Azərbaycan
istədiyini əldə
edəcək və məqsədinə nail olacaq
Brüssel görüşünü müzakirəyə
çıxaran keçmiş
hərbi xunta təmsilçiləri mövcud
vəziyyətdən narahatdırlar
Prezident İlham
Əliyevin Avropa İttifaqı Şurasının
prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan
ilə birgə sonuncu Brüssel görüşü İrəvanda
böyük reaksiyaya səbəb olub. Artıq erməni ictimaiyyəti də ölkələrinin xilas formulunun Azərbaycanla münasibətləri normallaşdırmaqda
gördüyünü davamlı
şəkildə bildirir.
Ancaq revanşist
qüvvələr bu prosesin baş tutmaması üçün
məkrli niyyətlərini
aşkar şəkildə
nümayiş etdirirlər.
Amma buna əngəl törətmək
üçün nə
daxili, nə də xarici dəstəyə malik olmadıqlarını da çox yaxşı başa düşürlər.
Keçmiş deputat
Naira Zöhrabyan Brüssel görüşünün
nəticələrini Qarabağ
ermənilərinin rəsmi
təsliminin təqdimatı
adlandırıb. Humanitar
yüklərin Ağdamdan
daşınmasını isə
ermənilər üçün
fəlakət hesab edib. Şarl Mişelin görüşün
nəticələrindən razı qalmasına toxunan Zöhrabyan Avropa İttifaqının
Qarabağ məsələsində
Azərbaycanın mövqeyini
dəstəkləməsindən narahat olduğunu deyib və Hayastanda
bu hadisəyə ciddi reaksiya verilməməsini pisləyib:
"Çox təəssüf
ki, Hayastanın siyasi həyatında baş verənlər heç bir üsyana, heç bir müqavimətə səbəb olmadı. Bu o deməkdir ki, biz hamımız
Hayastanın kapitulyasiya
prosesini, sadəcə,
seyr edirik. Bəzi insanlar düşünürlər ki,
Hayastanın Qarabağı
de-yure Azərbaycanın
bir hissəsi kimi tanıması oyundur. Amma yanılırlar.
Azərbaycan istədiyini
əldə edəcək
və məqsədinə
nail olacaq. Özü də heç bir müharibə aparmadan".
Daha sonra keçmiş deputat Rusiyanın son bəyanatına toxunub:
"Ruslar Paşinyanın
Qarabağı Azərbaycanın
bir hissəsi kimi tanımasından sonra vəziyyətin kökündən Azərbaycanın
xeyrinə dəyişməsindən
narahatdırlar. Bizim Rusiya Federasiyasına qarşı tələblər
irəli sürməyə,
sülhməramlıların qarşısında çadırlar
qurmağa haqqımız
yoxdur. Çünki Nikol Paşinyan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla rusların əl-qolunu bağladı.
Amma buna baxmayaraq, Rusiya Qarabağ ermənilərinin
taleyini üçüncü
dövlətlərin üzərinə
atmağın qəbuledilməzliyini
bildirir".
Sabiq deputat, revanşist Tiqran Abramyan isə Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Hayastan liderlərinin iştirakı
ilə keçirdiyi üçtərəfli görüşdən
sonra verdiyi bəyanatını şərh
edib. O, Şarl Mişelin üçtərəfli
görüşdə hərbi
əsirlər və səhvən tərəfini
dəyişən əsgərlər
məsələsinin müzakirə
olunması ilə bağlı sözlərinə
də toxunub. Revanşist siyasətçi
utanmadan Azərbaycan hərbçilərini Hayastan
ərazisində dinc sakinləri qətlə yetirməkdə suçlayıb:
"Beynəlxalq aktorların
ədalətsiz və
qəbuledilməz davranışı
təkcə Qarabağ
ermənilərinə deyil,
həm də Hayastana münasibətdə
özünü göstərir.
Nə qədər ki, Paşinyan hakimiyyətdədir, bu belə də davam edəcək".
Keçmiş hərbi
xunta nümayəndələrinin
sərsəmləmələrinə xalq önəm vermir. Anlamağa başlayıblar ki, təhlükəsizliyə və
iqtisadi inkişafa regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət
verə bilməz. Eyni zamanda kommunikasiyaların
bərpasının Azərbaycan
və Hayastan arasında əlaqələrin
normallaşmasına xidmət
etməklə yanaşı,
iki ölkə üzərindən ticarət
və nəqliyyat daşımalarını əhəmiyyətli
dərəcədə artıracağını
da başa düşür.
Erməni siyasi
ekspert Nikol Levonyan deyib ki, Brüssel görüşündə aparılan
müzakirələr göstərir
ki, kommunikasiyaların
bərpası Hayastanın
xilası olacaq. İnsanlarla söhbətləri,
Brüsseldəki görüş
ətrafındakı mövcud
xəbərləri nəzərə
alaraq deyə bilərik ki, iki ölkə arasında sülh bu anda regionun
başlıca məsələsidir.
Bu sülhün sayəsində iqtisadi tərəqqinin şahidi olacağıq.
Göründüyü kimi, Prezident İlham Əliyev seçim üçün
Hayastanın siyasi rəhbərliyinə dəfələrlə
şans verib. Erməni ictimaiyyəti artıq başa düşür ki, Azərbaycanın təklifləri
ilə razılaşmasalar,
İrəvanın inkişaf
etməsi mümkünsüzdür
və ötən zaman bunu çox
aydın göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
18 iyul.- S.12.