Azərbaycan İrəvandan Laçın
yolundakı təxribatlarını
dərhal dayandırmasını
tələb edir
Azərbaycanın parlaq
qələbəsi ilə
bitən Vətən müharibəsindən sonra
Cənubi Qafqazda reallıqlar tamamilə dəyişib və bölgədə baş verən bütün proseslər Azərbaycanın
beynəlxalq hüququn
norma və prinsiplərinə dayanaraq
diktə etdiyi şərtlərə uyğun
gerçəkləşdirilir.
Elə haqq və hüquqa dayanan bu reallıqların
tələbinə əsasən
də hazırda separatçıların və
Qarabağda yaşayan
sadə ermənilərin
qarşılarında iki
seçimləri var -
ya Azərbaycan qanunlarına tabe olaraq onun bayrağı
altında ölkəmizin
vətəndaşı kimi
ərazilərimizdə yaşayacaqlar,
ya da torpaqlarımızı
birdəfəlik tərk
edəcəklər...
Bundan başqa çıxış yolları
yoxdur.
"Dəmir yumruq"
işğalçını diz çökdürüb,
ölkəmizin daxili işlərinə burnunu soxmaq istəyən xarici qüvvələri yerlərinə otuzdurub, separatçıları isə
dalana dirəyərək,
yumşaq ifadə etsək, nəfəslərini
kəsib...
İndi təcavüzkar
Ermənistan, separatçılar,
onlara qahmar duran məkrli Qərb dairələri Azərbaycana qarşı təşkilatlanaraq hansı
oyunlar çıxarsalar
da, Laçın yolunun qarşısında,
sərhədimizdə şoular,
məzhəkələr düzənləsələr
də, bunların
"quzu cildi"nə
bürünmüş fitnəkar
və hiyləgər ermənilərə bir qara qəpiklik faydası olmayacaq...
Bu tamaşada da "yazıq" rolunu Ermənistan özü oynayır
Ermənistan 10 noyabr
üçtərəfli Bəyanatı
ilə üzərinə
götürdüyü şərtləri
yerinə yetirməkdən
müxtəlif manipulyasiyalarla
yayınır, iki ölkə arasında sülhə nail olunmaması üçün
özünəməxsus bicliyə
əl atır. Hələ də öz silahlı tör-töküntülərini Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi
ərazilərimizdən çıxarmayan
İrəvan Qarabağın
Azərbaycan ərazisi
olduğunu rəsmi səviyyədə bəyan
etsə də, bunu imzası ilə təsdiqləməkdən
boyun qaçırır.
Üstəlik də, mütəmadi olaraq ölkəmizə qarşı
siyasi və hərbi təxribatlar törətməklə torpaqlarımıza
ərazi iddiası güddüyünü açıq
şəkildə nümayiş
etdirir.
Ermənistanın hazırda
ssenariləşdirdiyi və
özünün də
"yazıq" obrazını
oynadığı növbəti
tamaşası isə
Laçın yolunda ölkəmizin yaratdığı
sərhəd-keçid məntəqəsi
ilə bağlıdır.
Azərbaycanın beynəlxalq
hüquqa əsaslanaraq
sərhədində buraxılış-keçid
məntəqəsi yaratmasını
həzm edə bilməyərək bunu Laçın yolunun "bağlanması", Qarabağda
yaşayan erməni sakinlərin "blokadası",
"humanitar fəlakət"ə
düçar olması
kimi beynəlxalq ictimaiyyətə sırımaq
istəyən Ermənistan
iyulun 26-da Laçın
sərhəd nəzarət-buraxılış
məntəqəsinə qarşı
növbəti təxribat
həyata keçirdi.
Ölkəmizlə razılaşdırmadan
Azərbaycanın suveren
ərazilərinə "humanitar
yük" adı altında avtomobil konvoyları göndərdi.
O da diqqətdən
yayınmayan təəssüfedici
məqamdır ki,
ermənilərin yazdıqları və məharətlə oynadıqları
bu gülünc tamaşada Avropa İttifaqının Ermənistandakı
missiyası ilana ağu daşıyan kərtənkələ rolunu
oynamağı öz üzərinə götürüb.
Oyun bitdi
Ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə qəsd olan bu hadisə ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev
Aİ ölkələrinin, həmçinin Türkiyə,
ABŞ və İsveçrə
səfirlərinin iştirakı
ilə keçirilən
görüşdən sonrakı
tviter paylaşımında
bildirib ki, teatral səhnələr və yük maşınlarını nümayiş
xətrinə Laçın
yoxlanış məntəqəsinə
gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini
Azərbaycanın Qarabağ
regionundan çəkməli
və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır.
Sözügedən tarixdəki
digər bir tviter paylaşımında
isə Hikmət Hacıyev diqqətə çatdırıb ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün
istifadə edilən Laçın yolu məsələsində siyasi
manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndidəki
separatçıların marionet
"lider"ləri yerli
əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.
Prezidentin köməkçisi
xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi
yolunun yüklərin daha böyük həcmdə çatdırılması
üçün istifadə
edilməsi barədə
razılıq əldə
olunub. Bu, BQXK-nin bəyanatında da təsdiqlənib: "Təkcə Laçın
yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam
yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək
yolverilməzdir. Beynəlxalq
ictimaiyyət Ağdam-Xankəndi
yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir.
