ANAMA-nın
yaradılmasının 25-ci ildönümü qeyd edilib
Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin
(ANAMA) yaradılmasının 25-ci ildönümü qeyd edilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər
ki, tədbirdə hökumət rəsmiləri,
ölkəmizdə akkreditə
olunmuş diplomatik korpus nümayəndələri
və vətəndaş
cəmiyyəti təşkilatlarının
təmsilçiləri iştirak
ediblər.
1998-ci il iyulun
18-də Ümummilli Lider
Heydər Əliyevin Sərəncamı ilə
yaradılan ANAMA minatəmizləmə
sahəsində əldə
etdiyi 25 illik təcrübəsi ilə
qlobal miqyasda aparıcı quruma çevrilib.
Tədbirdə çıxış
edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Agentlik
işğaldan azad edilmiş ərazilərin
partlayıcı qurğulardan
təmizlənməsi, bu
ərazilərdə bərpa-quruculuq
fəaliyyətinin təhlükəsiz
icrası, keçmiş
məcburi köçkünlərin
dayanıqlı məskunlaşması,
eləcə də regionda sülh və əmin-amanlığın
bərpası və davamlı inkişafına
müsbət töhfəsini
verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən
çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Vüqar
Süleymanov mina təhlükəsi ilə
mübarizə fəaliyyətində
göstərdikləri dəstəyə
görə həm yerli, həm də beynəlxalq qurumlara təşəkkürünü
bildirib.
Nazirlər Kabinetinin
Aparat rəhbəri Rüfət Məmmədov
bildirib ki, bu gün ən
aktual və şərəfli işlərdən
biri də ANAMA əməkdaşlarının həyata
keçirdiyi minatəmizləmə
fəaliyyətidir. Bu
fəaliyyətlə məşğul
olan şəxslər
həyat və sağlamlıqlarını təhlükə
altına ataraq şərəfli vəzifələrini
yerinə yetirirlər.
Onların bu fəaliyyəti dövlətimizin
başçısı tərəfindən
yüksək qiymətləndirilir
və bu sahəyə xüsusi diqqət yetirilir.
BMT-nin ölkəmizdəki
rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib ki, mina
qurbanlarının sayının
artması Azərbaycanda
humanitar minatəmizləmə
işlərinin sürətləndirilməsi
üçün birgə
səy və resurslara ehtiyac olduğunun göstəricisidir.
Həmçinin partlayıcı
sursatların təhlükəsinin
aradan qaldırılması,
maarifləndirmə işinin
gücləndirilməsi üzrə
ANAMA-nın həyata keçirdiyi fəaliyyətin
dəstəklənməsində BMT qurumlarının bu günədək olan səylərinin davamlı
olacağını ifadə
edib.
Avropa İttifaqının
(Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri,
səfir Peter Mixalko vurğulayıb ki, Aİ dünyada mina təhlükəsi ilə
mübarizə fəaliyyətinin
dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu fəaliyyətin dəstəklənməsi
isə Aİ ilə əməkdaşlıqda başlıca
prioritetlərdən biridir.
Regionda sülh və davamlı inkişafın əsas şərtlərindəndir.
İnsan Hüquqları
üzrə Müvəkkil
(Ombudsman) Səbinə
Əliyeva istər İkinci Qarabağ müharibəsi, istərsə
də postmüharibə
dövründə cəbhə
xəttində, ona yaxın ərazilərdə,
eləcə də mülki əhalinin hədəf alındığı
şəhər və
rayonlarda Ermənistanın
törətdiyi hüquq
pozuntuları, kütləvi
şəkildə basdırılmış
tank və piyada əleyhinə minaların səbəb olduğu insan tələfatları hallarına
dair hesabatların hazırlanaraq, beynəlxalq
və regional təşkilatlara, habelə
müxtəlif ölkələrin
milli insan hüquqları təsisatlarına
təqdim olunduğunu
diqqətə çatdırıb.
Tədbirdə ANAMA-nın
humanitar minatəmizləmə
sahəsində 25 illik
təcrübəsini əks
etdirən “Minaları
təmizləyək, insanları
xilas edək” adlı film nümayiş olunub.
Həmçinin minatəmizləmə
fəaliyyətində əvəzsiz
rola malik olan minaaxtaran it və bələdçinin
iştirakı ilə
imitasiya təşkil edilib. Yaradılan imitasiya sahəsində minaaxtaran it partlayıcı qurğuları
aşkar edib. Mina və sursat
nümunələrinin maketləri,
minaaxtaranın alət
və avadanlığı,
fərdi qoruyucu geyimindən ibarət sərgi nümayiş olunub.
ANAMA Qarabağ və Şərqi Zəngəzurda mina və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.
Azərbaycan.-2023.- 20 iyul.- S.12.