Dayanıqlı
gələcək. Heç
kəsi geridə qoymayaq
Professor Gülçöhrə Məmmədova
hesab edir ki, Ümumdünya Memarlar Konqresinin nəticələri Azərbaycan
memarları üçün
müsbət təcrübə
olacaq
Danimarkanın paytaxtı
Kopenhagen şəhərində
Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı
ilə Ümumdünya
Memarlar Konqresi keçirilib. Konqresdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova,
AzMİU-nun Memarlıq
layihələndirilməsi və
şəhərsalma kafedrasının
müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn
Mərkəzinin direktoru
Fərid Kərimov, Memarlıq konstruksiyaları
və abidələrin
bərpası kafedrasının
baş müəllimi
Aliya Əliyeva, Memarlıq fakültəsinin
tələbələri Leyli
Əfəndiyeva, Jalə
Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov və başqaları iştirak ediblər. "Dayanıqlı
gələcək. Heç
kəsi geridə qoymayaq" şüarı
ilə keçirilən
konqresə 135 ölkədən
ümumilikdə 6000-dən çox iştirakçı
qatılıb və memarlığa, qlobal dizayn sənayesinə aid olduqca aktual
məsələlər müzakirə
edilib.
Ölkəmizdə memar
və dizaynerlərin hazırlandığı əsas
ali təhsil müəssisəsinin rektoru,
memarlıq doktoru, professor Gülçöhrə
Məmmədova ilə
söhbət zamanı
konqresdə iştirakın
Azərbaycan memarlığının
müasir, qabaqcıl dünya memarlığı
və dizayn layihələrinə inteqrasiyası,
eyni zamanda qlobal çağırışlara
cavab verəcək şəkildə inkişafı
üçün çox
böyük əhəmiyyət
kəsb etdiyini qeyd etdi.
- Gülçöhrə xanım, memar və rektor kimi fikrinizcə, Ümumdünya Memarlar Konqresinin ölkəmiz və ya AzMİU
üçün əhəmiyyəti
nədən ibarətdir?
- Belə böyük
nümayəndə heyəti
ilə beynəlxalq konqresdə iştirakımız
ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdəki
yüksək inkişafın
və yaradılan sağlam ab-havanın nəticəsində mümkün
olmuşdur. Yaxın qonşu ölkələrdən
konqresə qatılan nümayəndə heyətinin
sayca bizdən dəfələrlə az olduğunun şahidi olduq. Əlbəttə ki, bizim daha
geniş heyətlə
təmsil olunmağımıza
beynəlxalq layihələrdə
aktiv iştirakımızla
yanaşı, universitetimizin
maddi imkanlarının
yüksəlməsi də
imkan verdi.
Hesab edirik ki, bu konqresdə
iştirak etmək çox faydalı oldu. Ona görə
ki, bütün dünyanın ən önəmli, tanınan memarları tədbirdə
bir araya gəlmişdilər. Orada
dünya memarlarının
hansı problemlər barədə düşündüyünü,
ölkələrdə hansı
yeniliklərin olduğunu,
bütövlükdə Beynəlxalq
Memarlar İttifaqının
gələcəyə və
bügünkü memarlığa
baxışını öyrənmək
olur. Bu, həm ölkəmizdə
memarlığın inkişafı,
həm də yeni nəsil memarların yetişdirilməsi
üçün çox
vacib amildir.
- Nümayəndə heyətinin tərkibində
tələbələriniz də
olub?
- Tələbələrimizin bu konqresdə iştirakı ilk deyil. Yeri gəlmişkən,
qeyd edim ki, Ümumdünya Memarlar Konqresi 3 ildən bir keçirilir. İlk dəfə İtaliyanın
Turin şəhərində
keçirilmiş konqresdə
bizim 3 tələbəmiz
iştirak etmişdi. Biz indi baxanda
görürük ki,
o nümayəndə heyətinin
tərkibində olan tələbələrin hər
biri nüfuzlu memar kimi fəaliyyət
göstərirlər. Düşünürəm
ki, müasir memarların forumunda iştirak onların bu sahəyə həvəsini daha da artırmış və mütəxəssis
kimi formalaşmalarında
rol oynamışdır.
Bu dəfə isə biz 4 tələbəmizin konqresdə
iştirakını təmin
etdik. Hesab edirəm ki, bu, onlar üçün
çox böyük təcrübə oldu.
- Kopenhagen kimi gözəl memarlığa
sahib olan şəhərdə, dünyanın
ən məhşur memarları ilə görüşmək imkanı
və rektorla birgə səfər... Gülçöhrə xanım,
konqresdə iştirak
edən tələbələr
necə seçildi?
- Əlbəttə, bu da çox
vacib amildir. Çünki biz istəyirdik ki, təhsildə uğurlu olan tələbələr
bu konqresə cəlb olunsunlar.
