Azad sözün hamisi

 

Mətbuat cəmiyyətin aynasıdır. Dəyişiklik inkişafa can atan hər bir cəmiyyət özünə daim bu aynada nəzər yetirir, uğurlu cəhətlərini daha da inkişaf etdirir, gözə dəyən nöqsanları isə aradan qaldırır.

Mətbuat faydalı ideyaların müzakirəyə çıxarıldığı, həqiqətlərin ortaya qoyulduğu sağlam düşüncə meydanıdır. İnsanları bu ideyalar ətrafında bir araya gətirən, səfərbər edən, onlar arasında əlaqə quran son dərəcə güclü vasitədir.

Mətbuat deməyə sözü olan hər kəsin düşüncələrini insanlara yetirən yüksək tribunadır. Ən nəhayət, mətbuat nəsillər arasında rabitədir: tarixin salnaməsini öz səhifələrində qoruyan, gerçək həqiqətləri heç zaman itib-batmağa qoymayan, keçmişin işığı ilə bu günə gələcəyə bələdçilik edən böyük dəyərdir. Ona görə bəşər tarixində yazılı sözün, informasiya vasitələrinin meydana gəldiyi ilk dövrlərdən günümüzə qədər öz zəmanələrinin bütün böyük şəxsiyyətləri mətbuata, sözə hər zaman xüsusi əhəmiyyət veriblər.

 

Sözə dəyər verən Şəxsiyyət

 

Mətbuata böyük diqqət, jurnalistikanın əhəmiyyətinin yüksək qiymətləndirilməsi bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin lider kimi ən səciyyəvi cəhətlərindən idi. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə bu böyük dövlət adamı Azərbaycan milli mətbuatının zamanın tələblərinə uyğun inkişafı üçün lazımi addımlar atırdı. Ulu Öndər mövcud olan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, infrastruktur təminatı məqsədilə ardıcıl tədbirlər həyata keçirirdi.

Peşəkar jurnalist kadrların hazırlanması da Heydər Əliyevin diqqətində olan məsələlərdən idi. Ən mühümü isə Ümummilli Lider jurnalistlərin qəzet səhifələrində, televiziya, radio efirində təqdim etdikləri materiallara, qaldırdıqları həssas məsələlərə münasibətilə, mətbu fəaliyyətə göstərdiyi yüksək hörmətlə ölkəmizdə bu sənətin nüfuzunu yüksəldirdi. Başqaları üçün nümunə yaradırdı. Ulu Öndərin münasibətində mətbu söz öz məqsədinə çatırdı. Qaldırılan problemlər öz həllini tapırdı. Kütləvi informasiya vasitələrində irəli sürülən faydalı ideyalar, təşəbbüslər nəzərə alınırdı. Bütün bunlar mətbuatın qədər böyük gücə malik olduğunu göstərir cəmiyyətdə jurnalistika haqqında aydın təsəvvür formalaşdırırdı.

Ümummilli Lider hətta kommunist-sovet mətbuatı nəzəriyyəsinin işlək olduğu, yəni mətbuata hökumət tərəfindən total nəzarətin hökm sürdüyü dövrlərdə sözə mümkün qədər azadlıq verilməsinin, tənqidin hüdudlarının genişləndirilməsinin tərəfdarı idi. Dəfələrlə olmuşdu ki, ölkənin birinci şəxsi qəzetdə dərc olunmuş yazını ən yüksək dairələrdə müzakirəyə çıxarmışdı. İşıqlandırılan məsələlərlə bağlı lazımi tədbirlər görmüşdü. Yaxud hansısa jurnalisti haqlı sözünə görə üzləşdiyi təzyiqlərdən qorumuşdu, hər kəsə göstərmişdi ki, o, ölkəmizdə azad sözün əsas hamisidir. Məhz Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə kütləvi informasiya vasitələrində maraqlı, orijinal materiallar bu materialları ərsəyə gətirmiş yaradıcı imzalar görünməyə başlamışdı. Buna münbit şəraiti ölkənin rəhbəri kimi o yaratmışdı. Ötən əsrin 70-ci illərində Azərbaycanda milli şüurun oyanışında, tarixi köklərə qayıdışda, müstəqillik ideyalarının formalaşmasında, uzun illərdən bəri cəmiyyəti məhdudlaşdıran buzun əriməsində mətbuatın rolu əvəzsiz idi. Məhz bu xüsusiyyətlərinə görə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrü milli mətbuat tariximizdə geniş tədqiqi son dərəcə zəruri olan maraqlı bir dövrdür.

