"Bu gün Böyük qayıdış
dediyimiz prosesə start verildi". 2022-ci il mayın 27-də Müstəqillik Günü
ərəfəsində Zəngilanın
Ağalı kəndindən
bu böyük müjdəni xalqımıza
çatdıran Prezident
İlham Əliyev çox tezliklə yüzminlərlə keçmiş
məcburi köçkünümüzün
yurd həsrətinin sona yetəcəyinin xoş xəbərini verdi...
Dövlət başçısı
həmin əlamətdar
gündə Ağalı
kəndində "ağıllı
kənd" layihəsinin
birinci mərhələsi
üzrə açılış
mərasimində yurd sevincli ağalılılarla
görüşdü, bir
daha qürurla söylədi ki, "Böyük qayıdışın
birinci kiçik addımı, bax bu gün atılır".
Tariximizin ən
möhtəşəm səhifələrindən
birini çevirdiyimiz
2022-ci il iyulun 19-da isə vaxtilə Ağalıdan zorla didərgin salınan insanlarımız bayram coşqulu köç karvanlarıyla torpaqlarına
döndülər.
Budur, artıq bir ildir ki,
Ağalıda xoşbəxt
yaşam davam edir. Kənd sakinləri od-ocaqlarını
yenidən qalayıb, çörək ətirli
yurdlarını şən
uşaq sədaları
bürüyüb, ən
əsası isə onilliklərin ardından bu torpaqda yeni
körpə doğulub...
Bir sözlə,
Ağalıya doğma
hənir, həyat qayıdıb...
Qürurla verilən
vəd qətiyyətlə
gerçəkləşdirilir
2020-ci il mayın
28-də - elə yenə
də Müstəqillik
Günündə Prezident
İlham Əliyev keçmiş məcburi köçkünlər üçün
salınmış "Qobu
Park-3" yaşayış kompleksinin açılışındakı
çıxışında bir məqamı xüsusi vurğulamışdı:
"Bütün Azərbaycan
xalqı bilməlidir ki, bu, sizin
üçün müvəqqəti
yaşayış yeridir.
Torpaqlarımız işğaldan
azad ediləndən sonra biz bu
gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər
tikəcəyik, ermənilər
tərəfindən dağılmış
şəhərlərimizi yenidən
quracağıq".
Üzərindən cəmi
bir neçə ay keçdikdən sonra, o böyük gün yetişdi və Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında
rəşadətli Azərbaycan
Ordusu Vətən müharibəsində cəmi
44 gün ərzində
düşmən üzərində
parlaq zəfər çalaraq torpaqlarımızın
30 illik işğalına
son qoydu.
Qalib lider İlham Əliyev yüzminlərlə yurd həsrətində olanlara
"əziz keçmiş
köçkünlər, siz
artıq köçkün
deyilsiniz" müjdəsini
isə Vətən müharibəsindən cəmi
bir gün sonra verdi, onları
qayıdış xəbəri
ilə sevindirdi.
Vədinə, sözünə
sadiq olan dövlət başçısı
Vətən müharibəsindən
dərhal sonra işğaldan azad edilən ərazilərdə
quruculuq və bərpa işlərinə,
Böyük qayıdışa
hazırlığa start
verdi.
"Keçmiş köçkünlər
üçün elə
bir məkan qurmalıyıq ki..."
Qarabağa və
Şərqi Zəngəzura
Böyük qayıdışı
milli prioritet elan edən qurucu lider İlham
Əliyev bu torpaqlara yenidən həyatın qaytarılması
üçün böyük
səy və əzm göstərir. Məhz buna görədir ki, qısa müddət ərzində xalqımız
Qarabağ və Şərqi Zəngəzurda
yeni-yeni quruculuq və qayıdış zəfərlərinin sevincini
yaşayır.
30 illik işğal
dövründə Ermənistan
tərəfindən viran
qoyulan, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu yerlər indi nəhəng tikinti-quruculuq meydanına çevrilib.
