Təhlükə
potensiallı obyektlərin
təhlükəsiz istismarının
təmin edilməsi sahəsində dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
üzrə Koordinasiya
Komissiyası haqqında
Əsasnamənin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Təhlükə potensiallı obyektlərin
təhlükəsiz istismarının
təmin edilməsi sahəsində dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
üzrə Koordinasiya
Komissiyası haqqında
Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyul 2023-cü il
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
18 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir
Təhlükə potensiallı
obyektlərin təhlükəsiz
istismarının təmin
edilməsi sahəsində
dövlət orqanlarının
(qurumlarının) fəaliyyətinin
əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə
"Təhlükə potensiallı
obyektlərin təhlükəsiz
istismarının təmin
edilməsi sahəsində
dövlət orqanlarının
(qurumlarının) fəaliyyətinin
əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının 3.1-ci bəndinə
uyğun olaraq hazırlanmışdır və
"Texniki təhlükəsizlik
haqqında" Azərbaycan
Respublikası Qanununun
2-ci maddəsinin 2-ci hissəsinə,
Azərbaycan Respublikası
Şəhərsalma və
Tikinti Məcəlləsinin
78.2-ci maddəsinə uyğun
olaraq müəyyən
edilmiş siyahılarda
nəzərdə tutulan
təhlükə potensiallı
obyektlərin, o cümlədən
tikinti obyektlərinin
(bundan sonra - obyektlər) təhlükəsiz
istismarının təmin
edilməsi, əhalinin
və ətraf mühitin həmin obyektlərdə baş verə biləcək qəzalardan qorunması (bundan sonra - müvafiq sahə) sahəsində dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsi
üzrə Koordinasiya
Komissiyasının (bundan
sonra - Komissiya) fəaliyyət istiqamətlərini,
hüquq və vəzifələrini və
fəaliyyətinin təşkili
ilə bağlı digər məsələləri
tənzimləyir.
1.2. Komissiya öz
fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının
qanunlarını, bu Əsasnaməni, Azərbaycan
Respublikası Prezidentinin
digər fərmanlarını,
həmçinin sərəncamlarını,
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3. Komissiya hər
ötən ildəki fəaliyyəti və görülmüş işlər
barədə növbəti
ilin birinci rübündə Azərbaycan
Respublikasının Prezidentinə
hesabat təqdim edir.
1.4. Komissiyanın üzərində
Azərbaycan Respublikası
Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş blankı və möhürü vardır.
2.Komissiyanın fəaliyyət istiqamətləri
2.1. Komissiya aşağıdakı
istiqamətlərdə fəaliyyət
göstərir:
2.1.1. müvafiq sahə
ilə bağlı fəaliyyətin təşkili,
mütəmadi təhlillər
aparılması və
qabaqlayıcı tədbirlər
görülməsi üçün
təkliflər hazırlanması;
2.1.2. müvafiq sahədə
fəaliyyət göstərən
dövlət orqanlarının
(qurumlarının) fəaliyyətinin
əlaqələndirilməsi, birgə tədbirlərin planlaşdırılması və
həyata keçirilməsi;
2.1.3. müvafiq sahədə
fəaliyyət göstərən
dövlət orqanları
(qurumları) tərəfindən
obyektlərdə keçirilən
monitorinqlərin nəticələrinin
təhlili və qiymətləndirilməsi əsasında
təkliflər hazırlanması;
2.1.4. beynəlxalq təcrübə
nəzərə alınmaqla,
müvafiq sahədə
normativ hüquqi bazanın təkmilləşdirilməsi
və tətbiqi sahəsində əlaqələndirmə
işinin təşkili.
