Sənət
aləmində özünəməxsus
yeri vardı
Azərbaycan təsviri
sənət aləmində
onun da özünəməxsus
yeri var. O, təsviri sənətin dəzgah rəngkarlığı
sahəsində fəaliyyət
göstərib, yaddaqalan
əsərlər müəllifi
kimi tanınıb, həmçinin incəsənət
istiqaməti üzrə
uğurlu ictimai fəaliyyət göstərib.
Haqqında söhbət
açdığımız şəxs Xalq rəssamı Salam Əbdülqasım oğlu
Salamzadədir. Bu il rəssamın anadan olmasının 115 ili tamam olur.
S.Salamzadə 1908-ci ildə
Bakı şəhərində
dünyaya göz açıb. O, sənətin
sirlərinə Azərbaycan
Dövlət Rəssamlıq
Məktəbində yiyələnib
və sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə
ikən "Şərq
qadını", "İnqilab
və mədəniyyət"
jurnallarında bədii
tərtibatçı işləyib və illüstrasiyalar çəkib.
Rəssam yaradıcılığı
boyu süjetli tablo, portret, mənzərə və natürmort janrlarında maraqlı, məna və məzmun yükünə malik sənət əsərləri
ərsəyə gətirib.
S.Salamzadənin Bakı
(1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən
ibarət fərdi sərgiləri təşkil
olunub. Rəssam həmçinin ictimai fəaliyyətlə də
məşğul olub.
Belə ki, o, Azərbaycan Milli İncəsənət Muzeyinin
və N.Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru vəzifələrində işləyib.
Rəssam "Əməkdar
incəsənət xadimi",
"Xalq rəssamı"
fəxri adlarına, eləcə də "Şərəf nişanı",
"Xalqlar dostluğu"
ordenlərinə layiq
görülüb. Əsərləri
xarici ölkələrin
muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
S.Salamzadə daim
axtarışda olmuş,
milli təsviri sənət ənənələrimizi
mütərəqqi sənət
üsulları ilə
çuğlaşdıraraq, yeni sənət əsərləri ərsəyə
gətirməyə üstünlük
vermişdir. Rəssamın
yaradıcılığını şərti
olaraq iki mərhələyə bölsək,
birinci mərhələdə
onun daha çox dekorativliyə, təmiz rəng keçidlərinə, sadə
kompozisiya quruluşu və səthi perspektiv həllə üstünlük verdiyini
müşahidə edərik.
Sadalanan bu sənət metodları təbii ki, miniatür sənətimizin
təsirindən qaynaqlanırdı.
Rəssamın belə
əsərlərinə Gəncə
və Lənkərana
səfər edərək
görüb müşahidə
etdikləri əsasında
yaratdığı "Sap
sexi", "Gəncə
toxuculuq fabrikində",
"Komsomolçular iş
vaxtı", "MTS-nin
açılışı", "Konserv fabrikində" və başqa əsərləri qeyd etmək olar.
S.Salamzadə İkinci
Dünya müharibəsi
illərində daha çox müharibə qəhrəmanlarının portretlərini
və Ədəbiyyat
muzeyi üçün
süjetli kompozisiyalar
işləmişdir. Rəssam
müharibə illərindən
sonra yaradıcılıq
məharətini genişləndirərək,
ölkəmizin cənub
bölgəsinə (Lənkəran,
Astara) ezamiyyətlərə
yollanmış, bir çox uğurlu əsərlər yaratmışdır.
S.Salamzadənin incəsənət
xadimlərinin portretləri,
əmək adamlarının
iş prosesində təsvir olunmuş surətləri olduqca inandırıcı, obrazların
xarakterik və psixoloji xüsusiyyətlərini
təcəssüm etdirən,
daxili aləmlərini
açan, həmçinin
sənaye mənzərələri
və təbiət lövhələrində lirik
bədii təfərrüatları
özündə əks
etdirən bədii elemenlərlə zəngindir.
Rəssamın portret əsərlərinə "Maniyə
Kərimovanın portreti"
(1938), "Üzeyir Hacıbəyovun
portreti" (1941), "Xalq
artisti Sidqi Ruhullanın portreti"
(1944), "Röyal arxasında"
(1955), "Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadənin portreti"
(1957), "Gilənarla qızın
portreti" (1957), "Nəriman
Nərimanovun portreti"
(1958), "Qız bababöykü
çiçəyi ilə"
(1962), "Gənc kolxozçu
qızın portreti"
(1964), "Kəndli qız"
(1972) və başqalarını
göstərmək olar.
Sadalanan portretlərin
hər biri ayrıca dəyərləndirilməyə
layiq əsərlərdir.
Rəssam ömür-gün
yoldaşının - məşhur,
nakam şair Əliqulu Qəmküsarın
qızı, ölkəmizdə
ilk qadın kinorejissor olmuş Qəmər Salamzadənin
çoxlu portretini çəkmişdir.
S.Salamzadə süjetli
tablo və mənzərə janrında
yaratmış olduğu
əsərlərində bəzən
sintez üsulu ilə iki janrın
xüsusiyyətlərini bir
tabloda birləşdirərək
əks etdirmişdir. Süjetli tablo və məzərə əsərlərindən "Rüstəmin
Əfrasiyabla döyüşü"
(1934), "Günəş altında" (1958), "Sovxoz
çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay
plantasiyası" (1970),"Rəfiqələr" (1970), "Qürub çağı"
(1973),"Toya gedənlər"
(1974), "Astara subtropik
sovxozu" (1976), "Rezervuarlar"
(1976), "Lənkəran çaybecərənləri"
(1977) və digərlərini
qeyd etmək olar.
S.Salamzadənin xarici
ölkələrə ezamiyyəti
və səfərləri
nəticəsində yaratmış
olduğu tablolar onun yaradıcılığının
ayrıca bir istiqamətini təşkil
edir. Rəssam ərəb ölkələrində
uzunmüddətli yaradıcılıq
ezamiyyətində olmuşdur.
O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış
və Misir, İraq, Suriya, Livan və başqa
ərəb ölkələrində
gördüyü, müşahidə
etdiyi hadisələri
rəssam təxəyyülündən
keçirərək diqqəti
cəlb edən rəngkarlıq əsərləri
yaratmışdır. Rəssamın
yaradıcılığının 10 ilə yaxın dövrü ərzində
ərsəyə gətirdiyi
müxtəlif janrlı
əsərlər "Ərəb
ölkələri silsiləsi"ni
(1961-1970) təşkil edir.
Sənətşünas, AMEA-nın müxbir üzvü Kərim Kərimov qeyd edirdi: "Ərəb ölkələrində çox
rəssam olmuş, lakin heç kəsə Salam Salamzadə qədər ərəblərin həyatı
ilə yaxından tanış olmaq, geniş müşahidələr
aparmaq, hadisələrin
mahiyyətini duymaq və gələcək əsərləri üçün
bu qədər material toplamaq nəsib olmamışdır".
İki qərinəlik
yaradıcılıq fəaliyyətinə
malik olan, həyatı boyu yadda qalan, bədii
estetik zövq aşılayan sənət
əsərləri yaratmış
Xalq rəssamı S.Salamzadə öz adını əbədi olaraq incəsənət tariximizə həkk edə bilmişdir.
Əsəd QULİYEV,
sənətşünas
Azərbaycan.-2023.-
21 iyul.- S.10.