Şeyxülislam:
Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə
hər zaman diqqət və qayğı ilə yanaşıb
Məhərrəm ayının
başlanması ilə
əlaqədar iyulun
18-də Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) iclas keçirilib.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin
sədri, şeyxülislam
Allahşükür Paşazadə
bu ayın Vətən müharibəsi
şəhidlərimizin anılması
üçün müqəddəs
məqam olduğunu diqqətə çatdırıb.
Şeyxülislam Vətən
müharibəsində Qələbəmizin
əsas qüvvətverici
amillərinin dövlət-xalq
birliyi, ölkə Prezidentinin ətrafında
sıx birləşmək,
cəmiyyət daxilində
milli və dini həmrəylik olduğuna diqqət çəkib. QMİ sədri
bu dəyərlərin
qorunmasının gələcək
zəfərlərə doğru
addımlamağımız üçün önəmli
olduğunu bildirərək
din xadimlərinin üzərinə düşən
mənəvi vəzifələri
xüsusi xatırladıb.
“Dövlət-din münasibətlərinin
yüksək səviyyəsinin
təməlini qoyan, bu il anadan
olmasının 100-cü ildönümünü
qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə
hər zaman diqqət və qayğı ilə yanaşıb. Ümummilli
Liderin başlatdığı
ali mənəviyyat yolu bu gün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən
yüksək səviyyədə
davam və inkişaf etdirilir”, - deyə şeyxülislam vurğulayıb.
Tədbirdə Ulu
Öndərin milli-mənəvi
dəyərlərə ehtiramını
əks etdirən film nümayiş etdirilib.
Toplantıda QMİ Qazılar
Şurasının Məhərrəm
ayının başlanması
ilə əlaqədar
müraciəti oxunub və qəbul olunub.
İclasda təşkilati
məsələlərə baxılıb. QMİ Qazılar
Şurasının tərkibində
dəyişikliklər edilib,
vəfatı, səhhəti
və ya səlahiyyət müddətinin
başa çatması
ilə əlaqədar
3 nəfərin səlahiyyətli
nümayəndə, 3 nəfərin
isə qazı olaraq fəaliyyətinə
xitam verilib. Qazılar Şurasına 7
nəfər yeni qazının və
QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin
təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin edilib.
Daha sonra şeyxülislam A.Paşazadə
QMİ-nin dinlərarası
dialoq və əməkdaşlıq müstəvisində
xalqımızın, dövlətimizin
maraq və mənafelərinə xidmət
etmək üçün
həyata keçirdiyi
görüş və
tədbirlər barədə
din xadimlərinə məlumat verib. Bildirib ki, dünyada
ölkəmizə olan
etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin
uğur və qələbələridir. Eyni
zamanda, İdarənin
Ümumdünya Kilsələr
Şurasına ünvanlanmış
etiraz məktubu din xadimlərinin diqqətinə çatdırılıb.
İclasda çıxış
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərinə öz tövsiyələrini
bildirib. Onların Vətən müharibəsi
günlərində yüksək
vətənpərvərlik nümunəsi göstərdiklərini
xüsusi vurğulayan
komitə sədri Məhərrəmlik mərasimləri
dövründə də
dinimizin dəyərlərinin
insanlara çatdırılmasında
din xadimlərinin üzərinə düşən
məsuliyyəti xatırladaraq
xurafat elementlərinin
yer almaması üçün diqqətli
olmağı tövsiyə
edib. Komitə rəhbəri dini mərkəzin verdiyi qərar və dini hökmlərin təyinat üzrə çalışan din xadimləri üçün
icbari xarakter daşıdığını diqqətə çatdırıb.
İclasda imamların
sualları dinlənilib,
din xadimlərini maraqlandıran məsələlərə
şərh verilib.
Həmçinin iclasda Vətən uğurunda şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub.
Azərbaycan.-2023.- 19 iyul.- S.10.