İlham Əliyevin qlobal
missiyası
Dostluq, qardaşlıq münasibətləri getdikcə
daha da güclənən, mövcud əməkdaşlıqları
gündən-günə şaxələnən türkdilli
dövlətlərin mövcud əlaqələri yeni yüksəliş
mərhələsinə qədəm qoyub.
Xüsusilə də bu ilin martın 16-da keçirilən
Ankara zirvəsində qardaş ölkələr dünyaya
daha bir mesaj ünvanlayaraq sarsılmaz münasibətlərinin
möhkəm təməl üzərində qurulduğunu bəyan
etdilər. İmzalanan Ankara Bəyannaməsində əksini
tapan ifadələr, Türk İnvestisiya Fondunun
yaradılması ilə bağlı qərarın qəbul
olunması bir daha təsdiq etdi ki, dost və qardaş ölkələr
çətin gündə dərhal bir-birinə lazımi dəstək
verəcək və bu istiqamətdə əlindən gələni
əsirgəməyəcəklər.
Təşkilatın yeni mərhələyə qədəm
qoyması əsasən 2021-ci ildə İstanbul Zirvə
görüşü ilə başlayıb. Tarixi İstanbul
Zirvəsində təşkilatın adı dəyişdirildi
və Türkmənistan TDT-yə müşahidəçi
üzv kimi qoşuldu. Bu toplantıda TDT-nin 2040-cı ilədək
konsepsiyası hazırlandı. Həmçinin Türk
İnvestisiya Fondunun yaradılması təşəbbüsü
irəli sürüldü. İstanbul Zirvə
görüşündə diqqətçəkən məqamlardan
biri də TDT-nin Ağsaqqallar Şurasının
yaradılması idi. 2022-ci ildə keçirilən TDT-nin Səmərqənd
Zirvə görüşünün isə ən mühüm
nəticələrindən biri kimi Şimali Kipr Türk
Cümhuriyyətinin quruma müşahidəçi statusunda qəbul
edilməsi oldu.
800 milyard dollarlıq xarici ticarət həcmi, 160
milyonluq əhalisi, 5 milyon kvadratkilometr ərazisi olan bu təşkilat
və onun 8 üzvü dünya iqtisadiyyatında və regional
iqtisadiyyatda çox mühüm yer tutur. Lakin 8 ölkə
arasında ticarət cəmi 24 milyard dollar təşkil edir.
Bu baxımdan, təşkilatın üzvləri arasında
ticarətin inkişafı və qarşılıqlı
investisiyaların artırılması üçün daha
çox səy göstərilməsinə ehtiyac var. Xüsusən
də əsrlər boyu insanların xidmətində olan tarixi
İpək yolunun bərpa edilməsi çox mühüm
önəm daşıyır.
Naxçıvandan başlanan 14 illik uğurlu yol
Türk Dövlətləri Təşkilatı
türkdilli ölkələrin dövlət
başçılarının 2009-cu il oktyabr ayının 3-də
Naxçıvanda keçirilən Zirvə
görüşündə imzalanmış "Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması" haqqında sazişə
əsasən təsis edilib.
2022-ci ilə qədər Türk Dövlətləri
Əməkdaşlıq Şurası adlandırılan
Türk Dövlətləri Təşkilatı (TDT) son 14 ildə
böyük inkişaf yolu keçib. İllər öncə
imzalanmış sazişə əsasən təşkilatın
məqsədi türk dövlətləri arasında
qarşılıqlı dostluğun möhkəmləndirilməsi,
regionda və ümumilikdə dünyada sülhün
qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin
mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil,
enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər
sahələrdə səmərəli regional və ikitərəfli
əməkdaşlığın edilməsi, bütün sahələrdə
qarşılıqlı əlaqənin və ölkələr
arasında təmasların təşviqi və sairdir.
Bu dövrdə üzv dövlətlər təşkilatın
məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın
yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin
Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk
Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və
Sənaye Palatası və Türk Biznes Şurası kimi
qurumların yaradılması nəticəsində TDT çərçivəsində
üzv ölkələr arasında əlaqələr sürətlə
genişlənib.
