424 nəfərin doğma torpaqlarında daimi məskunlaşması
təmin edilib
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə
keçmiş məcburi
köçkünlərin qayıdışı
davam edir. İyulun 18-də növbəti
köç karvanı
Bakı şəhərinin
Qaradağ rayonundakı
"Qobu park 3" yaşayış kompleksindən
yola salınıb. Bu mərhələdə Laçın şəhərinə
daha 18 ailə - 73 nəfər köçürülüb.
Bununla da, Laçın şəhərində
ümumilikdə 111 ailə,
yəni 424 nəfərin
daimi məskunlaşması
təmin edilib.
Laçın şəhərinə
köç bu il mayın 27-dən başlayıb. Belə ki, birinci mərhələdə
şəhərə 20 ailə,
yəni 97 nəfər
köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin
Qaradağ rayonunda məcburi köçkünlər
üçün salınmış
"Qobu park 3" yaşayış kompleksindən
yola salınıb. Beləliklə, otuz illik nisgilə, həsrətə son qoyulub. Laçına köçənlər duyğulanıb
kövrəlmişdilər. Amma bu sevincdən doğan bir hiss idi.
30 illik həsrət sona çatmışdır.
Laçına əzəli sahibləri ayaq basırdılar.
Mayın 27-dən
başlayaraq laçınlıların doğma yurdlarına
qayıdışı mərhələli şəkildə
davam edir. İyunun 14-də Bakı şəhərinin
Qaradağ rayonundakı "Qobu park 3" yaşayış
kompleksindən daha 22 ailə - 72 nəfər doğma
Laçına dönüşün sevincini
yaşamışdı. Laçın şəhərinə
köçürülən ailələr əsasən,
Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti
məskunlaşma yerlərində ən ağır şəraitdə
yaşayan məcburi köçkünlər arasından
seçilmişdi. Onlar Laçında vaxtilə
yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət
başçısının göstərişi əsasında
bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmışdır.
Daha sonra - iyunun 19-da isə 13 ailənin - 44
laçınlının köçürülməsi
baş tutmuşdu. İyunun 25-də daha 15 ailə - 53 nəfər, iyulun 13-də 23 ailə - 85 nəfər
Laçın şəhərində daimi məskunlaşmışdı.
Böyük
qayıdışın sevinc gözyaşları
Vətən
müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə
Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata
keçirilən sürətli yenidənqurma və bərpa
işləri keçmiş məcburi köçkünlərin
tezliklə yurdlarına qayıtmasına hesablanıb.
"Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nda əksini tapan
"İşğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdış" Milli Prioritetinin
icrasının təmin edilməsi məqsədilə "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair Dövlət
Proqramı"ı əzəli torpaqlara qısa müddətə
qayıdışı nəzərdə tutur.
Təsadüfi
deyil ki, 2023-cü ilin dövlət büdcəsinə əlavə
gəlirin daxilolmalarına görə yenidən baxılaraq
işğaldan azad olunmuş ərazilərin bərpasına
bir daha vəsait yönəldilib. Bu il üçün
Qarabağ və Şərqi Zəngəzurun bərpasına
ümumilikdə 12 milyard manata qədər vəsaitin xərclənməsi
nəzərdə tutulub.
Prezident İlham
Əliyev 2023-cü ilin 6 aylıq sosial-iqtisadi yekunlarına həsr
olunmuş müşavirədə bu məsələyə
toxunaraq qeyd etdi ki, büdcə dürüstləşməsindən
sonra iki əsas istiqamət götürüldü. Bu,
Qarabağın, Şərqi Zəngəzurun bərpası və
hərbi qüdrətimizin artırılması idi: "Birinci
istiqamətlə əlaqədar deyə bilərəm ki, hər
şey nəzərdə tutduğumuz planlardan daha sürətlə
icra edilir. Bütün güclərimizi səfərbər
etmişik. Artıq bu il Talış kəndinə və
Laçın şəhərinə keçmiş məcburi
köçkünlərin qayıtmasını təmin
etmişik. İlin sonuna qədər Laçın şəhərinin
Zabux və Sus kəndlərinə də keçmiş məcburi
köçkünlər qayıdacaqlar. Qayıdış
proqramı ardıcıllıqla aparılır və beləliklə,
ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə
- bir şəhər və dörd kəndimizdə vətəndaşlar
öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar".
Ümumilikdə,
Böyük qayıdış proqramının birinci mərhələsində
100 yaşayış məntəqəsinin yenidən
qurulması nəzərdə tutulur.
Prezident şəxsən
30 yaşayış məntəqəsinin - 8 şəhər,
22 qəsəbə və kəndin təməlinin
qoyulmasında iştirak etdiyini vurğulayaraq bildirib ki, Baş
planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə
fəal inşaat işləri aparılır. "...Mən
Laçın şəhərinin timsalında bunu deyə bilərəm
ki, cəmi səkkiz ay ərzində şəhərin böyük
hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən
çox ailə üçün burada həm fərdi evlər,
həm çoxmənzilli evlər hazırlanır.
