Sım kəndi
təkcə Astara rayonunun deyil, eləcə də respublikamızın dilbər
guşələrindən biridir.
Dörd bir tərəfdən yaşıl
örtüklü Talış
dağları ilə əhatə olunmuş kəndin qışı, yazı, yayı, payızı bambaşqa bir aləm olur.
Başıqarlı dağlar,
min gülə, çiçəyə bürünən
yamaclar, diş göynədən buz bulaqlar, payızında xəzan örtüklü
yollar, cığırlar
ana təbiətin bu məkana bəxş etdiyi gözoxşayan bir sərvətdir. Astara şəhərinin qərb
hissəsində yerləşən
Sım dəniz səviyyəsindən 700 metr
hündürlükdə qərar
tutmuşdur. Yaşı
isə qədimdən
də qədimdir. Deyilənlərə görə,
onun ərazisində eramızdan əvvəl üçüncü minillikdə
yaşayış olmuşdur.
Və bu kəndin əsasının
bir vaxtlar Ərdəbildən buraya köç etmiş Şeyx Abdulla Samiyə adlı bir şəxs tərəfindən qoyulduğunu
söyləyirlər. Bu
ərazini keçərkən
gördüyü təbiət
gözəlliyi onu valeh etmiş və burada məskunlaşmağa qərar
vermişdir. Yaşlı
nəslin nümayəndələri
deyirlər ki, zaman keçdikcə Şeyx Abdulla Samiyənin
övladları, nəvə-nəticələri
törəyib artmışdır.
Buna görə də 250 təsərrüfatdan
ibarət olan kənddə bütün ailələr, demək olar ki, bir-biri
ilə qohum-əqrəbadırlar.
Sım kəndinin
daxil olduğu Piləkəş inzibati ərazi nümayəndəliyi
özündə 13 kəndi
birləşdirir. Ərazi
nümayəndəsi Xəqani
Xalıqov dedi ki, kəndin adı ilə bağlı, əsasən,
3 versiya irəli sürülür. Bu söz talış dilində birinci versiyada "Daşlıq ərazi", ikinci versiyada Şah İsmayıl Xətainin keçdiyi "Qırmızı
yol", üçüncü
versiyada isə "Yeyib-içmişəm" və
ya "Toxam" kimi səslənir.
Kəndin məzarlığındakı
sandıq-qəbirlər tarixçilər,
arxeoloqlar tərəfindən
tədqiq edilmiş və bu qəbirlər
atəşpərəstlik dövrünün
abidələri hesab edilmişdir. Məzarların
üzünün qibləyə
olmaması da bu fikri təsdiq
edir.
Buradakı abidələrdən
biri də zümrüd donlu yaşıllıqlar arasındakı
talada diqqəti cəlb edən böyük hamar daşdır. Çox qəribədir, görəsən,
təbiətin sehrli əli stola bənzəyən bu daşı buraya necə və haradan gətirib qoymuşdur?! Xalq arasında belə bir rəvayət də dolaşır ki, Şah İsmayıl
bu "stol"un ətrafında vəzir-vəkilləri
ilə məşvərət
edərmiş.
Sım
kəndində 40 bulaq,
3 şəlalə var.
Mənbəyini uca dağlardan götürüb
qıjıltı ilə
axan Sım çayı kəndi ikiyə bölərək
Xəzərə qovuşmağa
tələsir. Bütün
bunlar kənd turizminin inkişafı üçün Sım kəndində əlverişli
bir mühitin olduğuna əyani sübutdur.
Rayon icra hakimiyyəti başçısının
inzibati ərazi nümayəndəsi X. Xalıqov
onu da dedi
ki, Sım kəndi rayon mərkəzindən 41 kilometr
ucqar bir məsafədə yerləşir.
Bir neçə il bundan öncə
kəndin girəcəyinə
kimi asfalt yol çəkilib. Lakin kəndin içərisində daha
300 metr yolun asfaltlaşdırılmasına ehtiyac var.
Turistlər, əsasən,
şənbə və
bazar günlərində
buraya gəlirlər. Lakin yağışlı
günlərdə kəndin
görməli yerlərinə
baş çəkmək
çətinləşir. Buna
görə də kəndin daxili yolları və cığırları qaydaya
salınmalıdır. Təmiz
hava, gözəl təbiət mənzərələri,
arxeoloji abidələr,
ekoloji cəhətdən
keyfiyyətli qida məhsulları, kənd nemətləri, xüsusən
bal turistlərin xoşuna gəlsə də, kənd evlərindəki şərait
onları qane etmir. Bu səbəbdən
də burada müasir tipli hotellərin, koteclərin tikilməsi vacibdir. Axı təkcə respublikamızdan deyil, xarici ölkələrdən
də Sıma qonaqlar gəlir. Kəndə təbii qazın, internet xəttinin çəkilməsi
vaxtı da çatmışdır.
Sözümüzün canı odur ki, kənd turizmi
inkişaf etdirilməlidir.
İndi şəhərlərin
səs-küyündən uzaq
olub sakit bir guşədə, ana təbiətin qoynunda dincəlməyə,
istirahət etməyə
üstünlük verənlər
çoxdur. Onlar üçün lazımi
şərait yaradılarsa,
turizm inkişaf edər, kənd bələdiyyəsinə yaxşı
gəlir gətirər.
Kənd adamları da bundan faydalanıb
sosial vəziyyətlərini
daha da yaxşılaşdırarlar.
Seyran CAVADOV,
Azərbaycan.- 2023.- 27 iyul.-
S.10.