Seçim 3 mərhələdən
ibarət olub. Əvvəlcə konqreslə
bağlı elan verdik və tələbələr özləri
internet üzərindən
iştirak etmək arzularını bildirdilər.
Sonra Memarlıq fakültəsinin dekanlığı
müraciət edən
tələbələrin təhsil
nəticələri barədə
məlumat verdi. Həmin tələbələrdən
təhsil nəticələri
ən yaxşı olanlar seçildi və universitetin Xarici əlaqələr şöbəsi tərəfindən
müsahibəyə dəvət
edildilər. Müsahibədə
onların ingilis dili biliyi, beynəlxalq
tədbirlərdə təcrübə
və iştirakının
olub-olmaması barədə
məlumatlar öyrənildi.
Yekunda ən yaxşıları seçildi
və onlar bizimlə konqresə getdilər. Düşünürəm
ki, seçim tam obyektiv aparılıb,
səfər boyunca seçilən tələbələrin
hər biri bunu davranışı və biliyi ilə sübut etdi. Tələbələrimizin
memarlığı öyrənmək
istəyi universitet rəhbərliyi, müəllimlərimiz
üçün də
çox böyük stimuldur.
Kopenhagenin özünəməxsusluğuna
gəlincə isə...
Bura maraqlı şəhərdir, onun konqres mərkəzi olaraq seçilməsi də təsadüfi deyil. Şəhərin tarixi çox qədim olmasa da, tarixi abidələr
yüksək səviyyədə
mühafizə olunur. Şəhərdə tarix
və müasirliyin vəhdəti memarlıqda
özünü çox
gözəl nümayiş
etdirir. Daha önəmlisi isə Kopenhagenin müasir memarlığıdır. Müasir
memarlıq müasir texnologiyalar və inşaat materiallarıdır,
müxtəlif materialların
estetik və funksionallıq baxımından
harmonik şəkildə
istifadəsidir, müasir
formalardır, enerji qənaətidir, insan sağlamlığının təmin
edilməsidir, ekoloji məsələlərin həllinə
dəstəkdir. Baxın,
müasir memarlıqda
bunlar önə çəkilir.
- Bəzən elə
təsəvvür yaranır
ki, memarlar daha hündür mərtəbəli bina inşa etmək üçün yarışırlar.
Bu cür mübarizə fonunda insan sağlamlığı
sizcə, nə qədər əhəmiyyət
kəsb edə bilər?
- Dünya İqtisadi
Forumunun qurucusu və sədri Klaus Şvabın "IV Sənaye İnqilabı"
adlı maraqlı elmi-populyar əsəri var. Bu əsərdə
müasir inkişaf trayektoriyası və xüsusilə meyillərə
istinad edilərək bəşəriyyətin üzləşə
biləcəyi təhdidlər
göstərilir. Yəni
müasir texnoloji inkişaf, süni intellekt, robotlaşma, gen analizi və
sairə kimi istiqamətlərin birlikdə
bilinən sivilizasiyalara
rəqib formada təzahüründən ehtiyat
edilir. Müəllif əvvəlki sənaye inqilablarını təhlil
edərək yeganə
çıxış yolunu
insan inkişafını
dəyişikliyin mərkəzində
saxlamaqda görür.
Bu, memarlıqda da belədir. Memarlıq və şəhərsalma insan üçündür. Hər
şeyin mərkəzində
insan dayanır. Kopenhagen şəhərində
biz bunu gördük. Bu şəhər Avropanın
paxtaxt şəhəri
olmasına baxmayaraq, avtomobillərin sayı Bakıdan xeyli azdır. İnsanlar ictimai nəqliyyatdan daha çox istifadə edirlər, velosiped sürürlər.
Yaşıllıq və
ictimai zonalar kifayət qədərdir. İnsanların o zonalardan
istifadəsi üçün
çox rahat mühit yaradılıb. Velosiped həyatın vacib tərkib hissəsinə çevrilib,
ondan istifadə edənlər üçün
rahat zolaqlar, hərəkət sahələri
müəyyən edilib.
Piyadalar üçün
yaxşı şərait
yaradılıb. Səkilər
səliqəli və enlidir, piyada yolları yaşıl zolaqlarla avtomobil yollarından ayrılır.
Ekologiyaya çox böyük diqqət yetirilir. Həm materialların seçilməsində,
həm daxili məkanların planlaşdırılmasında,
izolyasiyasında bu məsələləri nəzərə
alsaq, Kopenhagendəki memarlıq ən müasir, qabaqcıl memarlıq məktəblərindən
biridir.
- Konqresin şüarı
da maraqlıdır -
"Dayanıqlı gələcək.
Heç kəsi geridə qoymayaq". Dünya memarları bu şüarla nə demək istəyirlər?
