Azərbaycan
Hökuməti Ermənistandan
Arazdəyəndə metallurgiya
zavodunun inşasının
dayandırılmasını tələb edib
Azərbaycan Hökuməti
Ermənistan tərəfindən
Naxçıvan Muxtar
Respublikası ilə həmsərhəd bölgədə
- Arazdəyəndə iri
metallurgiya zavodunun inşasının dayandırılmasını
tələb edib. Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayevin adından Ermənistanın ətraf
mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan
arasındakı şərti
sərhəddən bir
neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən)
yaxınlığında həyata
keçirilən və
transsərhəd təsiri
ola biləcək fəaliyyətlə bağlı
“Transsərhəd kontekstində
ətraf mühitə
təsirin qiymətləndirilməsi
haqqında Konvensiya”da
(Espo Konvensiyası) nəzərdə tutulmuş
müvafiq prosedura başlanılıb.
Bu barədə
AZƏRTAC-a Nazirlər Kabinetinin
mətbuat xidmətindən
məlumat verilib.
Xüsusi vurğulanıb
ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə
əsasən, metallurgiya
zavodları açıq
şəkildə əhəmiyyətli
mənfi transsərhəd
təsirə səbəb
ola biləcək fəaliyyət kimi tanınır.
Espo Konvensiyasının
3.1-ci maddəsinə uyğun
olaraq, Ermənistan qeyd olunan fəaliyyətin
ətraf mühitə
təsiri ilə bağlı Azərbaycanı
xəbərdar etməyə
borcludur. Lakin, təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almamışdır.
Vurğulanıb ki,
qeyd olunanları nəzərə alaraq, Espo Konvensiyasının
3.7-ci maddəsinə uyğun
olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə
Ermənistandan layihənin
mənfi transsərhəd
təsiri ilə bağlı müzakirələrin
aparılması məqsədilə
məlumat mübadiləsinin
aparılmasını tələb
edir.
Eyni zamanda, Azərbaycan Hökuməti
layihənin transsərhəd
təsiri ilə bağlı suallar tam aydınlaşdırılana
və adekvat şəkildə baxılana
qədər Ermənistan
tərəfindən zavodun
tikintisinin dərhal dayandırılmasını tələb
edib.
Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
Azərbaycan.-2023.- 21 iyul.- S.3.