XİN: Paşinyanın
son çıxışı
Ermənistanın sülh
müqaviləsi danışıqlarına
maneçilik törətmək
niyyətini göstərir
Ermənistanın baş
naziri Nikol Paşinyanın iyulun 20-də
hökumətin iclası
zamanı çıxışında,
Brüsseldə liderlər
səviyyəsində keçirilmiş
görüşə istinadən
Laçın yolu ilə bağlı son 8 ay ərzində
təkrarladıqları iddianı
bir daha xüsusi vurğulaması
Ermənistan tərəfinin
bu məsələdən
siyasi məqsədləri
üçün istifadə
etməklə yanaşı,
son zamanlar irəliləməkdə olan
sülh müqaviləsi
danışıqlarına maneçilik
törətmək niyyətini
nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Xarici İşlər Nazirliyinin
məsələ ilə
bağlı bəyanatında
yer alıb.
Bildirilib ki, Vətən müharibəsindən
sonra Laçın yolunda Ermənistan tərəfindən aparılan
qeyri-qanuni fəaliyyət
sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan
tərəfindən çağırışlar
edildiyi hər kəsə məlumdur. Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində Azərbaycan
tərəfi beynəlxalq
hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd-buraxılış
məntəqəsini yaradaraq
son bir neçə
ay ərzində həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada
keçidini təmin edib. Bu xüsusda,
məntəqənin mövcudluğunun
yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır.
Hətta Beynəlxalq Ədalət Məhkəməsi
6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin
məntəqənin aradan
qaldırılması ilə
bağlı müraciətini
yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiqlədiyi
məlumdur. Ermənistan
tərəfinin 15 iyun
tarixində məntəqəni
atəşə tutması,
Azərbaycan sərhədçisini
yaralaması, qaçaqmalçılıq
cəhdləri etməsi
Ermənistanın son
30 ildə Azərbaycan
ərazilərinə qarşı
təcavüzü və
qeyri-qanuni fəaliyyəti
davam etdirmək niyyətini göstərib,
bununla Laçın məntəqəsinin labüdlüyü
bir daha təsdiqlənib.
Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişelin Azərbaycan tərəfindən
təklif olunan “Ağdam-Xankəndi” yolunun
yüklərin daşınması
üçün vacib
olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin
hər vəchlə bu yoldan imtina
etməsi bölgədə
“gərgin humanitar vəziyyət” iddiasının
əsassız olduğunu
və Ermənistan Azərbaycan ərazisində
qeyri-qanuni fəaliyyəti
davam etdirmək niyyətini sübuta yetirir.
Azərbaycanın bölgədə
“etnik təmizləmə”
həyata keçirmək
istiqamətində addımlar
atdığı barədə
Ermənistan tərəfinin
iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara
qarşı kütləvi
qırğınlar və
deportasiyalar həyata keçirən Ermənistandan
fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı
etnik təmizləmə
siyasəti həyata keçirməyib. Qarabağı
Azərbaycan ərazisi
kimi tanıyan Ermənistanın baş naziri erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq
etmək əvəzinə,
dialoqun hansı formada həyata keçirilməsinə dair
şərtlər irəli
sürməsi, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə
qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir.
Həmçinin vurğulanıb
ki, Azərbaycan və Ermənistanın sərhədləri hansı
çərçivədə delimitasiya etməsindən
asılı olmayaraq, Ermənistanın erməni
silahlı qüvvələri
tam olaraq Azərbaycan ərazisindən
çıxarılmaq öhdəliyini
yerinə yetirməməsi,
əraziyə maliyyə
dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda,
bəyanatlarda və çıxışlarda vurğulaması
şəraitində prosesin
uğursuzluğa düçar
olmasına çalışdığı
hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır.
Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır, eyni zamanda, danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir.
Azərbaycan.-2023.- 21 iyul.- S.5.