Ölkəmiz
tranzit imkanlarından daha geniş istifadə etməyi hədəfləyir
Prezident İlham
Əliyev çıxışlarında
bir neçə dəfə vurğulamışdır
ki, bizim istəyimiz təkcə böyük yükləri
aşıran tranzit ölkə olmaq yox, həm də
bu nəqliyyat marşrutları üzərində
yeni istehsal sahələri yaratmaq, biznes imkanlarımızı
genişləndirmək, daha
çox sərmayə
cəlb etməkdir.
Bunun üçün
ölkəmizin nəqliyyat
sistemi mükəmməlləşərək
inkişaf edir, həmin istiqamətdə bir çox layihələr həyata keçirilir, islahatlar aparılır. Dövlət
başçısının imzaladığı məlum
sərəncamlar da nəqliyyat sisteminin bütünlükdə təkmilləşdirilməsinə,
dünya nəqliyyat sisteminə uğurlu inteqrasiyasına yönəlir.
Bəli, məhz Prezident İlham Əliyevin səyləri sayəsində illərdir
ki, Azərbaycanda yeni nəqliyyat sistemi formalaşır. Bu baxımdan "Nəqliyyatı Əlaqələndirmə
Şurasının yaradılması
haqqında" Prezident
İlham Əliyevin
2023-cü il 19 aprel tarixli sərəncamını
müxtəlif koordinasiyaların
çevik və mobil tətbiqinə xidmət edən vacib sənəd hesab etmək olar.
Aparıcı ekspertlərin
araşdırmaları onu
göstərir ki, nəqliyyat sistemi milli çərçivədən
çıxaraq həm
dünya nəqliyyat sisteminin tərkibinə çevrilir, həm də iqtisadi inteqrasiyanı təmin edir. İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin şöbə
müdiri Aqil Əsədov araşdırmasını
dəqiq faktlar üzərində apararaq belə qənaətə gəlir: "Bakı limanı ilə Çinin Qinqdao limanı arasında anlaşma memorandumunun imzalanması Çin, Cənubi Koreya və digər Şərq ölkələrindən
Avropaya daşınmaq
üçün yüklərin
Azərbaycana cəlb edilməsinə imkan yaradacaq. Araşdırmalar
göstərir ki, Qinqdao limanında bütün əməliyyat
işləri avtomatlaşdırılmış
qaydada yerinə yetirilir, "yaşıl"
və təmiz texnologiyalar tətbiq olunur. Bu isə
öz növbəsində
Bakı limanına yük axını yaratmaqla yanaşı, yeni texnologiyalar cəlb etməyə də imkan verəcək.
Aydındır ki, gələcəkdə istər
Şərqdən Qərbə,
istərsə də əks istiqamətdə yük axını artırılacaq, Azərbaycanın
inkişafı üçün
yeni imkanlar açılacaq. O cümlədən
Zəngəzur dəhlizi
vasitəsilə yeni imkanlar yaranır, Vətən müharibəsində
əldə edilən tarixi zəfər nəqliyyat kommunikasiyaları
və Orta dəhliz üçün
yeni imkanlar açır".
Dövlət başçısının
2023-cü ilin 6 ayının
yekunlarına dair müşavirədə toxunduğu
mühüm məsələlərdən
biri də nəqliyyat sektorunun bütünlükdə inkişaf
istiqamətləri ilə
bağlı idi. Müşavirədə vurğulandı
ki, Rusiya-Ukrayna münasibətlərindəki gərginlik
yeni marşrutların
açılmasını qaçılmaz
edəcək. Bu mənada Azərbaycanın
əlverişli coğrafi
mövqeyi, infrastruktur
təminatı əlavə
imkanlar vəd edir. Maraqlısı odur ki, yerləşdiyimiz
regionun beynəlxalq nəqliyyat dəhlizləri
ilə əhatə olunması ölkəmizə
yalnız nəqliyyat dəhlizlərindən tranzit
ölkə kimi yararlanmağa yox, həm də daha geniş imkanlar hesabına faydalanmağa yeni şərait yaradır. Başlıca məqsəd
böyük yükləri
aşıran tranzit ölkə olmaqdan daha çox, bu nəqliyyat marşrutları üzərində
yeni istehsal sahələri yaratmaq, daha çox sərmayə qoyulmasına
nail olmaqdır.