 

Mətbuat tariximizdə yeni mərhələ

 

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq milli mətbuatımız üzərinə böyük bir missiya götürmüş oldu. Azərbaycanın dövlət müstəqilliyinin bərpası hüquqi dövlət quruculuğu yoluna qədəm qoymasına gətirən böyük tarixi prosesin mühüm hissəsi məhz mətbuat səhifələrində işıqlandırılırdı. Mətbuat bu dövrdə cəmiyyətdə əsas kommunikasiya funksiyasını yerinə yetirirdi. Müstəqilliyin ilk illərindəki böhran dövründə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri kimi Azərbaycan milli mətbuatı da tədricən xaosdan çıxdı, mətbuatımızın aydın inkişaf yolu görünməyə başladı. Bu qayıdışdan sonra hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə sürətlə irəliləyən, vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi bazanın, şəraitin yaradıldığı müstəqil, sivil bir ölkəni azad mətbuatsız təsəvvür etmək, təbii ki, mümkünsüz görünərdi. Bu baxımdan, müstəqillik illərində ölkəmizdə azad sözün, müstəqil mətbuatın bərqərar olması da məhz Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışına qədər Azərbaycan mətbuatı qeyri-müəyyənlik girdabında idi. Guya ölkədə müstəqil mətbuat formalaşmışdı. Amma o dövrdə çıxan qəzetlərin çoxunun müstəqilliyi zahiri idi. Əksəriyyəti müxtəlif firqələrin, yaxud fərdi şəxslərin vəsaiti ilə fəaliyyət göstərir ölkəmizin, xalqımızın ictimai maraqlarına deyil, fərdi maraqlarına xidmət edirdi. Bu cür asılılıq, cılız maraqlara xidmət mətbuatın özünü cılızlaşdırır, onu böyük məqsədlərindən, ali məramlarından uzaq salırdı. Mətbuat, jurnalistlər ayrı-ayrı siyasi firqələr arasındakı çəkişmələrə cəlb olunmuşdu. Onlar hücum, yalan, böhtan ruporu funksiyasını yerinə yetirməyə başlamışdı. Bütün bunlar mətbu sözü nüfuzdan salır, onun dəyərini azaldırdı. Azərbaycan mətbuatının 1991-1993-cü illərdəki vəziyyətini göz önünə gətirsək, faktlar bu fikrimizdə qədər haqlı olduğumuzu göstərər.

Belə bir zamanda Heydər Əliyevin siyasi iradəsi sayəsində milli mətbuatımız yeni həyat qazandı. Dəyişən dünyanın şərtlərinə uyğun olaraq inkişafa başladı. 1993-cü ilə qədər Azərbaycan mətbuatı ara-sıra tətbiq edilən fövqəladə vəziyyətdən, hərbi senzuradan əziyyət çəkirdi. Hakimiyyətə söz azadlığı, demokratiya şüarı ilə gələn təsadüfi kəslər reallıqda azad sözə qənim kəsilmişdilər. Söz azadlığı Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər cəmiyyətdə olsa-olsa görüntü yaratmaq kimi mövcud idi. Yüksəkrütbəli dövlət məmurları mətbuata, mediaya jurnalisti yazdığı yazıya görə döyəcək, qəzet yedirdəcək qədər azğınlıq nümayiş etdirirdilər. Canlı efir zamanı studiyaya soxulub veriliş iştirakçılarına da, ekran qarşısındakı yüz minlərlə tamaşaçıya da sayğısızlıq göstərirdilər. Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı milli mətbuatımızı utancverici girdabdan çıxardı. Bu möhtəşəm qayıdış jurnalistikamızın da qurtuluşu oldu. Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan, Azərbaycan xalqını qorxu, sosial-iqtisadi böhran, mənəvi tənəzzül mühitindən xilas etdiyi kimi milli mətbuatımızı da çətinliklərdən, ən əsası senzuradan qurtardı. 1993-cü ilin 20 sentyabrında Azərbaycanda fövqəladə vəziyyət rejimi ləğv edildi. Yalnız bundan sonra demokratiyadan, söz azadlığından danışmaq, bu istiqamətdə qarşıda duran problemləri aradan qaldırmaq üçün real şərait yetişdi.

 

Örnək

 

Heydər Əliyevin mətbuata diqqəti, cəmiyyət həyatı üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu sahəyə göstərdiyi qayğı təkcə postsovet məkanında deyil, ümumən dünyada parlaq örnək sayıla bilərdi. Ulu Öndər mediaya münasibətdə əsl şəxsiyyət, Lider mövqeyi tutur, yazılı sözü iqtidar, müxalifət cinahlarına bölmürdü. O, azad sözə dözümlü münasibət göstərir, hətta müxalifət mətbuatının arasıkəsilmədən yazıb tirajladığı şayiələrə, böhtanlara da misilsiz tolerantlıq nümayiş etdirirdi.                  

Heydər Əliyev mətbuatın ölkənin demokratik inkişafındakı rolunu çox yüksək qiymətləndirirdi. İctimaiyyətə doğru informasiyanı yalnız kütləvi informasiya vasitələrinin köməyi ilə çatdırmağın səmərəsini hamıdan yaxşı bilir müstəqil, hüquqi dövlət quruculuğu prosesində KİV-in əhəmiyyətinə böyük önəm verirdi. Eyni zamanda Ulu Öndər dövlət adamı, müdrik rəhbər kimi jurnalistləri, media mənsublarını dövlətçilik mövqeyindən çıxış etməyə, Azərbaycanın milli maraqlarını heç nəyə qurban verməməyə, mətbu sözün məsuliyyətini anlamağa çağırırdı. Bununla Ümummilli Lider cəmiyyətdə siyasi mədəniyyət səviyyəsini yüksəltməyə çalışırdı. Böyük strateq fərqində idi ki, cəmiyyətdə siyasi mədəniyyətin formalaşması, münasibətlərin sivil məcrada bərqərar olması, inkişaf etmiş mediadan, peşəkar jurnalistikadan çox asılıdır.

