Azərbaycan
Ermənistanın qarşısında
tələb qoydu: Arazdəyəndə metallurgiya
zavodunun inşası dərhal dayandırılmalıdır
Otuz il ərzində Qarabağ və Şərqi Zəngəzurda ekosid törədərək "ölü
torpaq" siyasəti həyata keçirən Ermənistan hazırda da transsərhəd ekoloji terrorunu davam etdirir. Ekocinayətkar ölkənin
Naxçıvan Muxtar
Respublikası ilə həmsərhəd bölgədə
- Arazdəyəndə iri
metallurgiya zavodu inşa etmək kimi yaramaz planı
isə təkcə Azərbaycanın yox, bütövlükdə bölgənin
və dünyanın ekosistemini təhdid qarşısında qoyur.
Bütün bunlara
görə ötən
gün Azərbaycan hökuməti Ermənistan
tərəfindən Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
bölgədə - Arazdəyəndə
iri metallurgiya zavodunun inşasının
dayandırılmasını tələb etdi.
Bu vəhşi
tayfa təbiətin qənimidir
Ümumiyyətlə, terror törətməklə
insanlığa qarşı
cinayət əməlləri
ilə məşğul
olan bu vəhşi
tayfa təbiətin də qənimidir və bunu Qarabağ
və Şərqi Zəngəzura səfər
edən hər kəs əyani şəkildə görə
bilər.
2020-ci ildə Kəlbəcər,
Laçın və Ağdamı boşaltmaq üçün Azərbaycanın
humanist mövqeyi nəticəsində verilən
əlavə vaxtdan istifadə edərək evləri, meşələri
yandırmaları, ağacları
kəsmələri, eləcə
də qanunsuz məskunlaşdıqları Laçın
şəhərini, Zabux
və Sus kəndlərini ötən
il boşaldan zaman yenə də evlərə, meşələrə od vuraraq vəhşiliklərini
nümayiş etdirmələri
heç kəsin yadından çıxmayıb.
Eləcə də
faktlarla sübuta yetirilib ki, Ermənistanın
ekoloji terror siyasəti sayəsində
transsərhəd çay
olan Oxçuçay tamamilə
təhlükə mənbəyinə
çevrilib. Aparılan
araşdırmalar zamanı
aşkar olunub ki, Qafan və
Qacaran dağ-mədən
sənayesinin tullantı
suları təmizlənmədən
birbaşa Oxçuçaya
axıdılır. Nəticədə
çirklənmə səviyyəsinin
normadan dəfələrlə
artıq olması Oxçuçayın su ehtiyatlarının istifadəsinin
yararsız hesab edilməsinə gətirib
çıxarıb.
Ermənistanın bu
cinayət əməllərinə
beynəlxalq ictimaiyyət
tərəfindən heç
bir təsir, təzyiq göstərilməməsinin
acı və ağır nəticəsidir
ki, indi də sərhədimizdə
iri metallurgiya zavodu inşa etmək istəyir.
Ermənistan transsərhəd
ekoloji fəlakət törətməkdə davam
edir
Ermənistanın işğal
müddətində ərazilərimizdə
həyata keçirdiyi
ekoloji terrorla bağlı faktları iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun "Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli"
mövzusunda nazirlər
görüşü zamanı
çıxışında Prezident İlham Əliyev də dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Dövlət başçısı
bildirdi ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. Altmış
min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır,
torpaqlarımız və
çaylarımız çirkləndirilmiş
və zəhərləndirilmişdir.
"Ermənistan indi
isə Azərbaycanın
Naxçıvan Muxtar
Respublikası ilə sərhədində transsərhəd
ekoloji fəlakət törətməkdə davam
edir", - söyləyən
Prezident İlham Əliyev beynəlxalq
tədbir iştirakçılarının
nəzərinə onu
da yetirdi ki, bununla Ermənistan
1991-ci il Transsərhəd
kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından
(Espo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş
olur. Bu konvensiyada ölkələrin
mənfi transsərhəd
təsirlərdən qaçmaq
üçün bir-biri
ilə məsləhətləşmələr
aparmasının vacibliyi
açıq şəkildə
qeyd edilir.
Lakin Ermənistan
Espo Konvensiyasının
üzvü olaraq sözügedən fəaliyyətə
başlamazdan öncə
Azərbaycanın və
təsirə məruz
qalan ərazilərdə
ictimaiyyətin transsərhəd
ətraf mühitə
təsirin qiymətləndirilməsi
prosedurunda iştirakını
təmin etməyib, bir sözlə, beynəlxalq qanunu heçə sayıb.
QHT-lərimizdən dünyaya
çağırış
Xatırladaq ki,
iyunun 8-də Azərbaycanda
fəaliyyət göstərən
ekolojiyönümlü QHT-lər
Ermənistanın yeni
ekoloji fəlakətə
yol açacaq bu layihəsi əleyhinə birgə bəyanat səsləndiriblər.
Ekoloqlarımız ABŞ dövlətinə
və Ermənistan ekoloqlarına da çağırış ünvanlayaraq
bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının
bölgədəki ekosistemə
böyük zərbə
vura biləcəyini, onun tullantılarının
Araz çayına axıdılması riskinin
həm çaydakı
canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar
üçün həyəcan
siqnalı olduğunu vurğulayıblar: "Ermənistanın
dağ-mədən sənayesində
heç bir beynəlxalq standartlara əməl edilməməsi
həm Azərbaycan, həm də ümumilikdə bölgə
üçün ciddi
ekoloji təhdid yaradır".