Laçın şəhərinin gələcək inkişaf
planı ilə bağlı əlavə addımlar da
atılacaq", - deyə dövlət başçısı
qeyd edib.
İndiyədək
1000-ə yaxın sakin Qarabağ və Şərqi Zəngəzura
qayıdıb
Sürətli
quruculuq işləri sayəsində ötən ilin iyulun
19-da Şərqi Zəngəzurdan
başlanan Böyük qayıdış davam edir. İlkin mərhələdə
Zəngilan rayonunun Ağalı kənd sakinləri öz dədə-baba
yurdlarına qayıtdı, torpaq həsrətlərinə son
qoyuldu. Ötən ilin iyulundan bu ilin martın əvvəlinə
qədər ağalılılar mərhələli şəkildə
kəndlərinə köçdülər.
Mart ayında
baş tutan köç karvanı ilə Ağalıya
qayıdışın 3 mərhələsi tamamlandı. Beləliklə,
"ağıllı kənd" konsepsiyası əsasında
qurulmuş, sakinlərin yaşayışı
üçün hər bir şərait yaradılmış kənddə
86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin
olundu.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi tərəfindən
Ağalıya köçün dörd mərhələdə
həyata keçirilməsi planlaşdırılıb. Evlərin bölgüsü isə məcburi köçkünlərə
yeni yaşayış sahələrinin verilməsinin
hazırda qüvvədə olan qaydalar, şəffaflıq və
ədalətlilik prinsipləri əsasında püşkatma ilə
aparılır.
Şərqi Zəngəzurdan
sonra isə növbəti ünvana - Qarabağa əzəli
sahiblərinin köçünə başlanıldı.
Bu ilin mart
ayında bayram öncəsi Tərtərin Talış kəndinə
ilk qayıdış baş tutdu. İlkin mərhələdə
20 məcburi köçkün ailəsi Talışa
köçürüldü. Beləliklə, 30 il ərzində
Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən,
ağır şəraitdə, qəzalı vəziyyətdə
olan müvəqqəti məskunlaşma yerlərində
yaşayan 90 nəfər öz
el-obalarına qayıtdılar.
Talışa köçürülmənin də
növbəti mərhələlərdə davam edəcəyi
bildirilir. İllərin həsrətindən sonra Novruz
bayramı tonqalını Talış sakinləri öz əzəli
torpaqlarında qaladılar.
Artıq bir
neçə aydır yurda qayıdışın sevincini
yaşayanlar arasında laçınlılar da var. Hələ
ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya
kanallarına müsahibəsində Laçın şəhərində
geniş quruculuq-bərpa işləri getdiyini qeyd edərək
bu il şəhərə laçınlıların
qayıdacağı müjdəsini vermişdi. Dövlət
başçısı Laçının Zabux və Sus kəndlərinə
də köçün bu il olacağını
vurğulamışdı.
Birinci mərhələdə
Laçın şəhərində 500-ə yaxın fərdi
ev inşa edilir və ermənilər tərəfindən
dağıdılmış evlər yenidən bərpa olunur.
Çoxmərtəbəli səkkiz yaşayış
binası yenidən qurulur, ya tamamilə əsaslı təmir
olunur. 30-dan çox ictimai bina inşa edilir. İşlərin
ilin sonuna kimi yekunlaşması gözlənilir.
Zabux kəndində
1000-dən çox, Sus kəndində isə 300-dən
çox sakin yerləşəcəyi bildirilir. Eyni zamanda
birinci mərhələdə Güləbird kəndində
2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi
nəzərdə tutulur. Ümumilikdə, bu il və gələn
il Laçın rayonunda təqribən 10 minə yaxın
keçmiş məcburi köçkünün daimi məskunlaşacağı
planlaşdırılır.
Dövlət
başçısının xoş müjdəli xəbərinin
nəticələrinin may ayında şahidi olduq. Mayın 28-də
bayram bayrama qarışdı. Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, keçmiş məcburi
köçkünlərin bərpa edilən və yenidən
qurulan Laçın şəhərinə
qayıdışı başlandı.
Təbii ki, bu,
son deyil. İlin sonuna kimi Laçın şəhərinə
və kəndlərinə əzəli sahiblərinin
köçürülməsi davam edəcək. Nəinki
Laçına, Böyük qayıdış proqramına əsasən,
Qarabağ və Şərqi Zəngəzurun hər yerində
həyata keçirilən sürətli bərpa və yenidənqurma
işləri nəticəsində digər şəhər və
kəndlərə də qısa zamanda köçün
şahidi olacağıq. Bu isə ondan xəbər verir ki,
işğaldan azad olunmuş ərazilərin bərpası və
Böyük qayıdışa dair dövlət
proqramının icrası dövlətin ən ümdə
istiqamətidir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 19 iyul.- S.11.