Azərbaycan türk dünyasının sıx birləşməsinə
öz töhfəsini verib
Bu ilin martında Türk Dövlətləri Təşkilatının
dövlət başçılarının Zirvə
görüşünün mədəniyyətimizin
paytaxtı Şuşada keçirilməsi nəzərdə
tutulmuşdu. Lakin Prezident İlham Əliyev Türkiyədə
baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar
qardaş ölkəyə dəstək məqsədilə
Zirvə görüşünün Ankarada keçirilməsi
təklifi ilə çıxış etdi.
Azərbaycan Prezidentinin bu xoşməramlı təklifi
digər iştirakçı ölkələrin rəhbərliyi
ilə razılaşdırıldıqdan sonra bununla
bağlı müvafiq qərar qəbul olundu. Beləliklə,
İlham Əliyevin təklifi dəstəkləndi. Əlbəttə
ki, bu ilk növbədə bir daha Azərbaycan-Türkiyə
qardaşlığının, türk dünyasında
qarşılıqlı dəstəyin və hörmətin
bariz nümunəsidir.
İlham Əliyev Türk Dövlətləri Təşkilatına
üzv ölkələrlə əlaqələrin
bütün sahələrdə möhkəmləndirilməsini
Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri
olduğunu bəyan edib. Ötən ilin noyabrında
Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə
keçirilən IX Zirvə görüşündə
dövlət başçısı
vurğulamışdır ki, Azərbaycan həmişə
türkdilli dövlətlərin sıx birləşməsinə
öz töhfəsini verib və bundan sonra da türk
dünyasının birliyi amallarına sadiq qalacaq. Buna görə
də digər qardaş ölkələr də həmrəylik
nümayiş etdirərək təşkilatın güclənməsi
üçün müxtəlif sahələrdə əməkdaşlığı
genişləndirməlidirlər: "Türk dünyası
200 milyondan çox insanın yaşadığı geniş
bir coğrafiyanı əhatə edir və böyük iqtisadi
potensiala, enerji resurslarına, nəqliyyat yollarına və
müasir hərbi imkanlara malikdir. Türk dünyası
böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə
alaraq bundan sonra da qarşılıqlı dəstək və
həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni,
nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı,
turizm sahələri ilə yanaşı, təhlükəsizlik,
müdafiə, müdafiə sənayesi kimi sahələrdə
də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Əgər digər qardaş ölkələr də
bu addımları atarlarsa, deyə bilərik ki, tezliklə təşkilat
vahid güc mərkəzinə çevrilə bilər.
Xüsusilə vurğulanmalıdır ki, türk
dünyasının potensialını vahid məqsəd istiqamətində
ilk dəfə məhz İlham Əliyev birləşdirmiş
və qlobal pandemiya ilə mübarizədə bu birlik formulu
çox səmərəli mexanizmə çevrilmişdir. Təşkilat
yaranarkən qarşıya qoyulan, habelə yeni geosiyasi
reallıq fonunda transformasiya keçirən hədəflər
aydın və kifayət qədər sağlamdır. İlk
növbədə ona görə ki, bizim əməkdaşlığımız
yalnız mənəvi əsaslara dayanmır - ortada İlham
Əliyev tərəfindən formalaşdırılan və
dövlətlərin suveren milli maraqlarının təmin
olunduğu reallıq var.
Ankara Zirvə görüşündə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan
Prezidentinin TDT-nin yüksəlişi üçün
atdığı addımları çox yüksək dəyərləndirmişdir.