Qarabağ və
Şərqi Zəngəzurda
ilk öncə irimiqyaslı infrastruktur layihələri icra olunmağa başlanıb.
Azərbaycan dövləti
tərəfindən bu
yerlərə qayıdış
üçün mühüm
layihələr həyata
keçirilir, yeni yollar, tunellər
çəkilir, elektrik
stansiyaları tikilir. Bu istiqamətdə görülən mühüm
işlərdən biri
də beynəlxalq hava limanlarının istifadəyə verilməsidir.
Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib başa çatdırıldı. Ötən
il oktyabrın 20-də
Zəngilan Beynəlxalq
Hava Limanının açılış mərasimi
keçirildi. Laçın
Beynəlxalq Hava Limanının isə qarşıda istifadəyə
verilməsi planlaşdırılır.
"Keçmiş köçkünlər
üçün elə
bir məkan qurmalıyıq ki, bu, 30 il həsrətlə
yaşayanlar üçün
təsəlli olsun, onlar buna layiqdirlər",
- söyləyən Prezident
İlham Əliyev bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 30 yaşayış
məntəqəsinin - 8 şəhər,
22 qəsəbə və
kəndin təməlini
qoyub.
Görülən sürətli
və kompleks işlərin nəticəsidir
ki, artıq ötən ildən etibarən Böyük qayıdışa start verilib.
Böyük qayıdış
köçü ilə
doğma yurda yetişən ilk bəxtəvər sakinlər
Vətən müharibəsindəki
parlaq zəfər sayəsində Qarabağa,
Şərqi Zəngəzura
sarı yol alan Böyük qayıdış köçü
ilə vətənə
varan ilk bəxtəvərlər isə
Zəngilanın Ağalı
kəndinin sakinləri
oldular.
2022-ci il iyulun
19-dan etibarən Zəngilanın
Ağalı kəndinə
əhalinin dörd mərhələdə köçürülməsinə
start verildi. Həmin gün bir qərinəlik ayrılıqdan sonra ağalılılar öz
yurdlarına yenidən
qovuşdular, ana torpaqlarına salam verdilər. O gün xalqımız Ağalıya
dönən bu insanların timsalında yurd həsrətindən qurtulanların necə ilahi hisslər yaşadığının şahidi
oldu, onların qəhərqarışıq sevincinə
qoşulub xoşbəxtlikdən
gözyaşı axıtdılar...
Xilaskar lider İlham Əliyev 2022-ci il oktyabrın 19-da - azadlığının ikinci
ili ərəfəsində
Zəngilana yollanaraq ağalılı sakinlərlə
öz evlərində
görüşdü, onların
qonağı oldu. Ağalılıların qayıdış
sevincini bölüşən
Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza ilk gələn uşaqlarımızla
söhbəti əsnasında
vurğuladı ki, sizin burada olmağınız
onu göstərir ki, biz azad
edilmiş torpaqları
tezliklə abadlaşdıracağıq
və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər
öz dədə-baba
torpaqlarına qayıdacaqlar,
burada qurub-yaradacaqlar, yaşayacaqlar, uşaqlarını
böyüdəcəklər.
"Zəngilanın Ağalı kəndində
uşaqların baxışlarını,
gülüşlərini görəndə
vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə
eşidiblər, valideynlərindən,
babalarından, nənələrindən
eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir
və əminəm ki, bizim keçmiş
köçkünlərimizin hamısı qayıdacaq",
- deyə sonradan Prezident İlham Əliyev Ağalıdakı
o unudulmaz günlə
bağlı fikirlərini
bölüşmüşdü.
