Azərbaycan
humanist dövlətdir,
etibarlı dost, güclü tərəfdaşdır
Azərbaycan Prezidenti
Ukraynaya humanitar yardım edilməsi haqqında sərəncam imzalayıb. Bu bir tarixi ənənədir,
xeyirxahlıq nümunəsidir.
Min illərin yaddaşından süzülüb
gələn bu missiya böyüklük nümunəsidir.
Bu xeyirxahlıq
nə birincidir, nə də sonuncudur. Haqqın yanında olmaq, imkansıza əl tutmaq, yıxılanı qaldırmaq, xalqımızın
adəti, dövlətimizin
ən başlıca prinsipidir. Bu prinsip illərdir ki, dövlətimizin başçıları tərəfindən
ənənəvi şəkildə
yaşadılır, bir
örnək kimi gələcək nəsillərə
ötürülür. Bu
prinsip dövlətin müstəqil siyasətinin,
bitərəfliyinin, həm
də öz tutduğu mövqeyə sədaqətin nümunəsi,
Azərbaycanın kimliyinin
göstəricisidir.
Rusiya-Ukrayna müharibəsi
başlanan ilk gündən Azərbaycan dövləti prinsipial mövqeyi, ənənəsinə
sədaqət davranışı
ilə fərqlənir.
Ölkəmiz ilkin mərhələdə Ukraynaya
humanitar yardım olaraq 5 milyon avro (5,6 milyon dollar) dəyərində dərman və tibbi avadanlıq göndərmişdi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından dərhal
sonra tviter hesabında məlumat vermişdi. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən
Ukraynadakı bütün
yanacaqdoldurma məntəqələrində
təcili yardım və yanğınsöndürən
maşınların pulsuz
yanacaqla təmin edilməsi barədə tapşırıq verdiyini
bəyan etmişdi. Azərbaycandan Ukraynaya tibbi yardım aparan ilk təyyarə
Varşava Hava Limanına eniş etmişdi…
Beləliklə, Rusiya-Ukrayna
müharibəsi fonunda
Azərbaycan xarici siyasətdə ölkənin
1990-cı illərin ortalarında
qəbul etdiyi balanslaşdırılmış yanaşmanı saxlamaqda davam edir. Halbuki
Rusiya-Ukrayna savaşından
az öncə Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər etmiş, dövlət başçıları müttəfiqlik
haqqında Moskva bəyannaməsini imzalamışdılar.
Bundan sonra Azərbaycanın bütün
kritik beynəlxalq məsələlərdə birmənalı
olaraq Rusiyanın yanında olacağı gözlənilən olsa da, Azərbaycan tam fərqli olaraq konkret mövqe sərgiləmişdi.
Eyni zamanda müharibə başlamazdan
cəmi bir ay əvvəl Prezident İlham Əliyev postsovet məkanından (Baltikyanı
ölkələr istisna
olmaqla) Kiyevə səfər edən yeganə lider oldu. Prezident orada ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair
bir sıra saziş imzaladı, Azərbaycanın Ukraynanın
ərazi bütövlüyünü
və suverenliyini dəstəklədiyini birmənalı
olaraq bəyan etdi.
Təbii ki, dövlətimizin başçısının
bu addımı beynəlxalq təşkilatlar,
dünyanın böyük
dövlətləri tərəfindən
sükutla qarşılana
bilməzdi və qalmadı da… ABŞ Prezidenti Cozef Bayden Amerika Birləşmiş Ştatları
və Azərbaycan Respublikası arasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi
münasibətilə Prezident
İlham Əliyevə
göndərdiyi məktubda
xüsusi olaraq qeyd etmişdi: "Bütün dünyada enerji təhlükəsizliyinin
təmin olunmasında
mühüm dönüş
nöqtəsini yaşadığımız
bir dövrdə biz həm də
təmiz enerjiyə keçidlə bağlı
uzunmüddətli öhdəliklərimizi
təmin etmək məqsədilə zəruri
investisiya və dəyişikliklər edirik.
Enerji təhlükəsizliyi
ilə bağlı məqsədlərimizə çatmaq
üçün şaxələndirmə
heç vaxt olmadığı qədər
əhəmiyyətlidir və
Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır.
Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi
baxımından trans-Xəzər
əməkdaşlığının nəhəng potensialının
reallaşdırılmasında mühüm əhəmiyyətə
malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə
və Ukrayna üçün mühüm
olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin
sabitləşdirilməsinə kömək etməkdə
həlledici rol oynayır".
Xatırladaq ki,
Azərbaycan Qərb ölkələrinin Rusiyaya
qarşı sanksiyalarına
da qoşulmayıb. Ancaq Ukraynaya ardıcıl şəkildə
tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət humanitar yardımlar göndərib
və bu cür yardımlar artıq mütəmadi xarakter daşıyır. Ukraynanın Nova Kaxovka su anbarında partlayış baş verən zaman Ukrayna tərəfindən
daxil olmuş müraciət nəzərə
alınaraq, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı ilə
tullantı sularını
vurmaq üçün
bu ölkəyə tutumu 400 kubmetr olan iki ədəd
VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri
200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri,
şlanqlarla birlikdə
10 motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 qızdırıcı
fen, 20 sukeçirməyən
gödəkçə, hər
birindən 40 dəst olmaqla yay və
qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt
uzun balıqçı
çəkməsi, 9 rezin
kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici göndərilmişdir.
Prezident İlham
Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə
imzaladığı növbəti
sərəncamdan göründüyü
kimi, daha 7,6 milyon manatlıq elektrik avadanlığı
alınaraq Ukraynaya göndəriləcək.
Azərbaycan bunu
bir borc olaraq, yaxud görk
üçün etmir.
Humanizm Azərbaycan xalqının yaşam tərzi, dövlətimizin
başlıca prinsipi olduğu üçün
edir. Heç təsadüfi deyil ki, Azərbaycanın qətiyyətli mövqeyi,
prinsipiallığı onun
artan beynəlxalq nüfuzuna durmadan təsir edir. Azərbaycan bunu hamımızın olan dünya üçün edir. Bu xüsusiyyəti
isə Azərbaycana dövlətlərarası beynəlxalq
münasibətlərin tənzimlənməsində
etibarlı vasitəçi
imici formalaşdırır.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
19 iyul.- S.7.