JURNALİSTİKAMIZIN
MEDİA SAVADSIZLIĞI PROBLEMİ
Adətən, bolluq
ucuzluq yaradır.
Azərbaycanda mətbuat
və söz azadlığının mövcudluğu,
qəzet açmağın,
sayt yaratmağın son dərəcə asanlaşdırılması da
media subyektləri bolluğuna səbəb olmuşdur.
Təəssüf ki,
bu bolluq keyfiyyətdən çox,
kəmiyyətdə özünü
göstərdiyindən sözün
ucuzlaşması prosesi
də sürətlə
getmişdir.
Sözün ucuşlaşması
isə özünü
ən əvvəl media savadsızlığında
büruzə verir.
Müasir jurnalistikamızın
bəlasına çevrilən
"media savadsızlığı"nın
isə səbəbləri
çoxdur.
"Media savadsızlığı"nın
müxtəlif təzahür
formalarından, mətbuatı
və həqiqi jurnalistləri nüfuzdan salan bir neçə
mühüm məqamdan
söhbət açmaq
istəyirik.
***
Jurnalistika söz
sənətidir, bu sahədə çalışanların
istifadə etdikləri
"material" və
hazırladıqları son
"məhsul" da sözdən ibarət olur.
Amma unutmayaq ki, sözə can verən, sözü dəyərə
mindirən fikirdir.
Sözlə ağıllı,
məntiqli fikir ifadə olunmayanda o, quru, cansız müqəvvaya bənzəyir.
Ağıllı fikirləri
isə savadlı, sahəyə dair zəruri bilgilərə malik, sağlam təfəkkürlü, həm
də vətənpərvər
insanlar söyləyə
bilərlər!
Söz hesabına
asan yolla pul qazanmaq üçün
informasiya "dərya"sına
baş vuranlar yox.
Əlbəttə, dənizə
girib dayaz yerdə baş girləyənlər də
çox olur...
Amma belələri
söz xiridarlığından
uzaq olduqlarından yalnız suyu bulandırırlar.
Media savadsızlığı probleminin başlıca səbəblərindən biri
təhsil aldığı,
diplomuna malik olduğu sahədə uğur qazana bilməyənlərin, jurnalistikada
piyada olanların bu sahəyə kütləvi axını
ilə bağlıdır.
Belə bir axının isə bir neçə mühüm səbəbi var.
***
Dünya yaranandan
doğru ilə yalan, ədalətlə haqsızlıq, xeyirlə
şər arasında
daim mübarizə gedir.
Zaman-zaman gah bir tərəf üstün gəlir, gah da digəri.
Şərlə mübarizə
aparmamaq, əslində,
onu müdafiə etmək deməkdir.
Şəri ifşa
etməmək, xeyiri arxasız, köməksiz qoymağa bərabərdir.
Şərə göz
yummaq haqsızlığa,
böhtana dəstək
verməkdir.
Ədalətsizliyə, yalana, böhtana, şərə o insanlar açıq etiraz edirlər ki, mənən daha yüksəkdə dayanırlar!
Qorxacaqları, çəkinəcəkləri,
ehtiyat edəcəkləri
yerləri yoxdur!
Düz sözü
deyərək "pis
kişi" olmaqdan qorxmurlar!
Şərçilər nə qədər çox olsalar da, birləşib haqqı, ədaləti, doğrunu, təmizi təkləsələr də,
sonda heç vaxt qalib ola
bilmirlər!
Hərdən qazandıqları
uğurlar isə müvəqqəti, qısaömürlü
olur.
Nəfislərinin qulu
olduqlarından, haqq-ədaləti
daim pula satdıqlarından insanların
gözünün içinə
dik baxa bilmirlər.
Kol dibində yataraq qorxaqcasına donquldayırlar, yaxud qarasına danışaraq
kölgəyə hürürlər.
Milli mətbuatda
bu iki qütb
qəzet yaranan gündən formalaşıb.
İndi də davam edir, üstəlik,
yeni məkanda - gah saytlarda, gah da sosial
şəbəkələrdə.
Bəli, Həsən
bəy Zərdabiyə
də qaragüruh həcv yazıb;
Mirzə Cəlili
də ölümlə
hədələyiblər;
Üzeyir bəydən
də donosbazlıq ediblər.
Lakin şər
qüvvələr tarixin
qara arxivində qalıblar.
Həsən bəy,
Mirzə Cəlil, Üzeyir bəy isə bu gün
də yaşayırlar,
sabah da yaşayacaqlar!
***
Söz azadlığı,
düşüncə azadlığı,
vicdan azadlığı...
Əsrlər boyu
bəşəriyyətin ən
böyük arzularından
olub!
Çünki bu
azadlıqlar insan üçündür, insana
xidmət edir.
