Prezident İlham Əliyevin tapşırığına əsasən
ölkənin enerji sistemində təxirəsalınmaz
tədbirlər həyata
keçirilir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakıda “AzərEnerji” Açıq
Səhmdar Cəmiyyətinin
“Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak
edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
ölkəmizdə su
elektrik stansiyaları ilə bağlı həyata keçirilən
işlər barədə
videoçarx nümayiş
olundu.
“AzərEnerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən
işlər barədə
məlumat verdi.
Bildirildi ki, son 20 ildə Xəzər dənizində
suyun səviyyəsinin
iki metrə yaxın aşağı düşməsi ölkənin
ikinci böyük elektrik stansiyası olan və Bakının
40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan “Şimal”
Elektrik Stansiyasının
işində ciddi çətinliklər yaratmışdı.
Çünki suyun səviyyəsinin gündən-günə
aşağı düşməsi
stansiyanın soyutma suyu ilə təchiz
olunmasında ciddi problem yaradırdı və ən böyük həcmdə enerji istehsal edən “Şimal-1” və
“Şimal-2” Elektrik stansiyalarının
yaxın perspektivdə
fəaliyyətini tamamilə
dayandırması qaçılmaz
idi. Bu təhlükəni
aradan qaldırmaq üçün təxirəsalınmaz
şəkildə “AzərEnerji”
ASC tərəfindən Xəzər
dənizinin içərisinə
doğru soyuq suyun 8 metr dərinlikdən
götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su nasos
stansiyası tikilib. Estakadanın möhkəmliyini
təmin etmək məqsədilə hər
birinin uzunluğu 30 metr olan 1000 ədəd dəmir boru svay 20 metr
dənizin dibinə vurulub və betonlanıb.
Qeyd edildi ki, hazırda hər birinin məhsuldarlığı 9000 kubmetr/saat olan 8 nasosdan
2-si ehtiyatda saxlanılmaqla
6 ədədi daim işlək vəziyyətdə
olur. Bununla da nasoslar vasitəsilə
dənizin 8,5 metr dərinliyindən götürülən
aşağı temperaturda
54 min kubmetr su mövcud kanala vurulur.
Stansiyalarda SCADA sistemi
tətbiq edilərək,
nasos və klapanların avtomatik idarə olunması və rəqəmsal mühafizəsi üçün
nəzarət-ölçü cihazları, lokal idarəetmə panelləri,
“PLC” idarəetmə sistemi
quraşdırılıb. Həmçinin
bu idarəetmə sistemi mərkəzi idarəetmə otağındakı
monitorlara inteqrasiya edilib ki, bu
da nasosların məsafədən işə
qoşulmasına və
açılmasına, avadanlıqların
iş rejimlərinə
nəzarət və tənzimlənməsinə, kanalda
suyun səviyyəsinə
nəzarətə, şandorun
avtomatik açılıb-bağlanmasına
şərait yaradır.
Prezident İlham
Əliyevə “Şimal”
Kiçik Su Elektrik Stansiyası haqqında da məlumat verildi.
Diqqətə çatdırıldı ki, Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının ərazisində “AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib. Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.
Azərbaycan.-2023.-
27 iyul.- S.1-2.