Prezident İlham Əliyevdən Ermənistana
son şans
Əgər
İrəvan hazırkı mühüm məqamdan
düzgün yararlanmasa, onun doğurduğu ağır nəticələrə
qatlanmalı olacaq
"Ermənistan
son addımını atmalıdır". İyulun 21-23-də
mədəniyyət paytaxtımızda keçirilmiş
"4-cü Sənaye İnqilabı dövründə yeni
media" mövzusunda I Şuşa Qlobal Media Forumunun
açılışında Ermənistana sərt xəbərdarlıq
edən Prezident İlham Əliyev qətiyyətlə bəyan
etdi ki, onlar artıq qəbul etdikləri "Qarabağ Azərbaycandır"
reallığını sənədə imza atmaqla faktiki
olaraq təsdiqləməlidirlər:
"Bu, sonuncu mühüm məqamdır. Əgər bu
addım atılsa, - danışıqlar heyəti və xarici
işlər nazirləri səviyyəsində
danışıqlar gedir, bilirsiniz ki, növbəti
danışıqlar yaxın günlərdə Moskvada baş
tutacaq, - Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana
qarşı hər hansı ərazi iddialarından imtina etsə,
bu sazişin ilin sonunadək imzalanması kifayət qədər
mümkündür. Lakin bu olmasa, biz onları məcbur edə
bilmərik..."
Zəfər
qalasından dünyaya verilən mühüm mesajlar
Ötən həftə
zəfər qalamızda təşkil olunan və
dünyanın dörd bir yanından media nümayəndələrini
bir araya toplayan, müxtəlif aktual bəşəri
mövzuların müzakirə olunduğu "4-cü Sənaye
İnqilabı dövründə yeni media" mövzusunda I
Şuşa Qlobal Media Forumu həm də ölkəmiz
adına xeyli mühüm və əlamətdar məqamlarla
yadda qaldı. İlk növbədə sözügedən
tədbirin məhz Qarabağın mirvarisi Şuşada təşkil
olunması ilə artıq bu tarixi Azərbaycan şəhərinin
dirçəldilməsinin, mədəni, mənəvi ruhunun
özünə qaytarılmasının rəmzi mesajı
verildi.
Bu mötəbər media tədbiri vasitəsilə beynəlxalq
aləmə bir daha Azərbaycan həqiqətləri
çatdırıldı, Cənubi Qafqazda baş verənlər
olduğu kimi dünya mediasının gündəminə
daşındı.
Forumun açılış günündə media mənsubları
tərəfindən müxtəlif mövzularla bağlı
verilən suallara Prezident İlham Əliyevin dərin təhlilə
əsaslanan, faktlara, dəlillərə dayanan sərrast
cavabları beynəlxalq medianın gündəm mövzusuna
çevrildi.
Xüsusilə postmüharibə dövründə Ermənistanla
Azərbaycan arasında aparılan sülh
danışıqları prosesi ilə bağlı ətraflı
məlumat verən, rəsmi Bakının Vətən
müharibəsinin üzərindən ötən müddət
ərzində iki ölkə arasında normallaşmaya nail
olunması baxımından kifayət qədər konstruktivlik
nümayiş etdirməsindən danışan dövlət
başçısı həm də beynəlxalq media vasitəsilə
bir daha dünyaya bəyan etdi ki, indiyə qədər sülhə
nail olunmamasının yeganə səbəbi Ermənistanın
hələ də Azərbaycana qarşı ərazi iddiası
güdməsidir. Lakin Prezident onu da əlavə etdi ki, ermənilərin
bu mənfur iddiaları elə onların özü
üçün ağır nəticələr verə bilər:
"Son iki il yarım ərzində bir neçə məqam
oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki,
bizim ərazi bütövlüyümüzü tanımasalar,
biz onların ərazi bütövlüyünü
tanımayacağıq. Bunun nə məna
daşıdığı onlara kifayət qədər
aydındır".
Dövlət başçısı onu da xüsusi
vurğuladı ki, 28 il ərzində onları məcbur edə
bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər.
Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda
sülh olmayacaq. Bu, bölgə üçün heç də
yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə
nəticələnməyəcək. Eyni zamanda çox həssas
geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə
də çətinliklər yaradacaq.
Ermənistan mövcud reallıqları qəbul etməlidir
Vətən müharibəsində hərb meydanında
ədaləti güc yolu ilə təmin edən Azərbaycan zəfərdən
dərhal sonra Ermənistana təkmil sülh modeli təklif
edib. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə
söykənən 5 baza prinsipi irəli sürüb, sülh
müqaviləsinin yalnız bu tələblər yerinə
yetiriləcəyi halda mümkün olduğunu bildirib.
Lakin 10 noyabr üçtərəfli Bəyanatında
da tövsif olunmasına baxmayaraq, Ermənistan hələ də
öz silahlı tör-töküntülərini Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi
Qarabağ ərazisindən çıxarmayıb və
hazırda nümayiş etdirdiyi yaramaz fəaliyyətlə
heç bu niyyətdə olmadığını da ortaya
qoymuş oldu. Xarici ölkələrin poliqonuna
çevrilmiş Ermənistan Azərbaycanın beynəlxalq
hüquqa əsaslanaraq Laçın yolunda sərhəd-buraxılış
məntəqəsini qurmasına "blokada" donu geyindirməyə
çalışır, ölkəmizin alternativ Xankəndi-Ağdam
yolu təklifini gözardı edir, separatçılara
açıq dəstək verir.
