Aydın
Mirzəzadə: Pyotr Tolstoy fikirlərinə görə Azərbaycandan
üzr istəməlidir
Milli Məclisin
deputatı Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının
üzvü Pyotr Tolstoyun təxribatçı
çıxışındakı fikirlərinə etiraz edib.
Aydın Mirzəzadə
bildirib ki, Rusiya Dövlət Dumasının vitse-spikeri
böyük səhv edir. Onun söylədiyi
fikirlər beynəlxalq
hüquq normalarına,
Rusiyanın rəsmi siyasətinə, hakim Vahid Rusiya Partiyasının
siyasi xəttinə ziddir. Pyotr Tolstoy
bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri
dövlətlərin suverenliyinə,
dövlət müstəqilliyinə,
ərazi bütövlüyünə
hörmətlə yanaşmaqdır.
Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün,
Çar Rusiyasının
işğalçılıq ideologiyasının qalığıdır.
Milli Məclisin
deputatı qeyd edib ki, Tolstoy
tanınmış telejurnalistdir
və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır. O bilməlidir ki, dünyanın müstəqil
dövlətlərinin hər
biri öz müstəqilliyinin keşiyindədir.
Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir.
Aydın Mirzəzadə
bildirib ki, Pyotr Tolstoy bu
fikirlərinə görə
ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər
Rusiya Prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının
siyasi mövqeyinə ziddir və bu cür fikirlər
iki dövlət arasındakı münasibətləri
böyük zərbə
altında qoyur.
Aydın Mirzəzadə Rusiyanın rəsmi dairələrinin qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib. Milli Məclisin deputatı qeyd edib ki, Rusiyanın bu gün Azərbaycanla münasibətləri var. Azərbaycanla Rusiya strateji müttəfiqlərdir və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz böyük səhvdir.
Azərbaycan.-2023.- 22 iyul.- S.8.