Azərbaycandan
keçən yollar dünyaya fayda və sabitlik gətirir
Prezident İlham ƏLİYEV: "Qonşularla
əməkdaşlıq olmadan
tranzit ölkəyə
çevrilmək olmaz"
"Şərq-Qərb" və "Şimal-Cənub"
nəqliyyat marşrutları
üzərində yerləşməsi
Azərbaycanın mühüm
coğrafi üstünlüklərini
təşkil edir. Lakin son dövrlərə
qədər nəqliyyat
infrastrukturunun olmaması
elə bir vəziyyət yaratmışdı
ki, bu imkandan
istifadə edilmirdi. Məhz Prezident İlham Əliyev vəziyyəti yaxşılaşdırmaq
üçün bu sahədə də genişmiqyaslı işlərin
görülməsinə qərar
verdi.
15 il əvvəl
nəqliyyat infrastrukturuna
böyük sərmayə
qoyuluşuna başlandı.
İlk növbədə
yerli infrastrukturu inkişaf etdirmək üçün sərmayələrin
yatırılmasına start
verildi. Prezident İlham Əliyev bu il iyunun
20-də Çinin "China Media Group"
Media Korporasiyasına müsahibə
verərkən vurğulayıb
ki, həmin vaxtdan ölkəmiz eyni zamanda qonşuları
ilə də bağlantı körpüləri
qurmağa başlayıb:
"Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün
təkcə coğrafiya
kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər
məsələyə ehtiyac
var. Bu isə
qonşularla yaxşı
münasibətlərdir. Qonşularla
əməkdaşlıq olmadan
tranzit ölkəyə
çevrilmək olmaz.
Bu isə bizim xarici siyasətimizin
tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə
qarşılıqlı maraq
üzərində daha
güclü münasibətlər
qurmaq idi".
Beləliklə, çinli
müxbirin "Bir kəmər, bir yol" barədə verdiyi sualın cavabında bildirildi ki, bu layihəyə
qoşularkən ölkəmizin
artıq hazır infrastrukturu var idi. İndi isə sadəcə, texniki imkanları artırırıq. Ticarət
limanı genişləndirilir.
Çünki Şərqdən-Qərbə
daşınan yüklərin
həcminin artması yükaşırma baxımından
problemlər yaradacaq. Bir neçə il əvvəl açılan limanın ovaxtkı yükaşırma
qabiliyyəti isə
15 milyon ton idi. Məqsəd bunu 25 milyon tona çatdırmaqdır.
Xəzəryanı dövlətlər
arasında Xəzər
dənizində ən
böyük ticarət
donanmasına sahib olduğuna baxmayaraq, Azərbaycan həm də yeni tanker
və gəmilər inşa edir ki, daha çox
yük daşımaq imkanı yaransın. Bu məqsədlə Bakı Gəmiqayırma Zavodunun genişləndirilməsi
planlaşdırılır. Artan tələbat burada hər il 6-8 deyil, 10-20 gəminin inşası vəzifəsini qarşıya
qoyur. Daha çox yüklərin nəql edilməsi üçün hazırda
mövcud dəmir yolu da müasirləşdirilir.
Bir sözlə,
böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Azərbaycan
vasitəsilə daşınan
yüklərin həcmi
getdikcə artır. Bu, indikindən bir neçə dəfə artıq da ola bilər.
Bununla bağlı dövlətimizin başçısı
demişdir: "Biz bu istiqamətdə, həmçinin çinli
tərəfdaşlarımız və qonşularımızla
həmin infrastruktur bağlantısının yaradılması
üçün fəal
işləyirik. Burada
inzibati bağlantı
da olmalıdır. Burada tariflərlə bağlı vahid siyasət olmalıdır.
Gömrük qaydaları
sahəsində daha geniş qarşılıqlı
əlaqələndirmə olmalıdır
ki, necə deyərlər, bu qapını daha da geniş aça
bilək. Yəni gələcəkdə ölkələrimiz
arasındakı münasibətlər
Azərbaycan vasitəsilə
daha çox yüklərin daşınmasında
vacib rol oynayacaqdır".
Bu gün Azərbaycanın nəqliyyat
infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Hazırkı geosiyasi vəziyyətdə
Trans-Xəzər marşrutu
Mərkəzi Asiya ölkələri üçün
ən əhəmiyyətli
marşruta çevrilib.
Əslində, bu,
"Bir kəmər, bir yol" layihəsinin
bir hissəsidir. Məlumdur ki, Avropaya və əks-istiqamətdə yüklərin
daşınması üçün
Mərkəzi Asiya ölkələrinin seçimi
o qədər də geniş deyil. Bu səbəbdən də həmin marşrut çox əhəmiyyətlidir. Məsələn,
Çindən Avropaya
göndərilən mallar
dənizlə mənzilbaşına
orta hesabla 36 günə çatır.
Trans-Sibir marşrutu ilə bu, 20 gün vaxt aparır.
Bakı-Tbilisi-Qars dəmir
yolundan istifadə edilməklə Orta dəhlizlə isə buna cəmi 12 gün kifayətdir.
Prezident İlham
Əliyev bu layihəni belə xarakterizə etmişdir:
"Bu, Azərbaycanın
irəli sürdüyü
və Türkiyə ilə Gürcüstandakı
tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və
infrastrukturdur. 2017-ci ildə
burada - Bakıda həmin layihənin rəsmi açılışı
baş tutdu. Həmin vaxt Orta dəhlizlə daşımalar hələ
ki prioritetlərdən
biri hesab edilmirdi. Buna görə biz lazım olduğu qədər yüklərin
daşınma həcminə
sərmayələr yatırdıq.
Lakin hazırda biz nə ilə
məşğuluq? Biz
həmin yolun təkmilləşdirilməsi işlərinə
artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin
marşrutla əvvəlcə
nəzərdə tutulduğundan
beş dəfə artıq yüklər daşına biləcək".
İndi Azərbaycan
ölkəmizdən Türkiyə
və Avropa istiqamətində gedən
əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində
fəal şəkildə
çalışır. Respublikamızın
ərazisində tikinti
işlərinin təxminən
70 faizi artıq başa çatdırılıb.
Beləliklə, Azərbaycandan
təkcə Bakı-Tbilisi-Qars
kimi bir yol keçməyəcək,
Zəngəzur dəhlizi
də işə salınacaq. Bütün bunlar isə əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan
ərazisindən daşımalar
həmçinin Gürcüstanın
dəniz limanından keçəcək.
Dövlətimizin başçısı
vurğulayıb ki, daşımalarda əməkdaşlıq
bütün ölkələr
üçün faydalı
olacaq, bu işlər onların əlaqələrini gücləndirəcək:
"Ölkələr bir-biri
ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz
boyunca bir çox istehsal sahələrini yaratmağı
planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda
böyük sənaye
zonalarını yaratmaq
istəyirik. Əslində,
bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış
və artıq fəaliyyətə başlamış
Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul
olmaq həmçinin Çin şirkətləri
üçün cəlbedici
ola bilər. Əslində, təsəvvür
etdiyinizdən də geniş fürsətdir".
Ticarət
artdıqca təhlükəsizlik
də möhkəmlənir
və qarşılıqlı
bağlılıq artır.
İnsanlar, ölkələr
bunun faydasını görürlər. Prezidentimizin
dediyi kimi, bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur.
Flora SADIQLI,
Azərbaycan.-2023.- 26 iyul.-
S.4.