Türkiyə liderinin aydın formada ifadə etdiyi kimi, həqiqətən
də, TDT-nin uzunmüddətli perspektivləri məhz
İlham Əliyevin böyük uzaqgörənliklə
bütün çətinlik və müqavimətlərə
baxmayaraq, yarada bildiyi transmilli enerji infrastrukturu ilə
birbaşa bağlıdır. Rəcəb Tayyib Ərdoğan
qeyd etmişdir ki, Azərbaycanın bu gün sürətlə
reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi
isə türk dünyası üçün ikinci nəfəs
olacaq və Türk Dövlətləri Təşkilatının
hər bir üzvü, o cümlədən müşahidəçi
üzvlər bunu çox gözəl anlayır və layihənin
tam realizəsi üçün maraqlı tərəf kimi
çıxış etməyə başlayıblar.
Bütün bunlar göstərir ki, Azərbaycan
üçün prinsipial milli maraqların digər dövlətlər
üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə
şahidlik edirik və bu da öz növbəsində Prezident
İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir.
Türk İnvestisiya Fondunun yaradılması əməkdaşlığın
inkişafına mühüm töhfə verəcək
TDT-nin liderlərinin İstanbul və Ankara Zirvə
görüşlərində iqtisadi əlaqələrin
inkişafına mühüm töhfə verəcək qərarlar
qəbul edilmişdir. Bunlardan biri də Türk İnvestisiya
Fondunun yaradılması idi. Bu fondun üzv ölkələr
arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı,
turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın
daha da inkişafına mühüm töhfə verəcəyi
bildirilir.
Azərbaycan Milli Məclisi "Türk İnvestisiya Fondunun
yaradılması haqqında" Sazişi ratifikasiya edib. Fondun
yaradılması ilə bağlı qanun layihəsi Prezident
İlham Əliyev tərəfindən də təsdiq edilib.
Məlumata
görə, fondun kapitalı ilk mərhələdə 500
milyon dollar olacaq. İstanbuldan idarə olunacaq fond Türk
Dövlətləri Təşkilatı üzvləri
arasındakı ticarət-iqtisadi əməkdaşlığı
dəstəkləyəcək.
Fondun fəaliyyəti
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin iqtisadi potensialının inkişafına,
onlar arasında ticari-iqtisadi əməkdaşlığın
gücləndirilməsinə, birgə layihələrin həyata
keçirilməsinə yönəldiləcək.
Sənədə
əsasən, fond öz məqsədini həyata keçirmək
üçün regiondaxili ticarətin təşviqində
yardım etmək, xüsusilə mikro, kiçik və orta
müəssisələrə aid olan layihələri maliyyələşdirmək,
beynəlxalq və milli maliyyə və inkişaf
institutları, eləcə də ticarət palataları və
özəl müəssisələr ilə əməkdaşlıq
etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və
istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək
funksiya və səlahiyyətlərinə malikdir.
Bundan əlavə,
fond dövlət-özəl tərəfdaşlığı
daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və
modernləşdirilməsini dəstəkləyəcək, sənaye
istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı,
informasiya və kommunikasiya texnologiyaları və turizm daxil
olmaqla qarşılıqlı maraq doğuran sahələrdə
inkişaf layihələrinə dəstək olacaq, enerji səmərəliliyi,
bərpaolunan enerji və ətraf mühitin mühafizəsinə
investisiya yatırmaqla "yaşıl iqtisadiyyata" töhfə
verən layihələri maliyyələşdirəcək. Həmçinin
zəruri hesab edildikdə investisiya layihələrinin
hazırlanması üçün yardım və maliyyə dəstəyini
təmin edəcək.
Qeyd edək ki,
son illərdə Xəzər hövzəsində türk
dünyası ölkələri neft, təbii qaz və elektrik
enerjisi sahələrində irimiqyaslı layihələri
birlikdə uğurla həyata keçirirlər. Bunun bariz
nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 16
ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini
dünya bazarlarına fasiləsiz
çatdırdığını göstərmək olar.
"Cənub qaz dəhlizi" sayəsində isə türk
dövlətləri Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayırlar.
Bütün
bunlar onu deməyə əsas verir ki, quruma üzv ölkələrin
əlaqələrinin getdikcə daha da güclənməsi
tezliklə Türk Dövlətləri Təşkilatını
vahid güc mərkəzinə çevirəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2023.- 21 iyul.- S.1;4.