"Ağıllı kənd"də əbədi
yaşam
Ağalıda "ağıllı
kənd" layihəsinin
təməli 2021-ci ilin
aprelində dövlət
başçısı tərəfindən
qoyulub və burada sakinlər üçün ən müasir həyat şəraiti yaradılıb. Burada müasir şəhərsalma
standartları tətbiq
olunub və küçələrin "ağıllı"
işıqlandırılması, isti və soyuğadavamlı
ekoloji evlərin inşası, məişət
tullantılarının idarə
olunması, günəş
panellərinin quraşdırılması
kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
"Ağıllı kənd"də innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli
4 qeyri-yaşayış binası,
360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib.
Növbəti mərhələ
çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulub.
"Ağıllı kənd" konsepsiyası
ilə yenidən qurulmuş Ağalı kəndində ötən
ilin yayından etibarən üç mərhələdə 86 ailə
- 420 nəfər məskunlaşıb.
Ağalıya köçün
dörd mərhələdə
həyata keçirilməsi
planlaşdırılıb.
Qayıdışın ilk ünvanı olan Ağalıdan sonra sakinlərinə qovuşmaq xoşbəxtliyi
Tərtərin Talış
kəndinin payına düşdü. Talışlılar
bu ilin mart
ayının 16-da yurdlarına
dönərək Novruz
bayramını doğma
kəndlərində qarşıladılar.
İlkin mərhələdə
20 məcburi köçkün
ailəsi - 90 nəfər
kəndə qaytarıldı.
Həmin ayın
18-də Talış kəndinə
səfər edən dövlət başçısı
İlham Əliyev Novruz tonqalını bu torpaqda alovlandırdı,
xalqımıza bayram təbriklərini də Qarabağdan çatdırdı.
Qayıdışın növbəti ünvanı
isə Şərqi Zəngəzur oldu, dağların qoynunda yerləşən əsrarəngiz
Laçın şəhərinə
ilk 20 ailə qaytarıldı.
28 May Müstəqillik
Günündə Laçın
şəhərinə qayıdan
əhali ilə görüşüb, evlərin
açarlarını onlara
təqdim edən dövlət başçısı
İlham Əliyev dedi ki, bu
gün ikiqat bayramdır: "Çünki
bu gün Laçın şəhərinin
sakinləri uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıdıblar
və bu münasibətlə həm
sizi, həm də bütün Azərbaycan xalqını
təbrik etmək istəyirəm".
Laçın şəhərinə
doğma sakinlərinin
qayıdışı mərhələli
şəkildə davam
edir. Ümumilikdə indiyə qədər 111 ailənin, yəni 424 nəfərin bu yurdda daimi məskunlaşması
təmin edilib.
İlin sonuna qədər Laçın
şəhərinin Zabux
və Sus kəndlərinə də
keçmiş məcburi
köçkünlərin qaytarılması
planlaşdırılır.
"Mən onlar
qədər xoşbəxtəm"
Xalqımızın həyatında qürurla dolu əngin üfüqlər açan
parlaq zəfər illər boyu əziyyət, mənəvi
əzab içində
yaşamış keçmiş
məcburi köçkünləri
vətəndə qəribçilikdən,
"məcburi köçkünlük
yükü"ndən azad
edib.
Qurucu lider İlham Əliyevin şəxsi səyləri
sayəsində indi onlar bir-bir öz
torpaqlarına dönür
və orada cəbrayıllı, zəngilanlı,
füzulili, qubadlılı,
şuşalı, ağdamlı,
kəlbəcərli, laçınlı
olaraq bəxtəvər
günlərə qanad
açırlar...
Bu vətəndaşlarımızın
tükənməz yurd
sevincini görmək isə bütövlükdə
Azərbaycan xalqının
hər bir üzvünün, sıravi
vətəndaşımızdan tutmuş, dövlətin ən ali şəxsinə
qədər hər kəsin elə onların özü qədər xoşbəxtliyinə
vəsilə olub. Necə ki dövlət
başçısı İlham
Əliyev bununla bağlı kövrək hisslərini dilə gətirib: "Mən onlar qədər xoşbəxtəm, yəni
onlardan fərqlənmirəm".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
20 iyul.- S.10.