Forumda jurnalistlərin təhlükəsizliyi
məsələləri mövzusunda
sessiya keçirilib
Bununla da Forumun sessiyaları
yekunlaşıb
İyulun 23-də Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşada "Heydər
Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının
148-ci ildönümü münasibətilə
təşkil edilən
"4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media" mövzusunda Qlobal
Media Forumunun sonuncu - üçüncü sessiyası
keçirilib.
AZƏRTAC xəbər verir ki, "TRT World"un aparıcısı
Reagen Des Vignesin moderatorluğu ilə keçirilən
"Təhlükəsizlik məsələləri" mövzusunda
sessiyada jurnalistlərin
təhlükəsizliyi məsələləri
müzakirə olunub.
Sessiya iştirakçıları
böhran vəziyyətlərinin
kommunikasiya mexanizmlərinin
təkmilləşdirilməsi, münaqişə zonalarında
jurnalistlərin qarşılaşdığı
təhlükə və
çağırışlar barədə məlumatlılığın
artırılması, peşəkar
"münaqişə jurnalistikası"nın
inkişafı və jurnalistlərin təhlükəsizliyinin
qorunması məsələləri
ətrafında müzakirələr
aparıblar. Bildirilib ki, dünyada baş verən müxtəlif hadisələr
fonunda qərəzsiz və faktlara əsaslanan xəbərlərin
yayılması, eyni zamanda, yanlış və çaşdırıcı
məlumatların qarşısının
alınması sağlam
informasiya mühitinin yaranması üçün
əsas şərtlərdəndir.
Rumıniyanın Milli
İnformasiya Agentliyi
- AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae deyib ki,
jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır.
Çünki bu sahə bu məqsədlə
ediləcək iş deyil. Məqsəd odur ki, oxuculara,
izləyicilərə qərəzsiz,
doğru məlumatları
olduğu kimi çatdırılsın.
Hədə-qorxularla bütün jurnalistlərin
rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib: "Bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Çünki bizim işimiz elədir ki, bu hallarla
qarşılaşmaq təbiidir.
Vəziyyət belə
olsa da, biz ictimaiyyətə yenə də doğru xəbərləri
çatdırmalıyıq".
Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti professor Gi Vung Jung
jurnalistlərin təhlükəsizliyini,
qorunmasını ümumi
məsələ adlandıraraq
deyib ki, bunun üçün, ilk növbədə, cəmiyyətlərdə sağlam
düşüncənin olması
vacibdir. "Əgər
cəmiyyət sağlam
düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin
həlli istiqamətində
irəliləyişə nail
olmaq mümkündür",
- deyən koreyalı professor Şuşa Qlobal Media Forumunun keçirilməsinə görə
Azərbaycana təşəkkürünü
ifadə edib.
Milli Məclisin
deputatı Nigar Arpadarai çıxışında
zamanımızda gördüyümüz
yeni tendensiyaların özü ilə birlikdə bir çox yeniliklər gətirsə də, bəzi təhlükələrə
də yol açdığını söyləyib.
O bildirib ki, yeni dövr, rəqəmsallaşma, jurnalistika
və jurnalistlər üçün fürsətlər
yaratdığı kimi
yeni təhlükələr
də yaradır. Sosial media, texnologiyalar,
süni intellekt bir sıra gizli
təhlükələri ehtiva
edir, onlardan bəziləri söz azadlığına zərbə
vura bilər.
İnternet üzərindən media işçilərinə
ölüm təhdidləri,
hədə-qorxu mesajları
gəlir, onlar təqib olunurlar, jurnalistlərin şəxsi
məlumatları onların
əleyhinə istifadə
olunur, belə tendensiyalar var.
"Qırx dörd
günlük Qarabağ
müharibəsi zamanı
biz görürdük
ki, Azərbaycan-Ermənistan
münasibətləri haqqında
həqiqəti söyləməyə
cəsarət edən,
Ermənistanın Azərbaycanın
torpaqlarını işğal
etməsi haqqında danışan istənilən
xarici jurnalistə qarşı radikal erməni aktivistləri tərəfindən təhdidlər
gəlirdi, onlara qarşı kampaniyalar təşkil olunurdu. Elə indi də
bu mötəbər Foruma qatılan jurnalistlər sosial mediada Erməni istifadəçiləri tərəfindən
çoxsaylı təhdid
mesajları alır. Təəssüf ki, erməni diasporunun belə dağıdıcı,
toksik münasibətini
biz yaxşı bilirik", - deyə Nigar Arpadarai diqqətə çatdırıb.
Jurnalist peşəsini
olduqca təhlükəli
olduğunu hesab etdiyini vurğulayan deputat bildirib: "Bizim iki jurnalistimiz
Kəlbəcərdə öz
peşə fəaliyyətini
yerinə yetirərkən
minaya düşərək
həlak olub. Yəni, jurnalistika bu qədər təhlükəli peşədir".
Sonra çıxış
edən Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) xüsusi
müxbiri Vüqar Seyidov deyib: "Hər hansı bir jurnalistin yadda saxlamalı olduğu başlıca məsələ dürüstlük,
peşəsinə sadiqlikdir.
Jurnalist məlumatları
ictimaiyyətə qərəzsiz
və doğru şəkildə çatdırmalıdır.
Ümumiyyətlə, ictimaiyyət,
konkret olaraq xəbər istehlakçıları
qərəzsiz, doğru
informasiyaları almaq istəyirlər. Bu, hər bir jurnalistin
işini icra edərkən yadda saxlamalı olduğu vacib amildir".
Daha sonra sual-cavab sessiyası olub. İştirakçıların
suallarını cavablandıran
çıxışçılar bildiriblər ki, jurnalistlərin
peşə öhdəliklərini
yerinə yetirmələri
və cəmiyyətə
xidmət etmələri
üçün media nümayəndələrinin
təhlükəsizliyinin təmin
edilməsi son dövrlərin
əsas məsələlərindəndir.
Bu məqsədlə jurnalistlərin
təhlükəsizliyinin qorunması
ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılması
və hazırlanması,
zəruri avadanlıqlarla
təmin edilmələri
ciddi zərurətdir.
Bununla da Şuşa
Qlobal Media Forumunun sessiyaları yekunlaşıb.
Xatırladaq ki, Medianın
İnkişafı Agentliyinin
təşkilatçılığı ilə keçirilən Şuşa Qlobal Media Forumuna 49 ölkədən
150 xarici qonaq, o cümlədən dünyanın
34 ölkəsinin dövlət
informasiya agentliyi, 12 beynəlxalq təşkilat
və media qurumu qatılıb. Həmçinin
Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak
edib.
Azərbaycan.-2023.- 25 iyul.-
S.10.