"Özbəkistan Prezidenti həmişə dostu və qardaşı
Prezident İlham Əliyevlə təmaslardan
məmnunluq duyur"
Prezident İlham Əliyev Özbəkistanın Baş
nazirini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının
Baş naziri Abdulla Aripovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı bu
yaxınlarda Özbəkistan
Prezidenti ilə telefon danışığını
xatırlayaraq söhbət
zamanı Şavkat Mirziyoyevi seçkilərdə
inamlı qələbə
münasibətilə təbrik
etdiyini və əlaqələrimizin bütün
istiqamətlərdə müsbət
inkişaf dinamikasına
malik olmasından məmnunluq ifadə edildiyini bildirdi. Dövlətimizin başçısı
əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi
baxımından Özbəkistanın
Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin
əhəmiyyətini qeyd
etdi.
İkitərəfli münasibətlərin ildən-ilə
daha da inkişaf
etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də
əməkdaşlığın genişləndirilməsi ilə
bağlı yeni uğurlu layihələrin
icra olunacağına əminliyini bildirdi.
Abdulla Aripov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını Prezident İlham Əliyevə çatdırdı və
vurğuladı ki, Özbəkistan Prezidenti həmişə dostu və qardaşı Prezident İlham Əliyevlə təmaslardan
böyük məmnunluq
duyduğunu bildirir.
Dövlətimizin başçısı
salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə
çatdırmağı xahiş
etdi.
Abdulla Aripov Özbəkistanda keçirilmiş
seçkilərdən sonra
Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz
Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğuladı ki, bu da dövlət
başçıları və
ölkələrimiz arasında
dostluğun və qardaşlığın nümunəsidir.
Dövlətimizin başçısının
rəhbərliyi ilə
Azərbaycanın çox
böyük uğurlar
əldə etdiyini deyən Özbəkistanın
Baş naziri Bakının inkişafının
onlarda dərin təəssürat hissi yaratdığını dedi.
Qonaq Azərbaycanın
ərazi bütövlüyünün
bərpa olunmasının
əhəmiyyətini vurğuladı.
Görüşdə Prezident İlham Əliyevin Özbəkistana
dövlət səfəri
və bu səfər çərçivəsində
əməkdaşlığımızın
hərtərəfli inkişafı
ilə əlaqədar
müəyyən edilmiş
prioritet sahələr,
bu istiqamətdə görülmüş işlərin
nəticələrinin çox
müsbət olduğu
qeyd edildi, iqtisadi-ticarət, investisiyalar,
energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika,
sənaye sahələrində
yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulandı, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edildi.
Azərbaycan.-2023.- 20 iyul.- S.1.