Qərbi
Azərbaycan İcması
Ermənistandan ətraf
mühiti bilərəkdən
çirkəndirməyə son qoymağı tələb edib
Qərbi Azərbaycan
İcması Ermənistan
hökumətinin bu ölkədən qovduğu
azərbaycanlıların geri
qayıdacağı gözlənilən
əraziləri qəsdən
yaşanmaz hala gətirməyə yönəlmiş
məqsədyönlü, mənfur
səylərini dərhal
dayandırması və
nəticələrini aradan
qaldırması üçün
beynəlxalq ictimaiyyəti
təcili olaraq qətiyyətli addımlar
atmağa və Ermənistana maksimum təzyiq göstərməyə
çağıran bəyanat
yayıb.
Bu barədə
AZƏRTAC-a İcmanın mətbuat
xidmətindən məlumat
verilib.
Bəyanatda deyilir:
“Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin bu ölkədən qovduğu
azərbaycanlıların geri
qayıdacağı gözlənilən
əraziləri qəsdən
yaşanmaz hala gətirməyə yönəlmiş
məqsədyönlü, mənfur
səylərini dərhal
dayandırması və
nəticələrini aradan
qaldırması üçün
beynəlxalq ictimaiyyəti
təcili olaraq qətiyyətli addımlar
atmağa və Ermənistana maksimum təzyiq göstərməyə
çağırırıq.
Ermənistan Azərbaycan
ərazilərinin işğalı
zamanı azərbaycanlıların
qovulduğu şəhər,
qəsəbə və
kəndlərin demək
olar ki, hamısını dağıdıb,
onların geri qayıtmamaları üçün
həmin ərazilərdə
bir milyondan çox mina basdırıb”.
Eyni zamanda, qeyd edilib ki,
Ermənistan hökumətinin
siyasətində azərbaycanlılara
qarşı dərin kök salmış etnik nifrət hətta Ermənistanın
azərbaycanlıların qayıtmaları
nəzərdə tutulan
ərazilərini qəsdən
ekoloji fəlakətlər
törədərək viran
etmək kimi ifrat yollara əl
atmağa hazır olmasından aydın görünür.
Məsələn, Qacarandakı
Zəngəzur Mis-Molibden
Kombinatı və Qafandakı mədən kombinatı tərkibində
xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən
tullantıları buraxır.
Bu çirklənmə
Azərbaycana doğru
axan Oxçuçay və Araz çaylarına
birbaşa təsir edərək, bölgədəki
icmaların sağlamlığını
və rifahını təhlükə altına
qoyur.
Bundan başqa,
Əkərək (Agarak)
Mis-Molibden Kombinatı
Kərçivançay vasitəsilə
Araz çayını
tərkibində ağır
metallar olan mədən tullantıları
ilə çirkləndirir.
Göyçə (Geğarkunik)
Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiricilər
buraxaraq havanın çirklənməsinə və
turşu yağışlarına
səbəb olur. Mədənin yaxınlığında
yerləşən Zod
çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirklənmişdir. Bu
misallar Ermənistanın
dağıdıcı mədənçilik
təcrübələrinin məhz azərbaycanlıların
vaxtilə sıx məskunlaşmış olduqları
ərazilərdə cəmləşdirilməsinin
bariz sübutudur.
Ermənistan hökumətinin
təbiətə qarşı
bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların
geri qayıtmasının
qarşısını almaq
və etnik təmizləmə siyasətini
davam etdirmək üçün hüquqi
və mənəvi baxımından nə dərəcə aşağı
səviyyəyə düşməyə
hazır olduğunu üzə çıxarır.
“Biz beynəlxalq
ictimaiyyəti Ermənistanın
ətraf mühitin mühafizəsi sahəsində
beynəlxalq konvensiyalar
üzrə öhdəliklərinə
zidd olan bədxah əməllərinə
qarşı qətiyyətli
addımlar atmağa çağırırıq. Bu
mədənlər və
zavodların azərbaycanlıların
zorla qovulduğu ərazilərdə qəsdən
cəmləşdirildiyini vurğulamaq
zəruridir. Bu, Ermənistanın etnik təmizləmə siyasətini
bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini
pisləməli və
ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına
təhlükə yaradan,
azərbaycanlı qaçqınların
təhlükəsiz qayıtmasına
mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal
dayandırmağı tələb
etməlidir.
Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud pozuntuları aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik”, - deyə bəyanatda qeyd olunub.
Azərbaycan.-
2023.- 19 iyul.- S.10.