Azərbaycan heç
zaman forposta çevrilməyib
Prezident İlham Əliyev çoxmilyonluq
auditoriyası olan
"China Media Group"a qlobal
həqiqətləri açıqlayıb
Prezident İlham
Əliyev iyunun 20-də Çinin "China Media Group" Media
Korporasiyasına verdiyi müsahibədə bir sıra vacib məqamlara
toxunaraq Azərbaycana qarşı edilən ədalətsizlikləri
də diqqətə çəkib. Prezident bu ədalətsiz
yanaşmaya gətirib çıxaran amillərin müxtəlif
olduğunu bildirib.
"Əsas
olmasa da həmin amillərdən biri Birləşmiş
Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində
erməni lobbisinin böyük infrastruktura malik
olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum
çəkirlər, siyasətçiləri ələ
alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına
və hökumət orqanlarına yol tapırlar. Bütün
oxları Azərbaycana tuşlayırlar və bir növ Azərbaycanofobiya
mühitini yaradırlar. Lakin bu, yeganə səbəb deyil.
Düşünürəm, əsas səbəb ondan ibarətdir
ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil
siyasət yürüdür", - deyə ölkə lideri
qeyd edib.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının fikirlərini
öyrəndik.
Azərbaycan
hansısa güc mərkəzlərindən idarə olunmur
Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc
deyib ki, vaxtilə Qərb Qafqazı ələ keçirə
bilsəydi, burada qüvvələr nisbəti Avropanın
xeyrinə dəyişəcəkdi. Belə olan halda Qərb
Rusiyanın, İranın, hətta Türkiyənin mövqeləri
ziddinə siyasətini həyata keçirəcəkdi. Lakin Azərbaycan
həmin dövrdə bu prosesin qarşısını
aldı. İnqilab məhz Bakıda iflasa uğradı.
"Sonrakı
dövrdə zaman-zaman ölkəmiz əleyhinə beynəlxalq
hücumların sistemli xarakter aldığını
müşahidə etdik. Sinxronlaşmış qaydada Azərbaycanın
gah Qarabağ problemi, gah insan haqları, gah da korrupsiya məsələləri,
məmurların fəaliyyəti və sair kontekstlər daim
beynəlxalq gündəmi təşkil etməyə
başladı. Bir sıra qurumlar, xüsusilə 2008-2020-cu illərdən
başlayaraq fəal şəkildə ölkəmizi müxtəlif
hesabatlarda ən aşağı yerlərə qoymağa
başladılar. Bu, açıq şəkildə ölkələr
üzərində dominantlıq qazanmaq, onları idarə etmək
niyyətindən irəli gəlirdi", - deyə komitə sədri
bidirib.
Zahid Oruc hesab edir
ki, yaxın qonşuluq siyasəti, tərəfdaşlıq,
heç bir halda bölgəni necə istəyirsən elə
idarə etmək, lazım gələrsə parçalamaq,
öz mənafelərinə tabe etmək üzərində
aparılmamalıdır: "Prezident İlham Əliyev uzun on
illərdir bəyan edir ki, Azərbaycan hansısa paytaxtlardan və
ya mərkəzlərdən asılı deyil. Bizi qələbəyə
aparan da məhz həmin kurs oldu ki, Azərbaycan heç zaman
ikinci və ya üçüncü dövlətlərin
forpostuna çevrilməyib".
Zahid Orucun
sözlərinə görə, Vətən müharibəsindən
sonra Qərbin Azərbaycana qərəzli münasibəti daha
da artıb: "Çünki İkinci Qarabağ
savaşından sonra ölkəmiz gücləndi, hərbi
siyasi mövqeyimiz nəinki regionda, ümumilikdə dünyada
bizə olan münasibəti keyfiyyətcə yeni mərhələyə
daşıdı. Belə şəraitdə vaxtilə
hökumətləri devirib yerinə yeni iqtidarları gətirən
qüvvələr Azərbaycan rəhbərliyini daha sərt
şəkildə hədəfə çevirdilər. Beləliklə,
postmüharibə dövründə ölkəmiz əleyhinə
çirkli kampaniyalarını genişləndirdilər".
Komitə sədri
qeyd edib ki, bu qarayaxmalar heç bir siyasi nəticə vermədi:
"Bu, sadəcə olaraq, qlobal ləkələmədən
başqa heç nə deyildi. Bu bir daha sübut etdi ki, Azərbaycan
hansısa güc mərkəzlərindən idarə olunmur.
Prezident İlham Əliyev özünün xarakterinə,
yüksək liderlik qabiliyyətinə arxalanaraq ölkəmizi
irəli aparmaqda davam edir. Əminəm ki, bu, sülh
müqaviləsinin imzalanmasına və bütövlükdə
Qafqazda yeni arxitekturanın qurulmasına da yol açacaq.