Bütün bu faktlar Ermənistanın rəsmi şəkildə
bəyan etməsinə baxmayaraq, "Qarabağ Azərbaycandır"
həqiqətini qəbul etmədiyinin, xarici havadarlarına
güvənərək revanş hisslərinə
qapıldığının, ölkəmizə ərazi
iddiası etməsinin əyani göstəricisidir.
O da faktdır ki, Qarabağda hakimiyyəti ələ
keçirmiş xunta Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi ərazidə
yaşayanları girov götürüb.
"Biz İkinci Qarabağ müharibəsinin
başlanmasına qədər iki il müddətində erməni
rəhbərliyinə də şans vermişik, amma onlar bundan
istifadə etmədilər", - deyə I Şuşa Qlobal
Media Forumunda çıxış edən Prezident İlham
Əliyev beynəlxalq media mənsublarının diqqətinə
çatdırdı ki, Azərbaycanın atdığı
bütün addımlar məntiqli, əsaslandırılmış,
müdrik və kifayət qədər cəsarətli idi. Bu səbəbdən
sərhəddə nəzarət-buraxılış məntəqəsinin
qoyulması postmünaqişə dövründə
mühüm mərhələ idi və şəraiti əhəmiyyətli
dərəcədə dəyişdi: "Bu da bir mesaj idi.
Lakin biz neçə dəfə mesaj göndərməliyik,
neçə dəfə işarə etməliyik? Məgər
bunlar artıq az idi? Həm Fərrux əməliyyatı, həm
2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində
vəziyyət, həm 2022-ci ilin sentyabrında sərhəddə
vəziyyət, həm də nəzarət-buraxılış
məntəqəsi. Axı biz neçə dəfə onlara
mesaj verməliyik? Məgər belə anlamazdırlar?"
Prezident onu da söylədi ki, Qarabağda yaşayan erməni
sakinlərin yenidən inteqrasiyası məsələsi bu
yanlışlardan, onları girov götürən, qul kimi
istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən
asılıdır: "İşğal dövründə
vasitəçilər mənə dəfələrlə
deyirdilər ki, "Birinci Qarabağ müharibəsi belə
qurtarıb, siz reallıqları qəbul etməlisiniz".
Lakin mən onları qəbul etmirdim və etmədim. Ancaq indi
mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul
edin, bu reallıqların dəyişməsi baş verərsə,
bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın
erməni azlığı üçün yaxşı
olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu
sözləri eşidəcək və düzgün nəticə
çıxaracaqlar".
"Dağlıq Qarabağ respublikasını"
Marseldə qurub elan etsinlər, biz də tanıyaq"
Prezident İlham Əliyev iyulun 25-də Çinin "China
Media Group" Media Korporasiyasına verdiyi müsahibəsində
də vurğulayıb ki, sülh müqaviləsinin
bağlanması ilə bağlı fikir
ayrılığının yeganə əsas müddəası
onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən
Azərbaycanın hissəsi kimi tanısın: "Artıq
dediyim kimi, bir - onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır
və indi isə, onlar ikincini etməlidirlər:
imzalamalıdırlar. Bundan sonra razılaşma əldə
oluna bilər və düşünürəm ki, əgər
ermənilər söylədiklərini yerinə yetirərlərsə
və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi
yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə,
onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail
olaraq onu imzalaya bilərik".
Sözügedən müsahibəsində Fransanın
Ermənistanın ən böyük vəkilinə, Avropada ən
iri anti-Azərbaycan mənbəyinə çevrildiyini söyləyən
ölkə rəhbəri qeyd edib ki, onlar bizi öz ərazimizdə
gördüyümüz işlərə görə ittiham
edirlər. Korsika dilinə qadağa qoyan, Korsikada öz müqəddəratını
təyinetmə hərəkatını qəddarcasına
boğan Fransa Qarabağda ermənilərin "öz müqəddəratını
təyin etmələrini" təşviq edirlər: "Bu
necə ola bilər? Müharibə zamanı siyasi təcavüz
bütün sərhədləri aşanda, dedim ki, əgər
onlar "Dağlıq Qarabağ respublikasını"
haradasa qurmaq istəsələr, qoy öz ərazisində
qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı
Marsel şəhərinin ətrafında qurub,
"Dağlıq Qarabağ respublikasını" orada elan
etsinlər, biz də tanıyaq".
Prezident müsahibəsində onu da bildirdi ki, Azərbaycandakı
erməni azlığının hüquqları və təhlükəsizliyi
Azərbaycan Konstitusiyası əsasında lazımınca
qorunacaq.
"Biz hər şeyi düzgün etmişik"
Prezident İlham Əliyevin əzmi, qətiyyəti,
müdrik siyasəti nəticəsində hərb meydanında,
beynəlxalq hüquq müstəvisində məğlub olan
Ermənistan qlobal media platformasında da ifşa olundu. Təcavüzkar
üzərində ard-arda çalınan bütün bu qələbələr
isə Azərbaycanın öz milli maraqlarını beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun
ardıcıllıqla və qətiyyətlə təmin etməsinin
parlaq təzahürləridir.
Necə ki bunu Qarabağın zəfər zirvəsi
Şuşada keçirilən I Şuşa Qlobal Media Forumunun
açılışında qalib lider İlham Əliyev
dünyanın nəzərinə yetirdi: "Əgər bizim
bütün fəaliyyətimizin xronologiyasını izləsəniz,
hətta İkinci Qarabağ müharibəsinin
başlanmasına qədər getsəniz, siz bizim haqlı
olduğumuzun məntiqini və güclü arqumentini görəcəksiniz.
Biz utana biləcəyimiz və ya "bəli, bax, burada biz
haqsızıq" deyəcəyimiz heç bir şey etməmişik.
Biz hər şeyi düzgün etmişik".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.- 26 iyul.- S.5.