3. Komissiyanın vəzifələri
3.1. Bu Əsasnamə
ilə müəyyən
edilmiş fəaliyyət
istiqamətlərinə uyğun
olaraq, Komissiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. Komissiyanın üzvü
olan dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə
baş verə biləcək qəza risklərinin müəyyən
olunması, qiymətləndirilməsi
və gələcək
risklərin proqnozlaşdırılması
sahəsində aparılan
mütəmadi təhlillər
əsasında təkliflər
hazırlamaq və görülən işlərin
əlaqələndirilməsini təmin etmək;
3.1.2. müvafiq sahədə
qabaqlayıcı tədbirlər
görülməsi məqsədilə
müvafiq dövlət
orqanlarının (qurumlarının)
fəaliyyətinin əlaqələndirilməsini,
birgə tədbirlərin
planlaşdırılmasını təmin etmək, onlar arasında operativ və səmərəli məlumat
mübadiləsini təşkil
etmək;
3.1.3. müvafiq sahədə
texniki reqlamentlərin
müəyyən olunması
işlərini əlaqələndirmək;
3.1.4. müvafiq sahə
üzrə mütəxəssislərə
olan ehtiyacı araşdırmaq və mövcud vəziyyəti qiymətləndirmək, elmi,
texniki və kadr potensialının genişləndirilməsi məqsədilə
təkliflər hazırlamaq
və bununla bağlı müvafiq işləri əlaqələndirmək;
3.1.5. müvafiq dövlət
orqanları (qurumları)
tərəfindən obyektlərdə
keçirilən monitorinqlərin
nəticələrinin təhlili
və qiymətləndirilməsi
əsasında təkliflər
hazırlamaq;
3.1.6. Komissiya üzvləri
olan dövlət orqanlarının (qurumlarının)
fəaliyyət istiqamətlərinə
aid sahələrdə
həmin dövlət
orqanlarının (qurumlarının)
mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən
aşağıdakı işçi
qrupların yaradılmasını
və fəaliyyətini
təmin etmək:
1. təhlükə potensiallı obyektlərdə
keçirilən monitorinqlərin
nəticələrinin təhlili
və qiymətləndirilməsi
üzrə;
2. müvafiq texniki
reqlamentlərin müəyyən
olunmasıistiqamətində fəaliyyətin əlaqələndirilməsi
üzrə;
3. beynəlxalq təcrübə
nəzərə alınmaqla,
təhlükə potensiallı
obyektlərin təhlükəsiz
istismarı sahəsində
mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə;
3.1.7. müvafiq sahə
ilə bağlı daxil olmuş layihələri, müraciətləri,
texniki şərtləri
və təklifləri
ümumiləşdirərək təhlil etmək;
3.1.8. obyektlərin texniki
təhlükəsizlik bəyannaməsinin
hazırlanması ilə
bağlı metodiki tövsiyələr hazırlamaq;
3.1.9. müvafiq sahədə
beynəlxalq təcrübənin
öyrənilməsi və
təcrübə mübadiləsinin
həyata keçirilməsi
işini əlaqələndirmək.
4. Komissiyanın hüquqları
4.1. Öz vəzifələrini
yerinə yetirmək üçün Komissiyanın
aşağıdakı hüquqları
vardır:
4.1.1. daxil olmuş
müraciətlərin hərtərəfli
və obyektiv araşdırılması üçün
aidiyyəti məlumatların,
materialların və sənədlərin alınması
ilə bağlı dövlət orqanlarına
(qurumlarına), yerli özünüidarəetmə orqanlarına,
fiziki və hüquqi şəxslərə
sorğular göndərmək,
görülən işlər
barədə arayışlar
və hesabatlar almaq;
4.1.2. təhlil və
tədqiqat materialları
əsasında müvafiq
sahə üzrə təkmilləşdirmə işləri
aparmaq məqsədilə
təkliflər hazırlamaq;
4.1.3. beynəlxalq təcrübə
nəzərə alınmaqla,
müvafiq sahədə
normativ hüquqi bazanın təkmilləşdirilməsi
ilə bağlı təkliflər vermək;
4.1.4. müvafiq sahədə
beynəlxalq və regional əməkdaşlığın
genişləndirilməsi məqsədilə
təkliflər hazırlamaq;
4.1.5. müvafiq sahədə
aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasının
təmin edilməsi məqsədilə aidiyyəti
dövlət orqanlarına
(qurumlarına) göstəriş
vermək;
4.1.6. fəaliyyət istiqamətlərinə aid
olan məsələlərin
həlli üçün
elmi-tədqiqat, təcrübi-mühəndis,
texniki təhlükəsizlik
ekspertizası, məsləhət
xidmətləri və
təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış
hüquqi şəxslərin,
o cümlədən elmi-tədqiqat
və təhsil müəssisələrinin, habelə
müstəqil beynəlxalq
ekspertlərin və mütəxəssislərin bu
işlərə cəlb
edilməsi ilə əlaqədar tədbirlər
görmək.
5. Komissiyanın fəaliyyətinin
təşkili
5.1. Komissiyanın sədrini
və digər üzvlərini Azərbaycan
Respublikasının Prezidenti
vəzifəyə təyin
və vəzifədən
azad edir.
5.2. Komissiya sədr
daxil olmaqla 15 (on beş) üzvdən
ibarətdir.
