Olena
Kondratyuk: “Dost Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam
edir”
Dost ölkə
olan Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə
davam edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ukraynaya elektrik avadanlıqları alınması və göndərilməsi məqsədilə
7,6 milyon dollar ayrılmasına dair Fərman imzalayıb. Bu, artıq Ukrayna üçün qiymətli yardımın növbəti partiyasıdır.
Bu barədə
Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk bildirib.
Olena Kondratyuk qeyd edib ki,
ötən ilin sonunda Azərbaycan Ukraynanın ehtiyacları üçün 45 transformator
və 50 güclü generator göndərib. Həmin vaxt göstərilən yardımın
ümumi məbləği
isə 17,5 milyon dollardan artıq olub.
Azərbaycan, həmçinin
müalicə üçün
onlarla ukraynalı uşağı qəbul edib və İrpendə
Rusiyanın müdaxiləsi
nəticəsində dağıdılmış
Zərifə Əliyeva
adına 12 saylı orta məktəbi tam bərpa edib.
O.Kondratyuk Ukraynaya humanitar yardım göstərilməsi üzrə səylərinə və dəyişməz mövqeyinə görə rəsmi Bakıya səmimi-qəlbdən təşəkkür edib. O vurğulayıb: “Azərbaycanın lideri İlham Əliyev humanitar yardımın yeni partiyasına vəsait ayrılmasına dair qərarı ilə ölkələrimiz arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdi. Bu, Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən daha çox etibarlı və sistemli dəstəyə ehtiyacı olduğu bir vaxtda çox vacibdir. Cənab Prezident, sağ olun!”
Azərbaycan.-2023.- 19 iyul.- S.7.