Dulusçuluq
min illər yol gələn sənət nümunəsidir
Xalq sənətkarlığı
nümunələri xalqların
tarixini, mədəniyyətini,
incəsənətini, bir
sözlə, qədim keçmişini
öyrənmək üçün
ən etibarlı vasitə hesab olunur. Min illər
bundan əvvəl toxunmuş xalçalardakı
ilmələr, naxışlar,
butalar, çeşnilər,
mis qablar üzərindəki oymalar,
keramika ustalarının,
dulusçuların gil
qablar üzərində
"saldıqları izlər"
xalqımızın milyon
illik tarixinin sübutu, mədəni kimliyimizi
təsdiq edən ən dəyərli nümunələrdir.
Dulusçuluq qədim
sənət növlərindən
biridir. Azərbaycanın
dulus ustaları məişətin müxtəlif
sahələrində işlədilən
çoxlu gil məmulatları hazırlayırdılar.
Etnoqrafık tədqiqatlar
göstərir ki, məişətdə işlədilən
dulusçuluq məhsulları öz təyinatlarına görə
bir neçə qrupa bölünürlər.
Bunların arasında
su qabları, yemək qabları, süd məhsulları üçün, eləcə
də evlərin qızdırılması və
işıqlandırılması üçün nəzərdə
tutulan qablar əsas yer tutur.
Təkcə məişətdə
işlədilən su
qablarının bir neçə növü su daşımaq (səhəng, cürdək,
bardaq, şəhrəng,
kuzə), su saxlamaq və süfrədə işlətmək
(küp, sürahı,
qurqur, dolça, parç, tayqulp), yuyunmaq və dəstamaz almaq üçün (aftafa, lülyəin və s.) istehsal edilirdi. Ümumiyyətlə isə,
dulus ustaları 50-dən
çox müxtəlif
növlü qab-qacaq istehsal etməyi bacarmışdılar.
Bədii keramika
Azərbaycan sənətkarlığının
ən qədim sahələrindən biri olub və bu
günə qədər
öz əhəmiyyətini
saxlamışdır. Mütəxəssislər
sənətin bu sahəsinin meydana çıxmasını Neolit
dövrünə aid edirlər. Əvvəlcə,
əsasən, qadınların
məşğul olduğu
dulusçuluq Eneolit dövründə tətbiq
edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil
sənət sahəsinə
çevrilmişdi. Yerli
sakinlərdə estetik
təsəvvürlərin formalaşması
keramik məmulatlarda da tədricən dekorativ xüsusiyyətlərin
artmasına gətirib
çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə
qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf
edildikcə, bəzək
sistemlərinə çevrilmişlər.
İbtidai dövrdə
zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totemistik və animistik anlayışların yaranması
ilə əlaqələndirilir.
Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.
Tunc və Dəmir dövrü keramikasının ayrıca
istiqamətini boyalı
qablar təşkil edir. Tunc və
Dəmir dövrünü
əhatə edən rəngli keramika mədəniyyəti bizə
daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş
etdirir. Naxçıvanın
Kültəpə adlanan
nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin
yeni inkişaf mərhələsini əks
etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları
ilə bədii-texnoloji
əlaqələrin, təmasın
olmasını sübut
edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq
Yunan-Roma sənətkarlığının
təsiri izlənməkdədir.
Yaloylu təpə (Qəbələ) keramikasının
konstruktiv və plastik xüsusiyyətləri
bu mədəni kontaktların bariz nümunəsidir.
Arxeoloji qazıntılar
zamanı əldə edilmiş tapıntılar
göstərir ki, keramika erkən Orta əsrlərdə də Azərbaycanda ən geniş yayılmış sənət
sahələrindən biri
olmuşdur. Azərbaycanın
Qəbələ, Beyləqan,
Bakı, Mingəçevir,
Naxçıvan və
digər bölgələrində
tapılmış saxsı
məmulatları bu növün bədii və texnoloji xüsusiyyətləri haqqında
bizə ətraflı
məlumatlar verərək,
keramik məmulatda dekorativliyin artmasını
nümayiş etdirirlər.
Mütəxəssislər dulusçuluq sənətini iki böyük hissəyə
bölürlər. Bunlardan
birincisi, qırmızı
gil keramika, ikincisi, cilalanmış qara rəngli keramikadır.
Gil qablar kürədə bişərkən,
gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində
dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı,
qəhvəyi, sarımtıl,
qırmızı rənglər
verir. Qədim dulusçular gil qabları bu rənglərdən azad edib, onlara qara
və boz rənglər vermək üçün texnoloji üsul axtarıb tapmışlar. Onlar bu üsulu kəşf
edərkən fiziki qanuna, maddələrin istidən genişlənib,
soyuqdan sıxılması
halına əsaslanmışlar.
Eneolit dövründə
başlayıb tunc dövründə ən yüksək zirvəsinə
çatmış qara
rəngli keramikanın
yayılma ərazisi geniş olmuşdur. Arxeoloqlarımız qazıntılar
zamanı Xanlar, Mingəçevir, Daşkəsən,
Qazax və digər
bölgələrin ərazilərində bu cür qablara daha tez-tez rast
gəlirlər. Keramikadan
düzəldilmiş qab-qacaqlar
öz formalarından daha çox üzərindəki bəzəkləri
ilə diqqəti cəlb etmişdir. Arxeoloqlarımız bu tip keramika nümunələri
üzərində rast
gəlinən naxış
elementlərinin adi bəzək deyil, qədim yazı növləri (piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax
bölgəsinin Babadərviş
adlı qədim yaşayış məskənindən
bu tip yazılı
qablar xüsusilə çox tapılmışdır.
Qara keramika üzərində rast gəlinən müxtəlif
mahiyyətli şəkil,
naxış nümunələri
o dövrdə əsasən
iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi isə inkrustasiya idi. Onu da
qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti
bu dövrdə tək Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində də öz yüksək inkişaf mərhələsini
keçmişdir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
23 iyul.- S.7.