Olimpiya
Festivalında Azərbaycan
cüdoçularının triumfu
Yeniyetmə idmançılarımız 2 qızıl
və 4 bürünc medal qazanıblar
Sloveniyanın Maribor
şəhərində Avropa
Yeniyetmələri XVII Olimpiya
Festivalı davam edir. Yarışın dördüncü günündə
Azərbaycan idmançıları
6 idman növündə
mübarizə aparıblar.
Yeniyetmə atletlərimiz
cüdoda, atletikada, gimnastikada, üzgüçülükdə,
şose və dağ velosipedində, habelə tennisdə qüvvələrini sınayıblar.
Bir gün əvvəl olduğu kimi, bu dəfə
də cüdoçularımız
inamlı mübarizə
apararaq parlaq qələbələr qazanmış
və əldə etdikləri nəticələrlə
xalqımızı sevindirmişlər.
Təmsilçilərimizdən Məhəmməd Musayev
(60 kq) 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə
rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub
olub. Üçüncü
yer uğrunda təsəlliverici görüşdə
mübarizə aparan idmançımız ardıcıl
olaraq Roman Dekan (Slovakiya) və Amsar Damladinova
(Belçika) qalib gəlib. M.Musayev bürünc medal uğrunda həlledici görüşdə Tornike
Cicauri ilə qarşılaşıb və
qalib gələrək
3-cü yeri tutub.
66 kq çəki
dərəcəsində mübarizə
aparan Cəsur İbadlı 1/16 finalda rumıniyalı Andrei Buqaya, növbəti görüşdə isə
fransalı Kais Quettariyə qalib gəlib. Cüdoçumuzun
1/4 finalda niderlandlı
Bazile la Fontaynedən üstün olub. Təəssüf ki, idmançımız yarımfinalda gürcüstanlı
Mate Qveleşianiyə
məğlub olub. C.İbadlı 3-cü yer uğrunda görüşdə
moldovalı Renat Kroitora qalib gələrək komandamızın
aktivinə növbəti
bürünc medalı
yazdırıb.
Qızların mübarizəsində
isə Vüsalə Hacıyeva (48 kq) 1/8 finalda Rumıniya təmsilçisi Lorena Mandanı ipponla məğlub edib. Avropa çempionumuz növbəti görüşdə
italiyalı Janka Juttnerə qalib gəlib. Cüdoçumuz
yarımfinalda fransalı
Selia Maillardı da üstələyərək
adını finala yazıdırb. Həlledici
görüşdə də
parlaq çıxışını
davam etdirən cüdoçumuz ispaniyalı
Aitana Diaz Hernandesi məğlub edərək Olimpiya Festivalında komandamıza
ilk qızıl medalı qazandırıb.
Mübarizəyə 1/8 finaldan başlayan digər cüdoçumuz Xədicə Qədəşova
(52 kq) da uğurla çıxış
edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) və Marlen Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl
medal uğrunda həlledici görüşdə
ispaniyalı Adriana Hevia Saezlə qarşılaşıb və
bu dəfə də tatamini qalib kimi tərk
edib.
Təmsilçilərimizdən ilk olaraq Nihad
Məmişov (50 kq) fəxri kürsüdə
yer alıb. Mübarizəyə ermənistanlı
Hayk Darbinyan üzərində qələbə
ilə başlayan idmançımız növbəti
mərhələdə Şota
Baçaşvili (Gürcüstan)
ilə qarşılaşıb
və rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə
italiyalı Françesko
Krokiani ilə qarşılaşıb. Gərgin
mübarizə şəraitində
keçən görüşdə
rəqibinə qalib gələn Nihad Məmişov Maribor-2023-ün bürünc
medalına sahib çıxıb.
Komandamıza digər
bürünc medalı
isə Ayxan Mirzəzadə (55 kq) qazandırıb. O, 1/8 finalda
isveçli cüdoçu
Samir Pabloskiyə, növbəti mərhələdə
isə niderlandlı Luka Riçardsona qalib gəlib. Lakin idmançımız
yarımfinalda gürcüstanlı
cüdoçu Merabi Samadaşviliyə məğlub
olub. Yeniyetmə cüdoçumuz bürünc
medal uğrunda görüşdə polşalı
Yan Kolondraya qalib gələrək üçüncü yer sahib çıxıb.
Beləliklə, Azərbaycan
komandası Olimpiya Festivalında artıq 2 qızıl və 4 bürünc medala sahiblənib.
Yarışlar davam edir.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2023.- 27 iyul.-
S.12.