Ulu Öndər Azərbaycan mətbuatının bu səviyyəyə yüksəlməsi üçün hər cür şərait yaradır, tarixi addımlar atırdı. Bu baxımdan Ümummilli Liderin 6 avqust 1998-ci ildə "Azərbaycan Respublikasında söz, fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" verdiyi fərman xüsusilə qiymətlidir. Belə ki, həmin fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazırlanarkən qanunlar qəbul edilərkən Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya sazişlərdə, ölkə Konstitusiyasında təsbit edilmiş insan vətəndaşların fikir, söz məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması xüsusilə diqqəti cəlb edirdi. Bu fərmanın müvafiq müddəasına əsasən, Azərbaycanda senzura ləğv edildi uzun illər ərzində milli mətbuatımızın başı üzərində dolaşan kabus tarixə çevrildi. Həmin vaxtdan etibarən Azərbaycan jurnalistikası yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Bu yolda böyük nailiyyətlər əldə etdi.

1999-cu ilin sonunda isə "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun qəbul olundu. 2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu.

Ümummilli Lider dövlət idarəçiliyində mətbuatda səmərəli əməkdaşlığa daim mühüm önəm verir, özü jurnalistlərlə mütəmadi ünsiyyəti ilə bir çox dövlət məmurlarına bu sahədə nümunə göstərir, həmçinin media qurumlarına diqqət qayğısını heç zaman əsirgəmirdi. Heydər Əliyevin milli mətbuatımızın iqtisadi çətinliklərinin həlli, o cümlədən qəzetlərin "Azərbaycan" nəşriyyatına yaranmış borclarının ləğvi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər indi media təmsilçilərinin yaddaşında böyük rəğbətlə xatırlanır.

2002-ci ilin martında Ulu Öndərin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi bu böyük dövlət adamının söz mətbuat azadlığına verdiyi dəyərin ifadəsi, onun milli mətbuatımızın inkişafındakı müstəsna xidmətlərinin obyektiv qiyməti idi. Bu fakt o dövrdə dünyanın bir sıra aparıcı institutları tərəfindən yüksək dəyərləndirilərək Azərbaycandakı mövcud demokratik inkişaf səviyyəsinin maraqlı göstəricisi kimi tarixə düşmüşdür.

 

Güclü Azərbaycanın mediası

 

Ümummilli Liderin mətbuata belə münasibəti bu gün yüksək səviyyədə davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə verdiyi dəyərlə, daimi diqqət qayğı ilə Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün Azərbaycanda söz, mətbu fəaliyyət tam azaddır. Azərbaycan internetə, insanların özünüifadə azadlığına heç bir məhdudiyyət qoymayan ən demokratik ölkələr sırasındadır. Bu cür məhdudiyyətsiz azadlıq bəzi hallarda müəyyən problemlərə, sosial məsuliyyət normalarının pozulmasına gətirsə , bu mühit qorunur. Dövlət rəhbərimiz ölkəmizdə azad sözün, vətəndaşların ifadə azadlığının əsas təminatçısı, qüdrətli hamisidir.

Sevindiricidir ki, ölkəmizdə baş verən davamlı inkişaf prosesləri milli mətbuatımızı da inkişaf etdirir. Azərbaycan mətbuatı, jurnalistlərimiz məsələlərə daha peşəkar, daha obyektiv mövqedən yanaşır. Sosial məsuliyyət normaları ciddi şəkildə qorunur. Eyni zamanda ölkəmizin milli maraqları mətbu fəaliyyətdə nəzərə alınır.

İyulun 21-də Prezident İlham Əliyevin tapşırığına əsasən, "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada I Qlobal Media Forumu keçirildi. Həmin forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat media qurumu, həmçinin 60 yerli media rəhbəri nümayəndəsi iştirak edirdi. Prezident İlham Əliyev forumun açılış mərasimində iştirak etmiş media nümayəndələrinin suallarını cavablandırmışdır. Dövlətimizin başçısı ilk növbədə bütün hədəflərə çatacağımızı dünyaya bir daha bəyan etmişdir. Daha sonra Prezident ölkə mediasının bugünkü fəaliyyəti, məsuliyyəti məsələsinə toxunaraq demişdir: "Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni bu, yenə media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə davam edin".

Ölkə mediası bu gün bütün dünyada  həqiqətlərimizin carçısı, tarixin ən qüdrətli Azərbaycanının inkişafının, nailiyyətlərinin salnaməçisi rolunda çıxış edir, bu möhtəşəm günlərin tarixini yazıb-yaradır. Bu, Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı arzularının cəmiyyətin aynası olan mətbuat sahəsində özünü doğrultmasıdır.  

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2023.- 23 iyul.- S.3.