Adıçəkilən mərkəzin şöbə
müdiri belə hesab edir ki,
Azərbaycan yalnız
beynəlxalq nəqliyyat
dəhlizlərinin qovşağında
yerləşən ölkə
deyil, həm də genişmiqyaslı infrastruktur yaradan, 400 hektara yaxın ərazini əhatə edən Ələt Azad İqtisadi Zonasının salındığı
ölkədir. Zona bütün nəqliyyat növlərinin, müxtəlif
yolların, fərqli marşrutların kəsişməsində
yerləşir və bunun sayəsində o, bütün dəhlizlərdən
yararlanmağa imkan verir.
Bununla belə,
dəhlizlərin regional
inkişafa təsirlərini
gücləndirmək və
dəhlizlərdən daha
səmərəli istifadəyə
nail olmaq üçün infrastruktur
təminatının təkmilləşdirilməsi
zəruridir. "Şimal-Cənub"
və "Şərq-Qərb"
dəhlizləri boyunca
Azərbaycan daxilində
TIR avtomobillərinin parklanması
və sürücülərin
istirahəti, eləcə
də digər zəruri xidmətlər üçün xüsusi
məntəqələr yaradılmalıdır.
Çünki Azərbaycanda
fəaliyyət göstərən
nəqliyyat qovşaqlarının
əksəriyyəti hələ
ki müasir tələblərə cavab
vermir, qovşaqlararası
əlaqələr zəifdir.
Ona görə də qovşaqların fəaliyyətinin canlandırılması
zərurətə çevrilmişdir.
Ekspert deyir ki, regional nəqliyyat
qovşaqlarında intellektual
idarəetmənin tətbiqi
ilə daşıma sifarişlərini qəbul
edən və tənzimləyən xüsusi
mərkəzlərin formalaşdırılması
dəhliz boyunca aktivliyi artıra bilər.
"Vəsaitlərin həcmi dinamik olaraq artsa da,
sahədən əldə
edilən mənfəət,
məşğulluqda sahənin
payı və s. ciddi şəkildə artmır. Ona görə də texniki-texnoloji "silahlanma",
infrastruktur təminatı,
kadr hazırlığı
və s. məsələlərdə
qeyd olunanların nəzərə alınması,
dəhliz boyunca yüklərin cəlb edilməsi istiqamətində
addımlar atılması
zəruridir", - deyən
iqtisadçı belə
hesab edir ki, beynəlxalq avtomobil daşımalarında
milli yük daşıyıcılarının payının yüksəldilməsi
məqsədilə böyük
yükgötürmə qabiliyyətinə
malik və ekoloji tələblərə
cavab verən müasir nəqliyyat vasitələrinin sayının
artırılması, yerli
və beynəlxalq bazarda daşımaları
həyata keçirməyə
qadir milli özəl daşıyıcı
şirkətlərin fəaliyyətinin
dəstəklənməsi vacibdir.
O da reallıqdır
ki, artıq Azərbaycanın nəqliyyat
xidmətləri beynəlxalq
bazara daxil olaraq onun tərkib
hissəsinə çevrilmişdir.
Qara dənizdə Azərbaycanın "Şuşa",
"Qarabağ" və
"Zəngəzur" kimi
tankerlərinin daşıma
xidməti göstərmələri
ciddi nümunələrdir.
Bunun belə, Azərbaycanda dəhlizlərin
əhatə etdiyi regionlar üzrə ənənəvi istehsal və xidmət sahələrinin yaradılması
da məqsədəmüvafiq
hesab edilir. Bu həm ölkəmizin
tanıdılması, həm
regional inkişaf, həm də dəhlizlərin cəlbediciliyi
baxımından səmərəli
ola bilər.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2023.-
23 iyul.- S.3.