5.3. Komissiyanın sədri:
5.3.1. Komissiyanın fəaliyyətini
təşkil edir və ona rəhbərlik
edir;
5.3.2. Komissiyanın üzvləri
və işçi qruplar arasında iş bölgüsü aparır, həmçinin
onların fəaliyyətini
əlaqələndirir;
5.3.3. Komissiyanın üzvləri
ilə birlikdə Komissiyanın iclaslarının
gündəliyini müəyyənləşdirir
və Komissiyanın iclaslarına rəhbərlik
edir;
5.3.4. Komissiyaya daxil
olan müraciətlərə
"Vətəndaşların müraciətləri haqqında",
"İnzibati icraat haqqında" və
"İnformasiya əldə
etmək haqqında"
Azərbaycan Respublikasının
qanunlarına uyğun
olaraq baxır və qanunla müəyyən edilmiş
qaydada tədbirlər
görür;
5.3.5. Komissiyanın fəaliyyəti
ilə bağlı işçi qrupların tabeliyində ayrı-ayrı
sahələr üzrə
alt işçi qruplar yaradılmasını
təmin edir.
5.4. Komissiyanın sədri
bu Əsasnamə ilə Komissiyaya həvalə edilmiş vəzifələrin yerinə
yetirilməsinə və
hüquqların həyata
keçirilməsinə görə
məsuliyyət daşıyır.
5.5. Komissiyanın sədri
olmadıqda, onun səlahiyyətlərini Komissiyanın
qərarı əsasında
Komissiya üzvlərindən
biri həyata keçirir.
5.6.Komissiyanın və
işçi qrupların
üzvləri bu Əsasnamədə nəzərdə
tutulmuş və onlara həvalə edilmiş vəzifələrin
vaxtında yerinə yetirilməməsinə görə
məsuliyyət daşıyırlar.
5.7. Komissiyanın səlahiyyətlərinə
aid edilmiş məsələlərə onun
iclaslarında baxılır.
5.8. Komissiyanın iclasları
mütəmadi olaraq, lakin 3 (üç) ayda bir dəfədən
az olmayaraq keçirilir. İclaslar Komissiya sədrinin və ya Komissiya
üzvlərinin üçdəbirinin
təşəbbüsü əsasında çağırıla
bilər.
5.9. Komissiyanın iclasları
onun üzvlərinin üçdə-ikisi iştirak
etdikdə səlahiyyətlidir.
5.10. Komissiyanın iclaslarına
aidiyyəti dövlət
orqanlarının (qurumlarının)
və özəl sektorun nümayəndələri,
o cümlədən müstəqil
ekspertlər və mütəxəssislər dəvət
edilə bilərlər.
5.11. Komissiyanın qərarları
hər bir üzvün bir səsi olmaqla açıq səsvermə
yolu ilə, iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər
olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına yol verilmir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiya üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
5.12. Komissiyanın iclasında
onun bütün üzvləri təmsil olunmuşdursa və həmin üzvlərin hamısı yekdilliklə
razılıq verirsə,
Komissiya gündəliyə
daxil edilməmiş məsələləri də
müzakirəyə çıxara
və onlara dair qərarlar qəbul edə bilər.
5.13. Komissiyanın üzvləri
fəaliyyətlərində müstəqildirlər.
5.14. Komissiya özünün
iş planını təsdiq edir.
5.15. Komissiya tərəfindən
yaradılmış işçi
qrupların hazırladığı
sənədlər Komissiyanın
iclaslarında müzakirəyə
çıxarılır və
müvafiq qərarlar qəbul edilir.
5.16. Komissiyanın nəzdində
daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin funksiyalarını Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin Aparatı həyata keçirir.
5.17. Katiblik aşağıdakıları
təmin edir:
5.17.1. Komissiyanın cari fəaliyyətinin təşkili və Komissiyanın qəbul etdiyi qərarların icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini;
5.17.2. Komissiyanın iclaslarında baxılacaq məsələlərə dair
müvafiq sənədlərin
hazırlanmasını, həmin
iclas protokollarının
və Komissiyanın iş planlarının tərtib edilməsini və aidiyyəti dövlət orqanlarına
(qurumlarına) çatdırılmasını,
kargüzarlıq işlərinin
icra edilməsini;
5.17.3. Komissiya tərəfindən işçi qrupların tabeliyində ayrı-ayrı sahələr üzrə yaradılmış alt işçi qruplara müvafiq mütəxəssislərin cəlb edilməsinin təşkilini və həmin qrupların fəaliyyətinin əlaqələndirilməsini.
Azərbaycan.-2023.- 20 iyul.- S.5.