Lakin azad söz qərəzli, qeyri-obyektiv və vicdansızdırsa, onda necə olsun?!
Azad söz xidmət etməli olduğu insanı təhqir edirsə, şərəf və ləyaqətini alçaldırsa,
ona şər-böhtan
atırsa, onda necə olsun?!
Əgər azad
söz tamahının
qulu olanların,
"5-ci kolon"a xidmət
edənlərin, insan ləyaqətindən məhrum
olanların əlində
"kəsici alət"ə
çevrilirsə, onda
necə olsun?!
Belədə dünyanın
əşrəfi sayılan,
vətəninə, xalqına,
dövlətinə xidmət
edən insanın yanında olmalıyıq,
yoxsa "söz azadlığı"ndan murdar
məqsədləri üçün
istifadə edənlərin?!
* Hələ cümlə
düzüb-qoşmaq, fikrini
pis-yaxşı ifadə
etmək jurnalistika deyil!
* Ordan-burdan
yalan-doğru informasiya oğurlayaraq saytı doldurmaq jurnalistika
deyil!
* Adi
mövzudakı yazıları "sensasiya" kimi təqdim
etmək jurnalistika deyil!
* Təkcə xəbər
hazırlamaq və bir sual, bir cavablıq "müsahibə"
yazmaq jurnalistika deyil!
* İnsanlara
şər-böhtan atmaq, kimləri isə şantaj etmək
jurnalistika deyil!
* İnsanları
təhqir etmək, onların şərəf və ləyaqətlərini
aşağılamaq jurnalistika deyil!
* Yetənə
yetib, yetməyənə bir daş ataraq özünü cəmiyyətə
"nüfuzlu", "savadlı", "ustad" jurnalist
kimi təqdim etmək jurnalistika deyil!
* Milli
maraqları, ölkənin informasiya təhlükəsizliyini və
nüfuzunu nəzərə almadan dövləti hədəfə
çevirmək, hər hansı səbəbdən Azərbaycanın
nüfuzuna xələl gətirən fəaliyyət göstərmək,
"5-ci kolon"a qulluq göstərmək də jurnalistika
deyil!
Bütün
bunlar jurnalistikanın çətiri altına girərək
şəxsi maraqları təmin etmək, ölkəmizdə
mövcud olan mətbuat və söz azadlığından
sui-istifadə, antimilli fəaliyyətdən
sığortalanmaq cəhdləridir.
Jurnalistikanın
qapısı açıqdır.
Bu qapıdan hər
kəs sərbəst içəri girə bilər.
Ancaq bura gələndə
obyektivliyi, tərəfsizliyi və qərəzsizliyi, təmənnasızlığı
və ləyaqət hissini, ən əsası vicdanı
özü ilə gətirməyi kimsə unutmamalıdır!
Təbii ki, varsa.
***
"Don Kixot"
Servantesin parodiya janrında yazdığı məşhur
romandır.
Kitabsevərlərin
hamısı bu əsərlə tanışdır.
Cəngavər
romanları dəbdə olan vaxtlar əlinə qələm
götürən bu mövzuda "əsər"
yazırdı.
Servantes də
naşıların primitiv nəsr
yaradıcılığını bu sayaq lağa qoyub.
Əsərin qəhrəmanı
Don Kixot özünü əsil-nəcabətli cəngavər
kimi təsəvvür edir, cəngavərliyin bütün
"qayda"larını öz ağlı ilə (olmayan
ağlı) yerinə yetirir, həyatının sonunadək əsl
cəngavər olduğuna inanır.
Bu gün bəzi
saytlarda "Don Kixot" xəstəliyinə yoluxmuş
jurnalistlər "fəaliyyət" göstərirlər.
Özlərindən
müştəbeh, iddialı, hər yazılarını
"şedevr" sayanlar...
"Don Kixot xəstəliyi"
belələrində müasir formada təzahür edir:
* Hamısı
özünü "kamil", "dahi" jurnalist sayır,
hətta jurnalist təhsili olmayanlar belə.
* Dövlət
qurumlarını, yüksəkçinli dövlət məmurlarını
hədəf seçib mütəmadi tənqid etməklə
(çox zaman da ümumi şəkildə, qarasına və
dedi-qodu formasında) "cəsarətli",
"qorxmaz", "prinsipial" olduqlarını gözə
soxmağa çalışırlar.
* Öyüd-nəsihət
verməyi, yol göstərərək hamının
başına "ağıl qoymağı" çox sevirlər.
* Özlərini
daha "istedadlı", daha "çoxbilən", daha
"sanballı" təqdim etməkdən ötrü
özlərindən yüksəkdə olan jurnalistləri
qaralamağı, onlara "ağsaqqalsayağı" irad
tutmağı da xoşlayırlar.
