Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq
portalının təqdimatı
olub
İyulun 18-də Nazirlər
Kabinetində Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyasının
monitorinq portalının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Nazirlər
Kabineti Aparatının
rəhbəri Rüfət
Məmmədov iclasda çıxış edərək
Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”
barədə söz açıb. Bildirib ki, Strategiyada müəyyən edilmiş
beş prioritet üzrə genişmiqyaslı
tədbirlərin görülməsi
nəzərdə tutulur.
Sonra Aparat rəhbəri Azərbaycan
Prezidentinin 2022-ci il 16
noyabr tarixli Sərəncamı ilə
qəbul olunan işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı üzrə görülən işlər
və həyata keçiriləcək tədbirlər
barədə məlumat
verib. Qeyd edib ki, bu
Sərəncamla Nazirlər
Kabinetinə Dövlət
Proqramında nəzərdə
tutulmuş tədbirlərin
icrasına nəzarətin
və hesabatlılığın
həyata keçirilməsi,
eləcə də nəzərdə tutulmuş
tədbirlərin icra vəziyyəti barədə
ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb.
Həmçinin Sərəncamda
Dövlət Proqramında
nəzərdə tutulmuş
tədbirlərin icrasının
monitorinqinin və qiymətləndirilməsinin Nazirlər
Kabinetinin sifarişinə
əsasən, İqtisadi
İslahatların Təhlili
və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən
həyata keçirilməsi
qeyd olunub.
Diqqətə çatdırılıb
ki, bu Strategiyanın
həyata keçirilməsi
məqsədilə Nazirlər
Kabinetinin iki sərəncamı olub. Sərəncamlarda Strategiyanın
həyata keçirilməsi
ilə bağlı institusional monitorinq, qiymətləndirmə və
bir sıra digər məsələlər
tənzimlənir. Proqram
çərçivəsində işlərin gedişinə
nəzarətin səmərəli
təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa
dair Dövlət Proqramının icrasına
nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması
tapşırılıb. Monitorinq,
qiymətləndirmə və
nəzarət xüsusi
yaradılmış portal
üzərindən həyata
keçiriləcək, görülən
bütün işlərlə
bağlı məlumatlar
portalda yerləşdiriləcək.
Verilən məlumatlar
əsasında qiymətləndirmələr
aparılacaq, görülən
işlərin gedişatı
müzakirə ediləcək.
Eyni zamanda, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən
işlərin nəticələrinə
dair dövlətimizin
başçısına hesabat
təqdim olunacaq.
Sonra İİTKM-in
icraçı direktoru
Vüsal Qasımlı
azerbaijan2030.gov.az portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə
çatmaq məqsədilə
Strategiyada 2022-2026-cı illər
üçün 10 Məqsəd
müəyyənləşdirilib. Bu məqsədlərə
çatmaq üçün
20 əsas hədəf
indikatoru təyin edilib. Strategiyanın təsviri məlumatlarının
əks olunduğu üçüncü bölmədə
nailiyyətlərin qiymətləndirilməsinə
imkan verən digər indikatorlar hazırlanıb. Strategiyanın
“Tədbirlər Planı”
bölməsində 65 fəaliyyət
istiqamətinin 269 tədbiri
üzrə 261 ilkin nəticə, 328 aralıq
nəticə və
162 yekun nəticə indikatorları olmaqla toplam 751 indikator qeyd edilib. Əsas
hədəf indikatorları
üzrə monitorinq Strategiyanın icrasına başlandığı müddət
ərzindən davamlı
olaraq həyata keçiriləcək və
2026-cı il üçün
qarşıya qoyulmuş
hədəf göstəricilərinə
nail olunmasında əsas yolgöstərici kimi çıxış edəcək.
“2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının
monitorinq Portalı”ından
istifadə qaydalarının,
həmçinin hesabatlılığın
təmin edilməsi məqsədilə Strategiyada
nəzərdə tutulmuş
tədbirlərin əsas
icraçısı müəyyən
edilmiş 33 qurumun
100-ə yaxın nümayəndəsinə
təlimlər keçirilib.
Həmçinin Portaldan
istifadəyə dair istifadəçi təlimatı
və videotəlimat hazırlanıb. Nəzərdə
tutulmuş tədbirlərin
tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
məqsədi ilə
8 işçi qrup formalaşdırılır.
Monitorinqin aparılmasının
əsas məqsədlərindən
biri də tədbirlərin icrası
zamanı müvafiq tövsiyələrin təmin
edilməsi ilə görüləcək işlərin
səmərəli həyata
keçirilməsinə dəstək
verməkdir. Belə ki, monitorinqdən əldə olunan nəticələr əsasında
tədbirlərin icrası
zamanı yaranan problemlər və bu problemlərin həlli ilə bağlı önləyici
addımlar müəyyən
edilir. Strategiyada nəzərdə tutulmuş
tədbirlərin icrası
zamanı nəticələrin
izlənilməsi, inkişaf
məqsədlərinə çatılmasında
əvvəlcədən boşluqların
müəyyən olunması
və preventiv addımların atılması
məqsədilə monitorinq
nəticələri əsasında
müvafiq tərəqqi
hesabatı tərtib olunacaq.
Monitorinqin aparılması
məqsədilə əsas
və digər icraçı qurumların
iştirakı ilə
2022-2026-cı illəri əhatə
edən əsas hədəf indikatorları
üzrə illik hədəf göstəriciləri
müəyyənləşdiriləcək.
Bununla yanaşı, Tədbirlər Planında
müəyyən edilmiş
nəticə indikatorları,
hədəf göstəricilər
müvafiq əsas və digər icraçı qurumların
birgə iştirakı
ilə illik olaraq tərtib olunacaq. Monitorinq hesabatında qeyd olunan nəticə indikatorları üzrə
görülmüş işlər
barədə məlumatlar
təsviri formada təqdim edilir. İndikator cədvəli uğurun ölçülməsində
göstəricilər ortaya
qoymaqla Strategiya üzrə hədəflərə
çatılması nəticələrinin
müəyyənləşdirilməsinə
kömək edir.
Strategiyanın təsirinin qiymətləndirilməsi metodologiyası “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, 2025-ci ildə 2022-2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022-2026-cı illərdə görülmüş işlərin təsirini qiymətləndirmək üçün aparılacaq. Qiymətləndirmənin aparılmasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effektivlik, uyğunluq, səmərəlilik, davamlılıq və təsir kriteriyaları əsas götürülməklə qiymətləndirmə sualları tərtib olunacaq.
Azərbaycan.-2023.- 19 iyul.- S.8.