Bütün dünya şahidi olacaq ki, müxtəlif siyasi məsələləri
önə çıxarmaqla, onları xarici məkanda
müzakirə edib Azərbaycan əleyhinə qərar və qətnamələr
qəbul etməklə heç nəyi dəyişmək
mümkün deyil".
Erməni lobbisi
xarici ölkələrdə Azərbaycanofobiya mühiti
yaradır
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov deyib ki, bu gün
dünyanın yüksələn gücü olan Çinin
qlobal siyasətə təsir imkanları mübahisəsizdir.
Belə bir şəraitdə Çin mediasının Azərbaycana
artan marağı, 7 ay ərzində bu ölkənin iki
transmilli media strukturunun Prezident İlham Əliyevə
müraciəti həm də ölkəmizin nüfuzunun və
cənab İlham Əliyevin qlobal miqyaslı lider kimi ciddi təsir
imkanlarının artdığını göstərir.
Deputat qeyd edib ki,
Azərbaycan Prezidenti bütün platformalarda olduğu kimi,
Çinin "China Media Group" Media Korporasiyasına
müsahibəsini də şaxələndirilmiş hücum
siyasətinin möhtəşəm həlqəsinə
çevirə bildi: "Azərbaycan və Çinin təqribən
oxşar tarixi inkişaf yolu keçməsi, imperialist niyyətlərlə
üzləşməsi və cənab İlham Əliyevin məharətlə
bu hücumların qarşısını alması Çin
mediasının diqqətindən yayına bilməzdi.
Çinli jurnalistin müqayisə aparmaq niyyəti də məhz
bu reallıqdan irəli gəlirdi".
Çoxmilyonluq
auditoriyası olan "China Media Group" izləyiciləri
üçün Azərbaycan Prezidentinin 3 ciddi qlobal həqiqəti
ortaya qoyduğunu söyləyən B.Məhərrəmov
onlardan birincisinə diqqət çəkib: "Əvvəla,
"demokratiya" "humanizm", "insan haqları"
idealları ilə pərdələnən qlobal güclər,
əslində, ikili standartlarla yaşayan riyakar imperialistlərdir.
Cənab Prezidentin ifadə etdiyi kimi, "Bəzi ölkələrdən
fərqli olaraq, Azərbaycanın prioritetlərimizə və
milli maraqlarımıza cavab verməyən hər hansı
işə qoşulmaması, müstəqil davranması,
müstəqil siyasətimizin olması" bu subyektlərin
neoimperialist niyyətləri ilə üst-üstə
düşmür. Nəticədə Azərbaycan hədəfə
alınır, lakin biz istər 44 günlük savaşda
birbaşa döyüş meydanında, istərsə də
postmüharibə dövründə diplomatik səviyyədə
bütün düşmən meyilləri yerinə oturda
bilmişik".
Deputat əlavə
edib ki, ikinci
mühüm məqam, bəşəri niyyətlərlə
yaradıldığı iddia edilən "Human Rights
Watch", "Amnesty International" və "Freedom
House" və sairə bu kimi beynəlxalq təşkilatların,
əslində, iri dövlətlərin əlində, sadəcə,
alət olmasıdır. Həmin təşkilatlar bir sıra
güclərin təlimatları ilə Azərbaycanı
davamlı olaraq muzdlu mətbuatın hədəfinə
çevirir, "müstəqil" QHT-lərin hücumuna məruz
qoyurlar. Lakin dövlət başçısının da ifadə
etdiyi kimi, "Biz əlimizdə olan bütün vasitələrlə
özünəməxsusluğumuzu və ləyaqətimizi
müdafiə edəcəyik" və görünən odur
ki, Prezident İlham Əliyev bu prosesdə də qalibdir".
B.Məhərrəmovun dediyinə görə,
dövlət başçısının Çin auditoriyası
ilə bölüşdüyü digər mühüm məqam
isə Birləşmiş Ştatlarda, Fransada və bəzi Qərb
ölkələrində erməni lobbisinin terrorçu-təxribatçı
fəaliyyəti ilə bağlı oldu. Böyük əksəriyyəti
terror birləşmələrinin üzvü olan erməni
lobbisinin adıçəkilən ölkələrdə
infrastruktura malik olması, siyasətçiləri ələ
alması, parlamentə, mətbuata və hökumət
orqanlarına yol tapması bir çox hallarda Azərbaycanofobiya
mühitinin yaradılması üçün əsas ola bilir.
Lakin Vətən müharibəsində məhz erməni
diasporunun yerlə-yeksan edilməsi erməni diasporu mifinə də
artıq son qoyur.
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 26 iyul.- S.5.