BMT-nin
rezident əlaqələndiricisi
işğaldan azad olunmuş ərazilərdəki
yenidənqurma işləri
barədə məlumatlandırılıb
İyulun 24-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər
Təşkilatının (BMT) Azərbaycan Respublikasında
rezident əlaqələndiricisi
Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan
və BMT arasında mövcud əməkdaşlıq
gündəliyində duran
məsələlər, o cümlədən
Dayanıqlı İnkişaf
Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət
müzakirə olunub.
Ceyhun Bayramov cari ilin sentyabr
ayında keçiriləcək
BMT Baş Assambleyası
çərçivəsində sentyabrın 18-19-da təşkil
olunacaq DİM Sammitinin
dayanıqlı inkişaf
gündəliyinin icrasının
mövcud vəziyyətinin
təhlili baxımından
əhəmiyyətini qeyd
edib. Qarşı tərəf milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən
işlər, ölkəmiz
üçün əhəmiyyət
kəsb edən məqsəd və hədəflərə çatmaq
məqsədilə yaradılan
Dayanıqlı İnkişaf
üzrə Milli Əlaqələndirmə Şurasının
fəaliyyəti barədə
ətraflı məlumatlandırılıb.
Nazir postmünaqişə
dövründə bölgədə
mövcud vəziyyət,
işğaldan azad olunmuş ərazilərdə
aparılan, “ağıllı
şəhər”, “ağıllı
kənd” konsepsiyalarına
əsaslanan yenidənqurma
işləri, yaşıl
enerji zonasının yaradılması istiqamətində
atılan addımlardan
bəhs edib. Ermənistan tərəfindən
hərbi-siyasi təxribatların
və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl
gətirdiyi bildirilib. Ermənistanın işğalı
nəticəsində didərgin
düşmüş məcburi
köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri
baxımından minatəmizləmə
fəaliyyətinin vacibliyi
və minatəmizləmənin
DİM-dən biri olması təşəbbüsünün
əhəmiyyəti vurğulanıb.
Rezident əlaqələndirici
Vladanka Andreyeva Azərbaycan tərəfindən
DİM-in təşviqi
istiqamətində görülən
işlərin əhəmiyyətli
olduğunu vurğulayıb.
Ölkəmizin BMT və
onun ixtisaslaşmış
qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 25 iyul.- S.9.