* Elə
düşünürlər ki, özlərini belə
"müdrik", "ağırçəkili" aparmaqla
hamı onları ürəklərindən keçirdikləri
kimi qəbul edəcək.
Amma hansısa
şairin yazdığı kimi: "Xəstə çox
şey dilər, amma ona qismət olmaz..."
Jurnalist ədasıyla,
iddiasıyla yox, yazısı, düzgün əqidəsi,
obyektiv, ədalətli mövqeyi, qərəzsiz, təmənnasız
tənqidi yazıları ilə hörmət qazanar, tanınar
və qəbul edilə bilər!
Əks halda Don
Kixot kimi ictimai gülüş hədəfinə çevrilər.
***
Hər dəfə
"sosial media", "sosial jurnalistika" ifadəsini
eşidəndə nədənsə yadıma məşhur Azərbaycan
atalar sözü düşür: "Kasıb itinin
adını Gümüş qoyar".
Medianın
qanunları və prinsiplərinin daim pozulduğu bir platformaya
media demək olarmı?
Əgər
jurnalistikanın peşə davranışı qaydalarına,
janr tələblərinə əməl olunmursa, belə fəaliyyətə
jurnalistika demək olarmı?
Mahiyyət adda
ifadə olunmur, əməldə görünür!
Sosial media
sözdən sərbəst istifadə edilən hüdudsuz bir
məkandır.
Əgər bu məkanda
müxtəlif operativ xəbərlərə rast gəliriksə,
ona jurnalistika deməli və elə də qəbul etməliyik?!
Sovet
dövründə bir "simsiz teleqraf" anlayışı
var idi.
Buna
"ağız xəbərləri" də deyilirdi.
Kəndin
ayağında baş verən hadisələrdən hamı dəqiqələr
ərzində başında da xəbər tuturdu.
Naqilsiz, hava
ötürücüsüz, texnikasız bir zamanda.
Lakin heç
zaman onlara heç kəs nə jurnalistika dedi, nə mətbuat,
nə də radio-televiziya!
Çünki
ictimai əhəmiyyət kəsb etməyən hadisə ən
yaxşı halda yenilikdir, amma mətbu xəbər deyil!
Dedi-qodu, dalca
danışmaq, qeybət, şər-böhtan, insanın şərəf
və ləyaqətinə toxunan yazılar jurnalistikanın
janrları hesab olunmur.
İnsanlar
arasında baş verən bütün olaylar, xüsusən
etik normaya sığışmayan hadisələr heç
zaman qəzet səhifəsinə, radio-televiziya kanallarına
çıxarılmamalıdır.
Bu gün hərənin
açarı-qıfılı cibində olan internet adlı qəzet,
jurnal, radio və televiziyası var.
Özü
yazır, özü "dərc edir", özü insanlara
çatdırır.
Burada medialıq,
jurnalistikalıq nə var ki?!
Ən
yaxşı halda buna hobbi, əyləncə demək daha
doğru olar.
Amma bu "əyləncə
jurnalistikası" da həddini aşmamalı, insanların
şəxsi həyatlarına müdaxilə etməməli,
şərəf və ləyaqətin
aşağılanması hallarına yol verməməlidir!
Hansısa
"sayt rəhbəri", özünü "jurnalist"
adlandıran əliqələmli çox oyunlardan
çıxa bilər!
Hətta:
*
Özünü "dahi jurnalist" adlandıra;
*
"Sanballı", "ağır-ağayana" redaktor
hesab edə;
* Hamının
başına "ağıl qoymağa", hər kəsə
yol göstərməyə haqqı çatan şəxs kimi
təqdim edə;
* Yüksəkçinli
məmurları tənqid etməklə,
"plagiatlıq"da ittiham etməklə köhnə senzor
funksiyasını yerinə yetirə;
* Necə deyərlər,
mətbuatın (əslində, "sosial medianın")
"qanuni oğru"su kimi davrana bilər.
Amma bu o demək
deyil ki, hamı onu özünü təqdim etmək istədiyi
kimi qəbul edəcək!
Bu, yuxarıda bəhs
etdiyimiz Don Kixot arzusudur.
Arzu ilə
gerçəklik arasında isə bəzən məsafə o
qədər uzun olur ki, gedib başa çıxa bilmirsən.
Ağıl
yaşda olmur, başda olur!
İnsana isə
bütün yaşlarda ağıl gərəkdir!
***
Kino teatrı,
televiziya kinonu uda bilmədiyi kimi, elektron media da qəzetləri
yeyə bilməyəcək!
Heç sosial şəbəkə də
saytları yox etməyəcək!
Hərəsinin öz
yeri, öz vəzifəsi var.
"Köhnə"ni təzəyə
qurban vermək olmaz!
Xüsusən də
"köhnə" adlandırdığımız hələ
tam köhnəlməyibsə!
