Qala şəhərimizdə tarixi
abidələrin bərpasına
xüsusi diqqət yetirilir
Hazırda respublikamızın ərazisində
6300-dən artıq tarix
və mədəniyyət
abidəsi mövcuddur
Dünyada bəşər
sivilizasiyasının ilkin
meydana gəldiyi ərazilərdən biri də Azərbaycandır. Bunu ölkəmizin ərazisində tapılan
və yaşı minillikləri ötən abidələr, arxeoloji qazıntılar və tarixi məxəzlər də sübut edir. Hazırda respublikamızın ərazisində
6300-dən artıq tarix
və mədəniyyət
abidəsi mövcuddur.
Çıxışlarının
birində "Biz tarixi keçmişimizə
nəzər salarkən,
ulu babalarımızın
yaratdığı və
indiyə qədər
yaşayan abidələrlə,
qalalarla, şəhərlərlə,
heykəllərlə, yollarla
- yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı
bildiririk", - deyən
xalqımızın Ümummilli
Lideri Heydər Əliyev hakimiyyətdə
olduğu bütün
dövrlərdə bu
abidələrin mühafizə,
bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin
təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur.
Ölkəmizdə tarixi
abidələrə daim
diqqət və qayğı göstərilir.
Onu da xatırladaq
ki, üç il bundan öncə
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində
30 illik erməni işğalından azad edilən Qarabağda Ermənistanın hərbi
birləşmələri milli
mədəniyyət abidələrimizi
qəddarcasına dağıdıblar.
Erməni terrorçuları
tərəfindən zəbt
olunmuş qədim Qarabağda və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq
və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq,
arxeoloji bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ
sənət nümunəsi,
40 mindən artıq eksponatın toplandığı
22 muzey, yüzlərlə
mədəni-maarif müəssisələri
məhv edilmişdir.
Prezident İlham
Əliyevin diqqət və qayğısı, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında
Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsindən sonra
tarixi yaddaşımız
olan abidələrin bərpası və mühafizəsi geniş miqyas almışdır. Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasına əsaslanan
və dövlət başçısının sərəncamı
ilə 2013-cü il dekabrın 27-də təsdiq
edilmiş "Daşınmaz
tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması,
tarix və mədəniyyət qoruqlarının
fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına
dair 2014-2020-ci illər
üzrə Dövlət
Proqramı" qəbul
olunmuşdur. Bu sənədə daşınmaz
tarix-mədəniyyət abidələrinin
yeni siyahısının
tərtibi, bərpa-konservasiya
işlərinə dair
normativ sənədlərin
beynəlxalq standartlara
uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi,
yüksəkixtisaslı kadrların
hazırlanması, beynəlxalq
təşkilatlarla əməkdaşlığın
inkişafı kimi vacib məsələlər
daxil edilmişdir.
"Qarabağın döyünən ürəyi",
"Musiqi və incəsənət beşiyi"
adlandırılan qədim
Şuşa Ermənistan
silahlılarının 29 illik
işğalı altında
olarkən separatçılar
buradakı qədim abidələri, heykəlləri,
tarixi məkanları,
mülkləri, məktəb
və müəssisələri,
kitabxana, muzey və kinoklubları, bir sözlə, əsası Qarabağın
ilk xanı Pənahəli xan tərəfindən qoyulan
şəhəri yerləyeksan
edərək vandallıqlarını
göstərmişlər. Onlar
şəhərin azərbaycanlılara
məxsusluğunu silməyə
çalışmışlar, amma nə qədər
çalışsalar da,
Şuşa şəhərində
mədəniyyətimizi və
tarixi məxsusluğumuzu
silə bilməmişlər.
Çünki Şuşanın
hər bir daşında, hər bir abidəsində Azərbaycanın milli mədəniyyətinin nümunələri
həkk olunub və bu izləri
silmək qeyri-mümkündür.
İşğaldan azad
olunmasından keçdiyi
qısa zaman kəsiyində Şuşaya
milli ruh qayıdıb. Əvvəllər
olduğu kimi, Cıdır düzündə
və Molla Pənah Vaqifin məqbərəsinin önündə
mədəni-kütləvi tədbirlərin yenidən
keçirilməsinə başlanılıb.