İyulun 7-də Azərbaycanın
vətəndaş cəmiyyəti
təşkilatları Ermənistanın
baş naziri Nikol Paşinyana bu ölkənin dağ-mədən sənayesinin
Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə açıq məktub ünvanlayıblar.
Ayın 18-də isə
Azərbaycanda fəaliyyət
göstərən vətəndaş
cəmiyyəti təşkilatları
Ermənistanın dağ-mədən
sənayesinin fəaliyyəti
nəticəsində yaranan,
Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən
ekoloji fəlakətlə
əlaqədar beynəlxalq
ictimaiyyətə və
Birləşmiş Millətlər
Təşkilatına (BMT) müraciət
ünvanlayıblar.
Müraciətdə bildirilib ki, Ermənistanın Azərbaycanla
sərhəd bölgəsində
davam edən mədən əməliyyatları
ekosistemin deqradasiyası
ilə nəticələnib
və bu, yalnız Ermənistanın
ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr
üçün ciddi
təhlükə yaradır.
Mədən fəaliyyətinin
ətraf mühitə
vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına
və rifahına təhlükə törədərək
transsərhəd təsir
göstərir.
Prezident İlham
Əliyevin sədrliyi
ilə iyulun 11-də
2023-cü ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədəki
çıxışında bu məsələyə ətraflı toxunan dövlət başçısı
qeyd etdi ki, bu gün
Azərbaycan ictimaiyyəti,
qeyri-hökumət təşkilatları
artıq bu məsələ ilə bağlı Ermənistanın
rəsmi orqanlarına
müraciət ünvanlayıblar
və ekologiya sahəsində fəaliyyət
göstərən beynəlxalq
ekspertlər və qeyri-hökumət təşkilatlarının
nümayəndələri də
bu müraciətə
qoşulublar: "Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti də burada kənarda qalmamalıdır...
...Biz bu məsələləri qanun
çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində
mütləq diqqətdə
saxlamalıyıq. Ona
görə bu tapşırığı verirəm,
siz baxın, hansı hüquqi yollar var ki,
Ermənistan bu təhlükəli praktikadan
əl çəksin".
Azərbaycan hökumətinin
tələbi
İyulun 20-də Azərbaycan
hökuməti Ermənistan
tərəfindən Naxçıvan
Muxtar Respublikası ilə həmsərhəd
bölgədə - Arazdəyəndə
iri metallurgiya zavodunun inşasının
dayandırılmasını tələb etdi.
Bununla bağlı
Nazirlər Kabinetinin Mətbuat xidmətindən
verilən məlumatda
bildirilir ki, Azərbaycan Respublikası
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayevin adından Ermənistanın ətraf
mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, bu ölkə ilə Azərbaycan arasındakı şərti
sərhəddən bir
neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən)
yaxınlığında həyata
keçirilən və
transsərhəd təsiri
ola biləcək fəaliyyətlə bağlı
"Transsərhəd kontekstində
ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında Konvensiya"da
(Espo Konvensiyası) nəzərdə tutulmuş
müvafiq prosedura başlanılıb.
Xüsusi vurğulanıb
ki, Espo Konvensiyasının 1-ci əlavəsinə
əsasən, metallurgiya
zavodları açıq
şəkildə əhəmiyyətli
mənfi transsərhəd
təsirə səbəb
ola biləcək fəaliyyət kimi tanınır.
Espo Konvensiyasının
3.1-ci maddəsinə uyğun
olaraq, Ermənistan qeyd olunan fəaliyyətin
ətraf mühitə
təsiri ilə bağlı Azərbaycanı
xəbərdar etməyə
borcludur. Lakin təsirə məruz qalan tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır.
Məktubda o da
vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının
3.7-ci maddəsinə uyğun
olaraq, Azərbaycan təsirə məruz qalan tərəf kimi ilkin mərhələdə
Ermənistandan layihənin
mənfi transsərhəd
təsiri ilə bağlı müzakirələrin
aparılması məqsədilə
məlumat mübadiləsinin
aparılmasını tələb
edir.
Eyni zamanda Azərbaycan hökuməti
layihənin transsərhəd
təsiri ilə bağlı suallar tam aydınlaşdırılana
və adekvat şəkildə baxılana
qədər Ermənistan
tərəfindən zavodun
tikintisinin dərhal dayandırılmasını tələb
edib.
Məsələ ilə
bağlı Birləşmiş
Millətlər Təşkilatının
Avropa İqtisadi Komissiyasının icraçı
katibinə də müvafiq bildiriş ünvanlanıb.
Göründüyü kimi, Azərbaycan dövləti Ermənistanın
transsərhəd ekocinayətini
durdurmaq üçün
qanun və beynəlxalq konvensiyalar çərçivəsində bütün mümkün addımları atır. Beynəlxalq ictimaiyyət də öz növbəsində Ermənistanın
ekoterroruna göz yummamalı, dünya ekosistemini təhdid edən bu metallurgiya
zavodunun fəaliyyətinə
"dur" deməlidir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
21 iyul.- S.3.