Fransa
Senatına etiraz məktubu
Milli Məclisin
Azərbaycan-Fransa parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri deputat Soltan Məmmədov Fransa Respublikası Senatının sədri Jerar Larşeyə və Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə məktublar ünvanlayıb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
deputat məktubunda Senatın sədrinin Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü
barədə özünün
tvitter hesabından paylaşdığı məlumatın
Azərbaycan ictimaiyyətində
təəccüb və
ciddi narazılıqla
qarşılandığını ifadə edib. O, Jerar Larşenin Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Qarabağ bölgəsini Ermənistanla
birləşdirən Laçın
yolunun təcili açılması tələbinin,
habelə "Ermənistanın
təhlükəsizliyinin təminatı"
məqsədilə ona
Fransa tərəfindən
müdafiə xarakterli
silahların verilməsinin
sürətləndirilməsi yönündə çağırışının
regionda vəziyyəti
yenidən gərginləşdirmək
cəhdi kimi qəbul edildiyini bildirib.
Məktubda Fransa
Senatı sədrinin fikirlərinin ABŞ və
Avropa İttifaqı Şurasının vasitəçiliyi
ilə ölkələrin
bir sıra mübahisəli məsələləri
razılaşdırdığı, danışıqlar prosesində
əhəmiyyətli irəliləyişə
nail olunduğu vaxta təsadüf etdiyi təəssüflə
bildirilib. Baş tutmuş yüksəksəviyyəli
danışıqlarda Ermənistanın
və Azərbaycanın
BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata Bəyannaməsinə
sadiqliyini nümayiş
etdirərək, bir-birinin
ərazi bütövlüyünü
və suverenliyini tanıdıqlarını bəyan
etdikləri diqqətə
çatdırılıb. Cənubi
Qafqazda dayanıqlı
sülhün əldə
olunmasına böyük
ümidlər yarandığı
belə bir həssas dövrdə Fransanın yüksəkvəzifəli
dövlət nümayəndəsi
tərəfindən səsləndirilən
fikirlərin yeni mübahisələr və
gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmədiyi vurğulanıb.
Soltan Məmmədov
məktubunda Fransa Senatı sədrinin Laçın yolunun bağlı olması barədə fikirlərinin
həqiqəti əks
etdirmədiyini, İnsan
Hüquqları üzrə
Avropa Məhkəməsinin
bir neçə gün öncə qəbul etdiyi qərarında Ermənistanın
Laçın yolu ilə bağlı müvəqqəti təminat
tələbini rədd
etdiyini, məhkəmənin
nəzarət-buraxılış məntəqəsinin Laçın
yolu boyunca hərəkətə mane
olmadığına dair
qərarını, məhkəmənin
ölkəmizin 21 dekabr
2022-ci il tarixli qərarın tələblərini
pozduğunu müəyyən
etmədiyini diqqətə
çatdırıb.
Deputat Ermənistanın
iyunun 15-də Azərbaycan
hərbçisinin yaralanması
ilə nəticələnən
hərbi təxribatına,
habelə Ermənistan
tərəfinin Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin (BQXK) konvoylarından
qeyri-qanuni fəaliyyətlər
üçün sui-istifadə
etməklə müxtəlif
növ qaçaqmalın
keçirilməsi cəhdlərinin
aşkarlanmasına baxmayaraq,
Laçın sərhəd-gömrük
buraxılış məntəqəsi
vasitəsilə humanitar
yüklərin, fərdi
keçidlərin və
tibbi təxliyənin normal qaydada həyata keçirilməsi
üçün bütün
imkanların yaradıldığını
bildirib.
Daha sonra məktubda Ermənistanın
beynəlxalq konvensiyaların
tələblərini pozaraq,
Azərbaycan ərazisində
minalar basdırması,
nəticədə müharibədən
sonra işğaldan azad olunmuş ərazilərdə əksəriyyəti
mülki şəxs olmaqla, 300-dən çox insanın mina qurbanı olması barədə məsələyə
Fransanın bu günə qədər laqeyd münasibət sərgiləməsi təəssüflə
bildirilib.
Soltan Məmmədov
məktubunda Jerar Larşeyə Milli Məclisin Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri adından müraciət edərək, onu Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq
üçün mühitin
yaradılmasına heç
bir faydası olmayan, Azərbaycanla Fransa arasında dərin köklərə
malik və geniş spektri əhatə edən ikitərəfli münasibətlərə
zərər vuran addımlardan və təşəbbüslərdən çəkinməyə dəvət
edib.
Soltan Məmmədov
Senatın Fransa-Qafqaz dostluq qrupunun rəhbəri Alen Uperə ünvanladığı
məktubunda isə Fransa Senatı sədrinin fikirlərinin Azərbaycan cəmiyyətində
dərin anlaşılmazlıq
doğurduğu, Cənubi
Qafqazda dayanıqlı
sülhün əldə
olunmasına böyük
ümidlər yarandığı
dövrdə Fransanın
yüksəkvəzifəli dövlət nümayəndəsinin
səsləndirdiyi müharibəyə
və silahlanmaya çağırışların xalqlarımızın təhlükəsiz,
azad və firavan gələcəyinə
xidmət etmədiyi bildirilib.
Deputat son dövrlərdə Azərbaycanla
Fransa arasında bir çox sahələri əhatə
edən, xalqlarımızın
ortaq maraqlarından irəli gələn tərəfdaşlıq əlaqələrinin
zədələndiyini, hər
iki ölkənin parlamentlərində fəaliyyət
göstərən dostluq
qruplarının qarşılıqlı
etimad mühitinin bərpa olunması üçün səylərini
bundan sonra da davam etdirməsinin
vacibliyini qeyd edib. Soltan Məmmədov
senatorun Fransa ilə Azərbaycan arasında dərin tarixi köklərə malik əlaqələri yüksək qiymətləndirdiyini
bildiyini, onun bütün imkanları səfərbər edərək,
Fransa ictimaiyyətinə,
Senat rəhbərliyinə
və üzvlərinə
Azərbaycanın haqlı
və ədalətli mövqeyini çatdırmaq
üçün əlindən
gələni edəcəyinə
dair əminliyini ifadə edib.
Məktubun sonunda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri belə bir həssas dövrdə beynəlxalq ictimaiyyətdən, müxtəlif ölkələrin yüksək dövlət vəzifələri tutan, ictimai rəyə təsir imkanlarına malik olan siyasətçilərdən, o cümlədən fransalı siyasətçilərdən gözləntilərin müharibəyə çağırışlar deyil, sülh, əməkdaşlıq və birgəyaşayış formulunu tapmağa yardım etmək olduğunu diqqətə çatdırıb.
Azərbaycan.-2023.- 20 iyul.- S.13.