Ötən ildən bəri bu şəhərdə
şahidi və iştirakçısı olduğumuz
bir-birindən maraqlı
tədbirlər buna bariz nümunədir.
Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına
əsasən, Şuşanı
cənnətməkana çevirmək
üçün təxirəsalınmaz
tədbirlər həyata
keçirilmişdir. Zəfərdən
az sonra dağıdılmış və
məhv edilmiş bir sıra tarixi
abidələrə, heykəllərə,
yerli memarlıq abidəsi hesab edilən binalara ikinci həyat verilib. Yeni mədəniyyət
ocaqlarının təməli
qoyulub. Böyük qürur hissi ilə qeyd edə
bilərik ki, hazırda azadlığının
üçüncü ilini
yaşayan Şuşada
bərpa, quruculuq və tikinti işləri sürətlə
aparılır. Şuşa
işğaldan azad olunandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər
etmiş və onun bərpası, xüsusən tarixi mədəniyyət abidələrinin
yenidən qurulması
ilə maraqlanmışlar.
Dövlət başçısı
Şuşaya səfərləri
zamanı bu unikal məkanın və tarixin daş yaddaşına çevrilmiş abidələrin
tezliklə bərpa ediləcəyini bildirmişdir.
Xatırladaq ki,
işğal zamanı
dağıdılmış və məhv edilmiş müqəddəs
ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. İşğalda olduğu
zaman erməni vandalları tərəfindən
məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri
dağıdılmışdır. Qəbul edilmiş layihələrə əsasən,
Heydər Əliyev Fondunun rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə məsciddə bərpa işləri aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il sentyabrın sonlarında Şuşada olarkən məscidi ziyarət etmişlər.
Məsciddə nəzərdə
tutulan bərpa işləri yüksək
səviyyədə başa
çatdırılıb, dini
ziyarətgahın daşları
ilkin layihəyə uyğun olaraq dəyişdirilib. Konservasiya
işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu
tərəfindən həyata
keçirilib.
Cari il mayın 10-da məscidin əsaslı yenidənqurma
və bərpadan sonra açılışı
olmuşdur. Tədbirdə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etmişlər.
Məscid ölkə
əhəmiyyətli tarixi-mədəniyyət
abidələri siyahısındadır.
Tikilinin müəllifi
məşhur memar Kərbəlayı Səfixan
Qarabağidir. Bu məscid ən yaxşı nümunələr
sırasına daxildir.
Məscidin minarələrinin
ornamentləri və otaqların divar rəsmləri Şuşa
şəhərində yaşayıb-yaratmış
şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Dövlət başçısı
məscidin ərazisində
yerləşən mədrəsə
binasında "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" sərgisi ilə də tanış olub.
Qarabağın tarixini
özündə yaşadan
yerli memarlıq abidələrindən biri
də Heydər Əliyev Fondu tərəfindən aparılan
bərpa işlərindən
sonra istifadəyə verilən Mehmandarovların
malikanə kompleksidir.
Bu malikanə turistlərin böyük maraqla baş çəkmək istədikləri
ünvanlardandır. Xatırladaq
ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən
XVIII əsrdə inşa
olunub. Yaşayış
evinin həyətində
XX əsrin əvvəllərinə
aid qədim fayton xüsusi diqqət çəkir.
Zadəgan malikanəsinin
qonaq otağı milli dəyərləri nümayiş etdirir. Burada Şuşanın tanınmış nəsilləri
- Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara,
Vəzirovlara, Qacarlara
aid foto və məlumatlar yer alıb. Malikanədəki otaqları
milli əşyalarla yanaşı, avropasayağı
məişət əşyaları
da bəzəyir. Burada ziyarətçi özünü XIX əsrin
sonu - XX əsrin əvvəllərində yaşamış
azərbaycanlı zadəganının
evindəki kimi hiss etmiş olur.
Tarixi abidələrin
bərpası və yenidən qurulması sırasında dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah
Vaqifin muzey-məqbərə
kompleksinin, Vaqifin büstünün yenidən
qurulması, görkəmli
bəstəkar Üzeyir
bəy Hacıbəylinin,
Bülbülün, Xurşidbanu
Natəvanın heykəlinin
Şuşada yenidən
ucaldılması rəğbətlə
qarşılanmışdır.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.- 21 iyul.-
S.10.