Ziyafət
Əsgərov: Pyotr Tolstoyun açıqlaması
Rusiya-Azərbaycan münasibətlərinə
xələl gətirir
Rusiya Dövlət
Dumasının üzvü
Pyotr Tolstoyun açıqlaması heç
bir halda başa düşülən
deyil, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərə və
bu münasibətləri
tənzimləyən müqavilələrə
xələl gətirir.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov bildirib. Ziyafət Əsgərovun sözlərinə görə,
22 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik
qarşılıqlı fəaliyyəti
haqqında Bəyannaməni
xatırlatmaq kifayətdir
ki, hər şey aydın olsun: "Həmin bəyannamədə hər
iki dövlətin müstəqilliyi, suverenliyi,
ərazi bütövlüyü,
eyni zamanda bir-birilərinin daxili işlərinə qarışmaması
xüsusi vurğulanıb.
Hesab edirəm ki, Pyotr Tolstoy
bu bəyannaməni təsdiq edən Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətlə
yanaşmalıdır.
Azərbaycan 30 ildən
artıqdır ki, müstəqil dövlətdir,
müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan Rusiya ilə münasibətlərdə
beynəlxalq hüququn
bərabər subyektliliyi
prinsipinə əsaslanır".
Parlamentin komitə
sədri Azərbaycanın
müstəqilliyinin əbədi
olduğunu vurğulayıb:
"Təəssüf ki,
Rusiyada Azərbaycanla əlaqələrə kölgə
salan Zatulin, Milonov kimilərinin sayı yüksələn
xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən
də Rusiya Dövlət Dumasının
üzvü Pyotr Tolstoyun açıqlaması
dövlətlərarası münasibətlərə xələl
gətirir.
Son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycanın hansı gücə malik olduğunu göstərdi. Rusiyanın belə rəsmi şəxsləri bunları nəzərə almalıdırlar. "Dağlıq Qarabağ" və "Stepanakert" kimi anlayışlar isə artıq tarixin arxivinə qovuşub. Pyotr Tolstoy "bəlkə də qaytardılar" arzusu ilə yaşayırsa, bilməlidir ki, qatar artıq çoxdan gedib və bununla razılaşmalıdır. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur".
Azərbaycan.-2023.- 22 iyul.- S.8.