YAP Mərkəzi
Aparatının rəhbəri
ilə ICAPP-ın baş katibi arasında görüş
keçirilib
Kamboca Krallığında
keçiriləcək parlament
seçkilərini Asiya
Siyasi Partiyaları Beynəlxalq Konfransı
(ICAPP) missiyasının tərkibində
müşahidə etmək
məqsədilə bu
ölkədə səfərdə
olan Yeni Azərbaycan Partiyasının
(YAP) Mərkəzi Aparatının
rəhbəri Tahir Budaqov iyulun 21-də ICAPP-ın baş katibi Ahn Myung-soo
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
Tahir Budaqov Yeni Azərbaycan Partiyasının ICAPP ilə
əməkdaşlığa mühüm əhəmiyyət
verdiyini, qarşılıqlı
faydalı əlaqələrin
daha da genişləndirilməsinin
önəmini vurğulayıb.
Öz növbəsində
Ahn Myung-soo Yeni Azərbaycan Partiyasının ICAPP-ın
Daimi Komitəsinin üzvü kimi qurumun fəaliyyətində
yaxından iştirak etdiyini bildirərək birgə səylərlə
əməkdaşlığın davamlı inkişaf edəcəyinə əminliyini
ifadə edib. Görüşdə YAP-ın
yeni yaradılmış
ICAPP Biznes Şurasındakı
fəaliyyəti və
əməkdaşlığın perspektivləri barədə
də fikir mübadiləsi aparılıb.
Sonra ICAPP-dan olan müşahidəçilər
"Kamboca Milli Assambleyasına seçkilərin
tarixi və perspektivləri" mövzusunda
Kamboca Milli Seçki Komitəsi, Vətəndaş Cəmiyyəti
Alyansı Forumu və Daxili İşlər Nazirliyi tərəfindən təşkil
olunmuş brifinqdə
iştirak ediblər. Brifinqdə Kamboca Milli Assambleyasına "Seçkilər haqqında"
qanunun mahiyyəti, VII
çağırış Milli Assambleyaya seçkilərdə təhlükəsizliyin
təmin edilməsi istiqamətində görülən
tədbirlər, eləcə
də Kambocanın tarixi və mövcud ictimai-siyasi vəziyyəti haqqında
məruzələr dinlənilib,
iştirakçıların sualları cavablandırılıb.
Günün sonunda
ICAPP missiyasının üzvləri
Baş nazirin keçmiş müavini mərhum Samdek Vibol Panha Sok
Anın həyat yoldaşı xanım Eni Sok Anın adından
verilən şam yeməyinə qatılıblar.
Qeyd edək ki, ICAPP-ın müşahidə missiyasının tərkibinə YAP üzvü, "Millennium Tourism & Congress DMC"nin həmtəsisçisi və baş icraçı direktoru, ICAPP Biznes Şurasının üzvü Ruslan Quliyev də daxildir.
Azərbaycan.-2023.- 22 iyul.- S.8.