Azad sözə,
mətbuata xidmət həm də onu xoşagəlməz meyillərdən
qorumaq, onun qayda və prinsiplərinə dəqiq əməl
etməkdir!
Bu gün Azərbaycanın
media məkanında qabarıq görünən, ona ciddi ziyan
vuran və həllini gözləyən bir sıra aktual
problemlər mövcuddur.
Birincisi elektron
medianın "sensasiya xəstəliyi"dir.
Bəzi saytlar
"giriş sayı"nı süni şəkildə
artıraraq "qabaqcıl" olduqlarını sübuta
yetirmək üçün "adi və sadə" xəbərləri
belə "sensasiya libasında" təqdim etməyi sevirlər.
Xəbəri
"sensasiyalaşdırmaq" üçün
"çığıran" sərlövhələrdən
və digər primitiv fəndlərdən gen-bol istifadə
edirlər.
Artıq oxucu belə
hiylələrə bələd olduğundan daha aldanmır və
süni sensasiyalara uymur.
İkincisi milli mətbuatımızın
təməl daşı sayılan qəzetlərin artıq
"keçmiş", "köhnəlik" sayılaraq
vaxtından qabaq "dəfn" edilməsidir.
Hər bir ölkənin
qədimdən məşhur qəzetləri olub və insanlar
ona inanıb alışıblar.
İndiyədək
heç bir ölkədə belə qəzetlərdən
heç biri bağlanmayıb, ən pis halda tirajı
azalıb.
Bizdə isə qəzetlərin
sıradan çıxarılması üçün
mümkün olan hər şey edilir!
Üstəlik, nə
reklam bazarı var, nə də təsisçi öhdəliyi.
Artıq rayon qəzetləri
son günlərini yaşayırlar.
Regionlarda daha
dövlətin maraqlarını qoruyacaq heç bir mətbu orqan
qalmayıb!
Beləliklə,
jurnalist peşəsi "paytaxt peşəsi"nə
çevrilir. Kim onunla məşğul olmaq istəsə,
Bakıda yaşamalıdır.
Üçüncüsü
sosial şəbəkə statuslarının az qala mətbuatın
çıxışlarından üstün
tutulmasıdır.
Qəzet,
televiziya tənqid edir, bir çoxunun tükü belə tərpənmir.
Elə ki kimsə
nəsə yazıb, yaxud çəkib sosial şəbəkəyə
qoyursa, aləm qarışır, hələ xəbərin və
süjetin həqiqi olub-olmadığını dəqiqləşdirməmiş
"tədbir görməyə" başlayırlar.
Dördüncüsü
müasir jurnalistikanın ən böyük nöqsanı
peşəkarlığın son dərəcə
aşağı düşməsidir. Bu hal saytlarda daha
çox müşahidə olunur.
Kadr
hazırlığındakı problemlər, bu sahəyə
axışanların jurnalistikanın hətta əlifbasını
belə öyrənməyə təşəbbüs göstərməmələri,
hikkə və "mənəm-mənəm"likdən
doğan iddialar vəziyyəti daha da acınacaqlı edir.
Beşincisi reklam
bazarının yoxluğudur.
Telekanallar reklam
içində "boğulduqları" halda qəzet və
saytlar ona həsrətdirlər.
Bu boşluğu
aradan qaldırmaqla kim və necə məşğul
olmalıdır, bilən yoxdur.
Altıncısı
"reket jurnalistika"sına qarşı mübarizənin
dayandırılmasıdır.
Jurnalistlər
yeganə peşə sahibləridir ki, aralarındakı
yaramazları müəyyənləşdirərək
açıq şəkildə, "qara siyahı"
formasında cəmiyyətə özləri təqdim edirdilər.
Buna niyə son
qoyuldu, anlamaq olmur.
Üstəlik,
"reket jurnalistləri"nin mövcudluğu barədə cəmiyyətdən
tez-tez gələn siqnallar, ayrı-ayrı fərdlər barəsində
qaldırılan cinayət işləri, ən nəhayət,
jurnalist adının təmizliyinin qorunması bu mübarizənin
aktuallığına dəlalət edir.
***
O yerdə ki
iş var, orada nöqsan da olur - zamanın sınağından
çıxmış məşhur kəlamdır!
Uğurlu fəaliyyət
isə təkcə olanları artırmaq deyil, həm də
çatışmazlıqları müəyyənləşdirib
aradan qaldırmaqdır!
Biz Azərbaycan
jurnalistikasını yüksək peşəkar,
ağıllı, operativ, peşə davranışı
qaydalarına hörmətlə yanaşan, həqiqəti
söyləyən, obyektiv, qərəzsiz və vətənpərvər
bir jurnalistika kimi görmək istəyirik!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2023.-
21 iyul.- S.6.