Xarici qonaqlar yaradılan şəraitdən və təbiət gözəlliklərindən
zövq alırlar
Ölkəmizdə turizm
səfərlərinin ən
pik həddidir. Respublikamızın cənub
bölgəsi Lənkəranda,
Lerikdə,Yardımlıda,
eləcə də Bakı ətrafı Xəzər çimərliklərində
və istirahət yerlərində, Quba-Qusar,
Şəki-Zaqatala, Gəncə-Şəmkir
bölgəsində təbiət
gözəlliyinə tamaşa
etmək istəyən
yerli və xarici ölkələrdən
olan turistlərlə daha tez-tez rastlaşırıq.
Bu mənada respublikamızın qərb
bölgəsinin firuzə
qaşı sayılan
Göygöl və onun ətrafında yayılmış meşələr
öz zənginliyi və füsunkarlığı
ilə insanları özünə məftun edir. Məhz elə bunun üçün də bura üz tutanların
sayı ilbəil artır. Hazırda yay mövsümü ilə əlaqədar Göygölə gələnlərin
sayı gün ərzində 1000 nəfərə
çatır ki, bu da ötən
illə müqayisədə
20 faizdən çoxdur.
Füsunkar təbiəti,
əsrarəngiz gözəlliyi
ilə seçilən
Göygöl Milli Parkına gəlmək istəyən qonaqlar, eləcə də turistlər məntəqədə
qeydiyyatdan keçdikdən
sonra əraziyə daxil ola bilirlər.
Kəpəz dağının
ətəyində yerləşən
Göygöl Milli Parkına insanların rahat gəlməsi üçün hər cür şərait yaradılıb. Girişdə
3 terminal quraşdırılıb
ki, bu da
eyni anda 3 maşının bura daxil olmasına imkan yaradır. Bu səfalı məkana gələn qonaqların avtomobillərini
rahat saxlaması üçün ərazidə
xüsusi yerlər ayrılıb. Dayanacaqdan gölə kimi təxminən 700 metr məsafə var. Bu yolu piyada,
elektromobillə də
qət etmək mümkündür.
Göygöl Milli
Parkına gələn
qonaqlar üçün
ən maraqlı yer gölün kənarında gəzintidir.
Parkın ərazisi 12
min 755 hektardır. Burada qonaqlara Kəpəz dağına,
Şanlı gölə,
Qara gölə, Güzgü
gölə, bir sözlə, 10 istiqamət
üzrə ekoturizm marşrutu fəaliyyət
göstərir. Bu marşrutların hər birinin öz proqramı var. Göygöl və Maral göldən fərqli olaraq, digər marşrutlara turistlərin gəzintisi bələdçilərin müşayiəti
ilə keçirilir. Hazırda Göygöl Milli Parkına ərəblərin, türklərin
və rusların gəlişi daha çox müşahidə
olunur.
Xatırladaq ki,
Göygöl Milli Parkında 423-dən çox
bitki növü var ki, bunlardan
76-sı ağaclar və
kollardır. Burada nadir qorunan bitkilər
və qırmızı
kitaba düşən
vəhşi heyvanlar da var. Yay
aylarında bu gözəlliyi görmək
üçün təxminən
30 minə yaxın xarici və yerli turist Göygölə
təşrif buyurur. İldə isə bu rəqəm 250 mini ötür.
Respublikamızın qərb bölgəsinə
səyahət edən
turistlər üçün
Gəncə ilə həmsərhəd olan Şəmkir rayonu da gəzməli, görməli yerlərdən
hesab edilir.
Rayon mərkəzindəki
Nizami, Səməd Vurğun, İsrafil Məmmədov, Həzi Aslanov və Sabir küçəsi alman həyat tərzinin və ya Almaniyanin bir növ memoriyalıdır.
Burada hər şey evlər, çəpərlər, arxlar,
rənglər, ağacların
küçələr boyu
düzülüşü, kiçik parklar - hər detal, hər məkan insanda elə təəssürat yaradır
ki, sanki tarix canlıdır, dünən heç olmayıb və almanlar yenidən Şəmkirdə qonaqdırlar.
