ərazisində
1868-1870-ci illərdə memar
Kərbəlayı Səfixan
Qarabaği tərəfindən
tikilmiş Ağdam Cümə məscidinin bərpa işləri davam edir. Burada
qızğın iş
gedir. Məscid Heydər Əliyev Fondunun vəsaiti hesabına bərpa olunur. Bərpa prosesinə xarici ölkələrdən mütəxəssislər
cəlb edilib. Bu dini məbəd
tam olaraq yenidən əvvəlki orijinal vəziyyətinə
qaytarılır. Öyrənirik
ki, Ağdamda qədim Qiyaslı məscidində də bərpa işləri gedir. Eyni zamanda
baş plana uyğun olaraq şəhərdə yeni bir məscidin də tikilməsi nəzərdə tutulub.
"İmarət"in yaxınlığında
190 hektarlıq sahədə
böyük sənaye
parkı salınıb.
Sənaye parkının
yaxınlığında inşa
edilən 6 yaşayış
binasında tikinti işləri sürətlə
davam etdirilir.
Xatırladaq ki,
işğaldan əvəl
Ağdam şəhəri
500 hektarlıq ərazidə
yerləşirdi. O zaman
burada 40 min nəfər əhali yaşayırdı. Şəhərin
yeni baş planına uyğun olaraq, ərazisinin genişlənərək 1500 hektara
çatdırılması, şəhərdə yüz
min əhalinin yaşayacağı planlaşdırılıb.
Ağdamın yaxınlığında
yerləşən 8 kənd
də baş plana uyğun olaraq şəhərə
birləşdiriləcək.
Təməli ötən
il Prezident İlham Əliyev tərəfindən qoyulan
Ağdam 1 nömrəli
məktəbin binasında
da sürətli tikinti işlərinin getdiyinin şahidi olduq. 1000 yerlik məktəb binasında inşaat işləri başa çatmaq üzrədir. Üçmərtəbəli
binanın artıq
3-cü mərtəbəsində işlər gedir. Onu da qeyd
edək ki, şəhərin küçələrində
yaşıllaşdırma işlərinə
xüsusi diqqət yetirilir.
Bəri başdan
deyək ki, şəhər sakinlərinin
doğma yurdlarına dönəndə əsl möcüzə ilə üzləşəcəkləri şübhəsizdir. İçərisində
gölün, kanalların
olacağı, 27 hektar
ərazini əhatə
edəcək parkda abadlıq və yaşıllaşdırma işləri
aparılır. Qədim
şəhər mədəniyyətinin
əsas elementlərindən
sayılan təkərli
tramvayların XXI əsrin
şəhəri olacaq
Ağdamda görünməsi
də sakinlərin ürəyincə olacaq.
Baş plana əsasən, ərazidə
insanların hər yerə piyada gedib-gəlmələri üçün
iaşə obyektləri,
uşaq bağçası,
məktəb, sosial binalar hamısı bir-birinə yaxın inşa edilir.
Müasir Ağdam
dünənin, bu günün, gələcəyin
şəhəri olacaq.
Ağdamın simvolu sayılan Fərhadın abidəsi, Çörək
Muzeyi, Çay Evi, "İmarət"
də tezliklə ikinci həyatlarına vəsiqə alacaq obyektlər sırasındadır.
Əvvəllər stadion
kimi istifadə olunan "İmarət"də
yenə də Qarabağ atlarının cıdır yarışları
keçiriləcək. Ağdamda
"Qarabağ" komandası
üçün dünya
standartlarına uyğun
stadionun inşası da nəzərdə tutulub.
Hazırda Ağdamda
infrastrukturun bərpası
işləri aparılır.
1964-cü ildə Xaçınçayın
üzərində tikilmiş
Xaçınçay Su
Anbarında ikinövbəli
təmir-bərpa işləri
gedir. Şəhərə
içməli suyun gətirilməsi, qaz xətlərinin çəkilişi
layihəsi gerçəkləşmək
üzrədir. Xaçınçay
üzərində tikiləcək
"Ağdam-1" və
"Ağdam-2" yarımstansiyalarının
fəaliyyəti nəticəsində
bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin
ediləcək. 210 çarpayılıq
Ağdam Mərkəzi
Şəhər Xəstəxanasının
inşası isə ağdamlılara tibbi xidmətin göstərilməsi
üçün yeni imkanlar yaradacaq.
Ağdamın üç
kilometrliyində yerləşən
418 hektar ərazidə
layihələndirilən Xıdırlı
kəndində 59 min
90 nəfərin, yəni
1500 ailənin məskunlaşması
nəzərdə tutulub.
Xıdırlıda məskunlaşacaq
əhalinin yaşayış
yükünü nəzərə
alaraq, ilkin mərhələ üçün
ayrılan 160 hektar torpaq sahəsində 2951 nəfərin köçürülməsi
üçün 719 fərdi
evin tikintisi planlaşdırılıb. Kənddə
mədəniyyət və
əyləncə mərkəzləri,
xidmət, kommersiya müəssisələrində, digər obyektlərdə,
təhsil, idarəetmə
və kənd təsərrüfatı sahələrində
ümumilikdə 2595 nəfər
işlə təmin olunacaq. Tikinti işlərinin 2024-cü il
aprelin 10-da başa çatdırılması nəzərdə
tutulur.
Ağdam şəhərindən
6 kilometr məsafədə
yerləşən Kəngərli
kəndi də yenidən qurulan yaşayış sahələri
sırasında yer alıb. Kənddə 2 min 626 nəfər, yəni 639 ailənin məskunlaşması planlaşdırılıb.
Birinci mərhələdə
1279 nəfər məcburi
köçkün 290 müasir
üslubda tikilmiş mənzillərə köçürüləcək.
Doğma torpaqlarına
qayıdan insanları
bütün xidmət
sahələrini əhatə
edən komfort bir həyat gözləyir. Eyni zamanda yurduna qayıdanlardan 1182 nəfərin
işlə təmin olunması da nəzərdə tutulub.
Yenidən qurulan
Sarıcalı kəndində
425 ailənin 1720 nəfər
üzvü yaşayacaq.
Layihələndirilən ümumi
ərazi 101,9 hektardır.
Burada məskunlaşacaq
əhalinin sayı nəzərə alınaraq,
yaşayış məhəllələrinin
salınmasının birinci
mərhələsi üçün
50,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə
895 nəfərin köçürülməsi
üçün 211 fərdi
evin tikilməsi planlaşdırılıb. Ağdam
şəhərinin mərkəzindən
6 kilometr məsafədə
yerləşən Sarıcalı
kəndində əhalinin
məşğulluğunun təmin
edilməsi üçün
hər cür şərait yaradılacaq,
774 nəfər işlə
təmin olunacaq.
Biz Ağdamdan Bakıya dönəndə
artıq gün batsa da, hava
qaralmamışdı. Ay
göyün üzünə
kölgə kimi şəklini çəkməkdə
idi. Yoldan keçən bir piyadadan havanın nə zaman qaraldığını
soruşduqda, cavabı
çox qısa oldu: "Buralardan qaranlıqlar çoxdan çəkilib. İndi Ağdamın ağ günləri başlayır".
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
18 iyul.- S.11.