- Məncə, bu
şüar Dünya Memarlar İttifaqının,
dünya memarlarının
nə demək istədiyini kifayət qədər aydın ifadə edir. Konqresin məqsədi memarlığın dayanıqlı
inkişafa töhfə
verməsinə nail olmaq və dünyanın
heç bir ölkəsinin, heç bir toplumunun bu inkişafdan kənarda qalmamasını
təmin etməkdir.
Birləşmiş Millətlər
Təşkilatının (BMT) dayanıqlı inkişafa
yönəlmiş 17 məqsədinin
içərisində yalnız
1 məqsədi memarlıqla
bağlıdır. 11-ci məqsəd şəhərsalma,
şəhərlərin dayanıqlı
inkişafı ilə
əlaqədardır. Beynəlxalq
Memarlar İttifaqı
tərəfindən isə
hesab edilir ki, memarlığın
BMT-nin 17 dayanıqlı
inkişaf məqsədlərinin
hamısına
təsiri var. Konqresdə bu təsirin necə olması, memarların həmin o məqsədlərə
çatmaq üçün
nə etməli olduğu müzakirəyə
çıxarılmışdı. Bu və bu
kimi məsələlərə
uyğun 6 mövzu ümumiləşdirilərək müzakirəyə çıxarılmışdı:
- iqlim dəyişiklikləri
və onların memarlığa təsiri;
- resurslara yeni yanaşma;
- icmaların inkişafı
məsələsinə memarlığın
dəstəyi;
- memarlıq və
cəmiyyətin, bəşəriyyətin
sağlamlığı;
- inklüzivlik - fiziki
cəhətdən məhdud
imkanlı insanları
memarlıq vasitəsi
ilə cəmiyyətə
inteqrasiya etmək;
- dayanıqlı inkişafın
təmin edilməsində
əməkdaşlıq məsələsi.
Panelə bu məsələlər çıxarılmışdı,
çoxsaylı müzakirələr
aparıldı. Panellərdə
maraqlı fikirlər söylənildi, yeni ideyalar ortaya qoyuldu, tələbələrimiz
də bu müzakirələrdə canlı
dinləyici oldular.
- Gözlənilən nəticə əldə olundumu?
- Bəli. Düşünürəm
ki, gözlədiyimiz nəticə əldə olundu. Hamımız, həm müəllimlər,
həm də tələbələr müasir
memarlığın inkişaf
istiqamətləri və
trendlər barədə
geniş məlumat aldıq, müxtəlif yeni ideyalarla tanış olduq. Beynəlxalq əlaqələrin
tətbiqi ilə inkişafımız üçün
düzgün istifadə
edilməsi bizim hər zaman ciddi şəkildə diqqətdə saxladığımız
məsələlərdən olub. Konqresdə iştirakımızın məqsədlərindən
biri də bu idi.
Biz universitet olaraq bu işi
imkanlarımız daxilində
davam etdirəcəyik,
tələbələrimizin bu kimi beynəlxalq
formlarda iştirakını
təmin etməyə
çalışacağıq. Universitetin Elmi Şurasının sonuncu iclasında bu məsələni müzakirə
etdik və bütün ixtisaslar üzrə idarəedici şəxslərə tapşırıldı
ki, nüfuzlu beynəlxalq tədbirlərdə
müəllim və tələbələrimizin iştirakını
təmin etməyə
çalışsınlar. Düşünürəm ki,
bu, universitetimizlə yanaşı, ölkəmiz
üçün də
faydalıdır. Gənc
mütəxəssislərin öyrəndiklərini, gördükləri
müsbət təcrübəni
tətbiq etməsi Azərbaycan memarlığına
yeni nəfəs gətirəcək.
Daha yaxşı
dünya, daha yaxşı gələcək
üçün əlimizdən
gələni etmək
hər birimizin borcudur. Bizim də əsas borcumuz ölkəmizin inkişafı, xüsusilə
işğaldan azad olunmuş ərazilərimizin
yenidən qurulması,
bərpası üçün
savadlı və layiqli kadr yetişdirməkdir.
O ərazilərdə cənab
Prezident İlham Əliyevin rəhbərliyi
ilə sürətli tikinti-quruculuq işləri
həyata keçirilir,
Böyük qayıdış
proqramı icra edilir. Biz universitet
olaraq bu prosesi dəstəkləmək
üçün yeni,
daha effektiv metodlardan istifadə etməyə çalışmalıyıq,
yeni yanaşmalar, yeni metodlar tətbiq
etməliyik. Tələbələrimizin
belə mötəbər
konqresdə iştirakı,
qlobal memarlıq, şəhərsalma, dizayn
çağırışları ilə tanış edilməsi məhz bu işin bir
parçasıdır.
Müsahibəni apardı:
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2023.-
25 iyul.- S.15.