Başqa yol yoxdur! Oyun bitdi!"
Azərbaycan Xarici
İşlər Nazirliyi
də ölkəmizin
suverenliyi əleyhinə
və Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı
Ermənistanın növbəti
təxribatlarına dair
bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycanın öz sərhədlərinə
nəzarət və Ermənistanın təxribatlarının
qarşısını almaq
məqsədilə təsis
etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu
həzm edə bilməyən Ermənistan
tərəfinin ölkəmiz
ilə razılaşdırmadan
Azərbaycanın suveren
ərazilərinə "humanitar
yük" adı altında avtomobil konvoylarını göndərməsi
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qəsddir,
Laçın sərhəd-keçid
məntəqəsinə qarşı
növbəti təxribatdır.
"Qeyd edilən
təxribatda Avropa İttifaqının Ermənistandakı
missiyasının və
diplomatik korpusun da alət edilməsi,
bunun əvvəlcədən
planlaşdırılmış addım olduğunu nümayiş etdirib",
- deyə bildirilən
bəyanatda Azərbaycan
XİN bu kimi təxribatlardan əl çəkməyi Ermənistan
tərəfindən bir
daha tələb edib.
Bu yol sadə erməni sakinlərin üzünə
açıqdır
Xatırladaq ki,
Azərbaycan tərəfi
Qarabağdakı erməni
sakinlərin ehtiyaclarının
qarşılanması üçün
Ağdam-Xankəndi yolundan
istifadəni təklif
edib və bu təklif Avropa İttifaqı tərəfindən də
təqdir olunub.
İyulun 15-də baş
tutan altıncı Brüssel görüşündən
sonra Aİ lideri Şarl Mişel bildirib ki, Bakının
həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının
qarşılanması üçün
öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankəndi-Ağdam yolunu təklif etməsi də müzakirə edilib və Aİ tərəfindən
təqdirlə qarşılanıb.
Lakin erməni tərəfi Azərbaycanın
alternativ yol təklifinə qarşı
çıxır, bu yola beton maneələr
düzməklə əraziyə
girişi bloklayır,
bir sözlə, məqsədli şəkildə
orada yaşayan əhalini humanitar fəlakətlə üz-üzə
qoyur. Digər tərəfdən də, Laçın buraxılış-keçid
məntəqəsinin qarşısında
şou düzəltməklə
humanitar vəziyyət
barədə yalan, böhtan xarakterli iddialar irəli sürərək beynəlxalq
ictimaiyyəti çaşdırmaq
istəyir.
Həqiqət isə
bundan ibarətdir ki, özünü Qarabağda yaşayan ermənilərin "təəssübkeşi"
kimi aparan Ermənistanın bu sakinlərin aqibəti, nə 44 günlük müharibəyə qədər,
nə də sonrakı dövrdə maraqlandırmayıb. Ermənistanın
əsl məkrli niyyəti bu yol vasitəsilə sərbəst şəkildə
separatizmə, cinayətkar
xunta rejiminə dəstək göstərməkdir.
Çünki İrəvanın
yalan iddiasının əksinə Laçın
yolu hazırda da sadə erməni
sakinlər üçün
açıqdır.
Ötən gün
də Qarabağın
erməni əhalisinin
BQXK vasitəçiliyi ilə
Laçın sərhəd-buraxılış
məntəqəsindən sərbəst
keçidinə növbəti
dəfə şərait
yaradıldı. Belə
ki, Xankəndidən Gorus istiqamətində hərəkət edən
7 nəqliyyat vasitəsi
və 34 şəxsin
buraxılış məntəqəsində
qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edildi. Həmin 34 şəxsin 11-i Beynəlxalq
Qırmızı Xaç
Komitəsinin üzvü,
12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən
10 ailə üzvü,
eləcə də 1 nəfər tibb heyəti olub.
Bu bir daha onu göstərir
ki, dövlət sərhədinin buraxılış
məntəqəsində Azərbaycan
tərəfindən hər
hansı maneə yaradılmır.
Ya özləri
boyunlarını büküb
gələcəklər, ya
da ki...
Azərbaycan bu
il aprelin 23-də üçrəngli bayrağını
Laçın yolunda yüksəldib və iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi
Azərbaycanın Ermənistanla
şərti dövlət
sərhədlərində nəzarət-buraxılış
məntəqəsini qurmaqla
bağlı beynəlxalq
hüquq əsasında
suveren hüquqa malik olduğunu rəsmi olarq, tanıyıb.
Göründüyü kimi, haqq da,
hüquq da ölkəmizin tərəfindədir
və Ermənistanın,
onun xarici bacılıqlarının hansı
teatr tamaşaları oynamalarına baxmayaraq, milli maraqlarımızın
təmini ilə bağlı reallığa,
beynəlxalq prinsiplərə
əsaslanan şərtləri
Azərbaycan diktə edir.
Hadisələrin bundan
sonrakı inkişafını
və nəticələrini
isə artıq separatçılar düşünməlidirlər...
Necə ki bunu Mayın 28-də - Müstəqillik Günündə
Laçın şəhərindən
Müzəffər Ali
Baş Komandan İlham Əliyev bəyan edib: "Daha üçüncü
dəvət olmayacaq. Ya özləri boyunlarını büküb
gələcəklər, ya
da ki hadisələr
başqa cür inkişaf edəcək".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
28 iyul.- S.5.