Tarixi mənbələrdən
məlum olduğu kimi, 1816-1818-ci illərdə
əslən Vürtemberqdən
olan almanların ilk iki koloniyası
Yelenendorf (indi Göygöl rayonu) və Annenfeldin (indi Şəmkir rayon mərkəzi) əsasını qoyublar.
1888-ci ildə isə Şəmkirçayın sahilində
yeni alman məskəni Georqsfeld (indiki Çinarlı qəsəbəsi) yaradılıb.
1906-cı ildə isə
Gürcüstandakı almanlar
da Şəmkirə köçüb və Eygenfeld, indiki İrmaşlı kəndinin
əsasını qoyublar...
Bütün bu
yerlər Şəmkirə
gələn turistlərdə
böyük maraq doğurur, xüsusən də Şəmkirdə yaşayan almanlar tərəfindən 1909-cu ildə
inşa edilmiş Lüteran kilsəsi diqqət çəkir. Həzi Aslanov küçəsində yerli
memarlıq abidəsi hesab edilən bu ziyarətgahda kamera orqan musiqisi
zalı Kirxa neoqotik üslübda tikilib və 1941-ci ilədək kilsə kimi istifadə olunub. Turistlərdə məmnunluq doğuran həm də odur ki, son
illər kilsədə
yüksəkkeyfiyyətli bərpa
və yenidənqurma işləri aparılıb,
ərazisi abadlaşdırılıb
və park salınıb.
Şəmkir şəhərində
Xəqani Parkı, İstiqlal Parkı, Abidələr Parkı da turistlərin ən çox üz tutduqları ünvanlardır. Rayon icra hakimiyyətinin şöbə müdiri Rasim Mustafayev bildirir ki, son
illər rayon ərazisinə gələn
turistlərin sayında
artım müşahidə
olunur. Buna səbəb ilk növbədə dünya
standartlarına uyğun
yaradılan yeni parklar, hotellər, əyləncə kompleksləri,
restoranlar, müasir ticarət pasajıdır.
Bayraq Meydanı və Heydər Əliyev Mərkəzi yaxınlığında ümumi
sahəsi 22 hektar olan parka gələnlər
buranı həmişə
məmnunluqla xatırlayırlar.
Parkın ərazisində
7 müasir fəvvarə
var, 800 metr uzunluğunda tunel tipli su kanalları
yaradılıb, kanalların
üzərindən 10 körpü
salınıb. Parkda həmçinin süni göl mövcuddur, burada təxminən 20 min bəzək ağacı və müxtəlif növ gül əkilib.
Yerli və əcnəbi turistlər vaxtı ilə almanlar tərəfindən
tikilmiş evlərin sırası ilə üzüyuxarı qalxanda
İstiqlal parkı ilə qarşılaşırlar.
Parkda həm də maraqlı heykəltaraşlıq kompozisiyası
var: royal arxasında əyləşən
dahi bəstəkar Üzeyir bəy Hacıbəyli və yanında dayanan, Dövlət himnimizin müəllifi, istiqlal şairi, repressiya qurbanı Əhməd
Cavadla "həmsöhbət" olurlar. Bu istiqamətdə hərəkətdə olan
turistlərin marağına
səbəb ünvanlardan
biri də Abidələr parkıdır.
Burada kiçik ölçülərdə, Azərbaycanın
ən görməli yerləri, tarixi tikililəri ucalır. Azərbaycan xəritəsini
əks etdirən bu parkda Xəzər
dənizini fəvvarələrlə
bəzədilmiş hovuz
təcəssüm etdirir.
Görünən odur
ki, mövsümlə
əlaqədar, yəni
havalar kəskin istiləşdikcə məzuniyyət
və həftəsonu
istirahət günlərini
səmərəli keçirmək
üçün respublikamızın
qərb bölgəsinə,
o sıradan Gəncəyə,
Şəmkirə, Gədəbəyə,
Tovuza və Qazaxa gedənlər gündən-günə çoxalır.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
27 iyul.- S.10.