Ürəklərdə yaşayan aktyor

 

Səhnədə, ekranda göründüyü andan tamaşaçıların nəzər-diqqəti ona yönəlirdi. Hər hərəkəti, adi bir sözü belə yadda qalırdı. O, sanki səhnə üçün yaranmışdı...

 

Böyük səhnəyə doğru...

 

Çox sevdiyi ölkəsinin hər bölgəsində yaşayan insanları elə parodiya edirdi ki, şəkili onun Şəkidən, lənkəranlı Lənkərandan, bakılı Bakıdan, qazaxlı Qazaxdan... olduğunu düşünə bilərdi. Söz açacağımız Telman Adıgözəlov əslən Ordubadın Vənənd kəndindəndi. Ancaq  sovet rəhbərliyi bir çoxları kimi Adıgözəlovları da yurdundan didərgin salmışdı. Onlar Ordubadı tərk etmək, Balakənə köçmək məcburiyyətində qalmışdılar. Balakənddə ev-eşik qursalar da, Ordubadı yaddan çıxarmamışdılar, yaşadıqları məhəlləni isə "Ordubad" məhəlləsi adlandırmışdılar.

Telman Adıgözəlov Balakəndə 1953-cü il iyulun 17-də dünyaya gəlmişdi. Ailənin böyükləri Baləkəndə sovxozda çalışmışdılar. Aldıqları əməkhaqqı ilə maddi ehtiyacdan, qayğılardan uzaq, sadə ömür sürmüşdülər. Telman ailənin iki oğlan övladından kiçiyi olub. Uşaqlıq illəri maraqlı keçib. Telmanın da, qardaşı Vaqifin yaşadıqları məhəllədə, oxuduqları məktəbdə xeyli dostu, yoldaşları vardı. 

Amma bir gün Telman möhkəm soyuqlayıb. Qolunun limfaları şişib. Müalicə olunub sağalsa da, qolunda əmələ gələn yara sağalmaq bilməyib. Həkimlər qolunun çürüyə, hətta kəsilə biləcəyini deyib, Telmanın valideynlərini əməlli-başlı həyacanlandırıblar. Atası Abbasqulu kişiyə həkimlər məsləhət görüblər ki, uşağı rütubətli havası olan Baləkəndən başqa yerə aparsınlar. O da 1964-cü ildə ailəsini götürüb Bakıya köçüb. Telman da, qardaşı da bu şəhərə tez alışıblar. Çox keçməyib ki, özləri kimi uşaqlarla tanış olub dostlaşıblar. Ailəni sevindirən əsas məsələ isə Telmanın qolunun sağalması olub.

Bakıda 7 nömrəli məktəbdə oxuyurdu. Bir gün kinoya getmək üçün dərsdən qaçır. Yolda bir kişi onu saxlayır, Telmana: "Sabah gəl məktəblilərin yolka şənliyinə", - deyir. Bu, rejissor Nazim Zeynalov idi. Telman Adıgözəlov illər sonra, artıq məşhur aktyor ikən verdiyi müsahibələrindən  birində deyirdi: "Mənim sənətə gəlişimə belə bir hadisə səbəb oldu. Bir dəfə "Vətən" kinoteatrının qabağından keçərkən televiziyanın əməkdaşı olan Nazim Zeynalov məni gördü və televiziyaya uşaq verilişlərinə dəvət etdi". İlk çəkiliş o yolka şənliyində oldu. Onda hələ orta məktəbdə oxuyurdu. Tay-tuşları kimi o da hansı peşəni seçəcəyi barədə düşünsə də, hələ qərar verməmişdi. Həmin gündən teatra, səhnəyə maraq göstərdi.

Telman Adıgözəlovun televeziya ilə, səhnə ilə tanışlığı belə başladı. Rejissor Nazim Zeynalov Telman Adıgözəlovu "Evrika" verilişində fantastik səhnələrə çəkdi. O, yeddinci sinifdən "Yasəmən" uşaq teatrında və uşaq verilişlərində çıxış etdi. Artıq aktyorluq sənətinə sonsuz marağı, tükənməz sevgisi vardı. Bu hisslərlə Telman Adıgözəlov on beş yaşında ikən Adil İsgəndərovun kinoaktyorluq kursuna yazıldı.

Orta məktəbi bitirəndə gedəcəyi yer bəlli idi. Telman Adıgözəlov 1971-ci ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun  (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə verdi. Tələbə adını qazandı. O illərdə tamaşaçılar artıq onu televiziyadan tanıyırdılar. Tələbə vaxtı "Xatirələr sahili", "Nəsimi", "1001-ci qastrol" filmlərinə də çəkilmişdi.

1975-ci ildə İncəsənət İnstitutunu bitirdi. Tədris Teatrında işə başladı. Beş il həm bu teatrda çalışdı, həm də televiziya tamaşalarında, səhnəciklərdə iştirak etdi. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışdı. Ömrünün sonunadək bu teatrdan ayrılmadı. Aktyor Telman Adıgözəlova bir çox tamaşalarda rol verildi. O, "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də  şeypurçu,  "Vaqif"də təlxək,  "Nişanlı qız"da çeşməkli kişi, "Qədr gecəsi"ində oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də professor, "Hələ "sevirəm" deməmişdilər"də qumarbaz oldu.

Həmin vaxtlarda dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Evləri köndələn yar", "Yarımştat" və digər tamaşalarda bir-birindən maraqlı rollar ifa etdi.

Telman Adıgözəlov həm də istedadlı kinoaktyor idi. O, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr üzü" və başqa filmlərdə çəkildi. Oynadığı epizodik rollar belə yaddaqalan oldu. Aktyor "Mozalan" kinojurnalında da fəal iştirak etdi.

 

Vaxtsız ayrılıq...

 

Telman sevdiyi sənətlə məşğul idi. Aktyor kimi sevənləri, pərəstişkarları çox idi. Hara getsə, özünə qarşı böyük hörmət, diqqət, rəğbət görürdü. Onu həyatda bircə dəfə görməyənlər də köhnə tanışı kimi qarşısına yeriyir, sanki yüz ilin dostu kimi görüşürdülər. Sadə, zarafatcıl, hazırcavab, səmimi, mehriban, vəfalı insan idi Telman Adıgözəlov. Dostları onu bu cəhətlərinə görə çox sevirdilər. Ailə sarıdan da bəxti gətirmişdi. Mehriban ailəsi vardı. İki övladı onun adına layiq böyümüşdü. Telman Adıgözəlov ailəsinə bağlı, qayğıkeş insan idi.

Deyilənə görə, hər zaman 57 yaşından ehtiyat edirdi. Hətta avtomobilinin nömrəsini də bu səbəbdən dəyişmişdi. Sanki bu rəqəmin onun ömür yolu üçün keçilməz sədd olacağı ürəyinə dammışdı... Həkimə ürəyində problem olduğu üçün müraciət etdi. Aktyora yanlış diaqnoz qoyuldu, damarlarında tromblaşma gedirdi, Odur ki, müalicə faydasız oldu. Xalq artisti Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında vəfat etdi. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırıldı.

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2023.- 23 iyul.- S.7.