Narkomaniya dünyanın
ən aktual problemlərindən biri kimi qalmaqda davam
edir. Təəssüf
ki, son zamanlar
hətta yeniyetmələr
arasında narkotik vasitələrdən istifadə
halları müşahidə
olunur. Bunun qarşısını almaq
üçün ailə,
məktəb və mütəxəssislərin üzərinə
böyük yük düşür.
Bəs bu bəlanın qarşısını
almaq üçün
nə etməli, övladlarımızı necə
qorumalıyıq? Bu və bu kimi
suallarımıza cavab
tapmaq üçün
mütəxəssislərə müraciət etdik.
Əsas səbəb
valideyn nəzarətsizliyidir
İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin nümayəndəsi,
həkim-nevroloq Könül
İsmayılova bildirir
ki, şəxsiyyətin
formalaşması üçün
cəmiyyət önəmli
əhəmiyyət kəsb
edir. Lakin bununla yanaşı, ailə mühiti və ailə tərbiyəsinin insanın
sonrakı fəaliyyətindəki
rolu da böyükdür:
"Bəzən gənclərin
arzuolunmaz yollara düşməsinin əsas
səbəbi valideynlərin
nəzarətsizliyi və
mənfi mühitdir. Rəqəmsal texnologiyaların
geniş istifadə olunduğu bir dövrdə, təəssüf
ki, bəzən ailələrin uşaqlar üzərində nəzarəti kifayət
qədər mümkün
olmur", - deyə mütəxəssis bildirib.
K.İsmayılova qeyd
edir ki, uşaqlar və yeniyetmələr arasında
narkomaniyanın qarşısının
alınması istiqamətində
mütəmadi tədbirlər
görülür: "Narkotik
vasitələrin, psixotrop
maddələrin və
onların prekursorlarının
qanunsuz dövriyyəsinə
və narkomanlığa
qarşı mübarizəyə
dair 2013-2018-ci illər
və
2019-2024-cü illər üçün Dövlət
Proqramı"nın həyata
keçirilməsi üzrə
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
Tədbirlər Planına
uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi
(İSİM) genişmiqyaslı maarifləndirmə tədbirləri
həyata keçirir.
Əhalinin müxtəlif
yaş kateqoriyaları
arasında həm regionlarda, həm də paytaxtda digər dövlət qurumları ilə əməkdaşlıq
şəraitində bu
istiqamətdə mütəmadi
olaraq maarifləndirici
tədbirlər icra olunur, çap materialları paylanır. Eyni zamanda sosial
şəbəkələr üzərindən də aktiv şəkildə narkotik maddələrin mənfi təsirləri barədə məlumatlandırma
aparılır".
Asılılığın formaları artıb
Psixologiya Elmi-Tədqiqat
İnstitunun sədri,
psixoloq Elnur Rüstəmov bildirir ki, yeniyetmələr arasında yalnız narkomaniya deyil, ümumilikdə asılılığın
müxtəlif formaları
artıb: "Biz bura elektron cihazlardan
və internetdən asılılığı, narkotik
və psixotrop maddələrdən, bir qisim yeniyetmələrdə
spirtli içkilərdən
asılılığı da daxil edə
bilərik. Bunun baş vermə səbəbi yeniyetmələrin
yaşamış olduğu
böhran, daxili gərginlik, narahatlıq ola bilər. Belə hallarda onlar ətraf mühitin təsirlərinə
məruz qalırlar. Bu məruz qalma
nəticəsində görürük
ki, onlar bəzən istəmədən
belə narkotikdən asılı vəziyyətə
düşürlər".
Ekspert valideynlərə
bəzi "qızıl"
qaydalara xüsusilə
riayət etməyi tövsiyə edir: "Yeniyetmələrin asudə
vaxtına diqqət etmək lazımdır. Onlar bu zamanı
necə, kiminlə keçirirlər və nə qədər xərclikləri var - buna nəzarət etmək vacibdir. Bu 3 məqam daim valideynlərin diqqətində olmalıdır.
Belə halda onların zərərli vərdişlərə qurşanmaq
ehtimalı da az olacaq".
Vaxtında tədbir
görmədikdə vəziyyət
ağırlaşa bilər
E.Rüstəmov bildirir
ki, mühit bu prosesdə böyük rol oynayır: "Xüsusən
ailədaxili münaqişə
və zorakılıqların,
habelə boşanmaların
şahidi olan uşaqlarda risk faktoru daha çoxdur.
Bu uşaqlara xüsusi diqqət ayrılmalı, onlarla maariflənmə və profilaktik işlər görülməlidir ki, belə mühitdə böyüyən uşaqlar
zərərli vərdişlərin
qurbanına çevrilməsinlər.
Xüsusən təhsildən
yayınan uşaqlar risk altındadır".
Psixoloq narkomaniya
ilə mübarizədə
valideynlərin mühüm
rol oynadığını
vurğulayır: "Əgər
yeniyetmə övladının
davranışında, ünsiyyətində
kənara çıxma
halları, dəyişikliklər
görülürsə, əsəbi
və aqressivdirsə,
gözü qızarırsa,
özünü əvvəlki
kimi aparmırsa, valideyn mütləq onu nəzarətə götürüb tədbir
görməlidir. Söhbət
narkotik asılılıqdan
gedirsə, bunu xüsusi testlərlə müəyyənləşdirmək çox asandır. Sadəcə bir qism valideyn bu
reallığı qəbul
edə bilmir. Vaxtında vəziyyəti
anlayıb tədbir görmədikdə problem
daha da dərinləşir".
E.Rüstəmov qeyd
edir ki, məktəbdə müəllimlər
də təhsil alan şagirdlərin davranışlarında hər
hansı bir narahatlıq hiss edərlərsə, tədbir
görməli və mütləq valideynə məlumat verməlidirlər:
"Bu problem valideyn və məktəbdən daha həssas və diqqətli olmağı tələb edir. Bununla bağlı maariflənmə işi aparılmalı, psixo-profilaktik
tədbirlər görülməlidir,
sosial çarxlar hazırlanmalıdır. Digər
tərəfdən bundan
əziyyət çəkən
insanların sağalması
istiqamətində də
mütləq şəkildə
addım atılmalıdır.
Onlara dəstək əlçatan olmalıdır".
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2023.-
20 iyul.- S.14.