Bənzərsiz sənətkar

 

Bu dünyanın gəldi-gedər olması həqiqətinin qüssəsi, hüznü ilə oxuyurdu:

Kimlər gəldi, kimlər getdi bu dünyadan

Arif olan nakam getməz bu dünyadan...

O, uzun yaşayacağına ümidli idi. Deyirdi ki, atam 105 il, nənəm isə 127 il yaşayıb, mən də nənəm kimi 130 il yaşayacağam. 100 yaşında səhnəyə çıxıb mahnılar ifa edəcəyinə söz vermişdi. Yaşı 89-a çatdı. Bu dünyanın sevincini də, kədərini də çox gördü...

 

Memar, rəssam...

 

Dünyaya 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində gəldi. Əslən İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndi. Evləri bu qədim şəhərin Mirzə Ələkbər Sabir küçəsindəydi. Atası Əbdülcabbar maarifpərvər, mütərəqqi fikirli idi. O, yeddi oğlunun və bir qızının yaxşı təhsil almalarını yalnız arzulamır, həm də çalışıb buna şərait yaradırdı.

Mirzə Babayev uşaqlıq illərindən musiqiyə maraq göstərirdi. Onun bəy ailəsinin qızı olan anası Sona xanım Xanlarovanın qarmonda məharətlə ifa etdiyi havalar könlünə yatırdı. Sona xanım rəfiqələrini evə qonaq çağıranda onlar üçün qarmon çalardı. Balaca Mirzə də heyran-heyran dinləyirdi.

Orta təhsilini başa vurduqdan sonra başqa bir sənət seçdi. O, Məşədi Əzizbəyov adına Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil oldu. Ancaq musiqi sənətinə sevgisi, marağı da azalmadı. İnstitutun bədii özfəaliyyət kollektivinin fəal üzvlərindən oldu. Özünəməxsus, həzin, məlahətli səsi ilə ifa etdiyi mahnılar tələbə yoldaşları və müəllimləri tərəfindən alqışlanırdı.

Mirzə Babayevin rəssamlıq qabiliyyəti də vardı. Sənaye İnstitutunu bitirəndən sonra bu sahədə də təhsil almaq arzusunu reallaşdırdı. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldu. Gənc istedadlı memar və rəssam kimi böyük həvəslə çalışmalı ikən əyninə əsgər şineli geyindi. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması bir çoxu kimi, Mirzə Babayevin də həyatını dəyişdi. O, cəbhəyə yollandı, 1941-ci ildən 1945-ci ilədək döyüşlərdə iştirak etdi. Leytenant rütbəsi aldı. Fəxri fərman və medallarla təltif edildi.

Müharibədən sonra yenidən böyük arzularla, sonsuz həvəslə işə başladı. Amma yalnız memar kimi fəaliyyət göstərmədi. Musiqi sevdası Mirzə Babayevi 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına apardı. Dövrün məşhur müğənnisi Bülbülün sinfinə daxil oldu. Bülbül səs tembrini nəzərə alıb onu opera müğənnisi kimi yetişdirmək istəyirdi. Xalq artisti Tofiq Quliyev isə Mirzənin  səsini estrada mahnılarının ifası üçün daha uyğun bildi. Mirzə Babayevi o vaxtlar Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrinə dəvət etdi. Çox keçmədi ki, o, estrada mahnılarının ifaçısı kimi tanındı. Mirzə Babayev sonralar Tofiq Quliyevi minnətdarlıqla anırdı: "Tofiq Quliyev olmasaydı, mən memar kimi fəaliyyətimi davam edəcəkdim", - deyirdi.

Amma bacarıqlı, savadlı memar, rəssam olduğunu da öz işləri ilə təsdiq etdi. Bakıda "Vətən" kinoteatrı, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Ağdamda bir neçə inzibati bina onun layihəsi əsasında inşa edildi. Nizami muzeyinin zallarının tərtibatında Mirzə Babayevin əməyi çox oldu.

O, konservatoriya təhsilini 1953-cü ildə başa vurdu. Mirzə Babayev müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışdı.

 

Yaşamaq eşqi...

 

Bənzərsiz ifası ilə musiqisevərlərin diqqətini cəlb edirdi, pərəstişkarlarının sayı gündən-günə artırdı. Mirzə Babayevin ifa tərzi kimi, oxuduğu mahnılar da dinləyicilərə qeyri-adi görünürdü. Onun ifa etdiyi "Kimlər gəldi, kimlər getdi", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada", "Liman", "Kəpənək", "Zəfəran", "Çay" və digər mahnılar qısa müddətdə məşhurlaşdı, yaddaşlara əbədi həkk olundu. Mirzə Babayev eyni şövqlə xarici ölkə xalqlarının mahnılarını da ifa edirdi.

İstedadı ilə həm də kinorejissorların diqqətini cəlb etdi. Mirzə Babayev 40-dan çox filmə çəkildi. Yalnız Azərbaycanda deyil, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak etdi.

Mirzə Babayev filmlərə həm aktyor, həm də mahnı ifaçısı kimi dəvət olunurdu. "Dərviş Parisi partladır", "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Telefonçu qız", "Dəli Kür", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" və digər filmlərdə oynadığı rollar epizodik olsa da, onun kinoaktyor kimi yüksək bacarığını əks etdirdi. Mirzə Babayevin "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Dərviş Parisi partladır", "Telefonçu qız" və digər filmlərdə ifa etdiyi mahnılar həmin ekran əsərlərinin uğur qazanmasına böyük təsir göstərdi.

Onun əməyi yüksək qiymətləndirildi. 1960-cı ildə Azərbaycan SSR Əməkdar artisti, 1992-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görüldü. Amma yaradıcılıq yolu enişsiz-yoxuşsuz olmadı. Mirzə Babayevi ruhdan salmaq istəyənlər, maneçilik törədənlər də vardı. Xüsusilə sovet dövründə onun ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər az deyildi.

"O olmasın, bu olsun" filmində Məşədi İbad roluna çəkilməsinə imkan verilmədi. Mirzə Babayevə Məşədi İbadın yalnız musiqi partiyalarını oxumaq həvalə edildi. Ruhdan düşmək, sınmaq ona yad idi. Böyük coşqu ilə Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Vasif Adıgözəlov və başqa bəstəkarların mahnılarını oxuyaraq məşhurlaşırdı, filmlərə çəkilirdi.

Azərbaycanın tanınmış memarı, məşhur estrada müğənnisi, istedadlı kinoaktyor söz verdiyi yaşa - 100 yaşa çata bilmədi. O, 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etdi. İfa etdiyi mahnılar, filmlərdə oynadığı rollar, ondan sonra ömrünün davamı oldu, Mirzə Babayevi unudulmağa qoymadı.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 23 iyul.- S.7.