Ermənistanı silahlandıran
Hindistan öz prinsiplərinə sadiq deyil
Ermənistan nəinki
sülh danışıqlarında,
ümumiyyətlə, Qarabağla
bağlı danışıqlar
prosesində heç vaxt səmimi olmayıb, indi də səmimi deyil. Bu ölkənin hakimiyyət orqanlarında
da, cəmiyyətində də
problemin güc yolu ilə həllinə
ümid edən revanşist düşüncəli
qüvvələr var və
onlar hələ Ermənistan hakimiyyət orqanlarına təsir imkanlarından heç də məhrum olmayıblar.
44 günlük müharibədə
rüsvayçı şəkildə
məğlub olub təslimçilik aktını
yalvararaq imzalayan bir ölkənin 10 noyabr üçtərəfli
Bəyanatın şərtlərini
yerinə yetirməməsi,
qoşunlarının tör-töküntülərini
hələ də Qarabağdan çıxarmaması
revanşist qüvvələrin
Ermənistan hakimiyyətinə
təzyiqinin, eləcə
də Ermənistan cəmiyyətinin bir qisminin "bəlkə də qaytardılar" düşüncəsindən xilas
ola bilməməsinin nəticəsidir.
Elə bu düşüncəylə də
aclıq, səfalət
içində boğulan
bir ölkə hərbi xərclərini artıraraq yeni silahlanmaya başlayıb. Erməni
KİV-ində yer alan məlumata görə, 2023-cü ildə
ölkənin müdafiə
xərcləri 1,3 milyard
dollar təşkil edir.
40 faizdən çox artan hərbi xərclər ənənəvi
olaraq büdcədə
böyük maliyyə
tutumu olan sosial proqram üzrə xərcləri
də üstələyir.
Bu da Azərbaycanla sülh
danışıqları aparan
Ermənistanın sülhdən
çox müharibəyə
hazırlaşması deməkdir.
Təəssüf doğuran
fakt budur ki, Ermənistanı silahlandıran
ölkələr sırasında
ən çox adıçəkilən Qoşulmama
Hərəkatının üzvü
olan Hindistandır. Təkcə ötən il
Hindistan Ermənistana
270 milyon ABŞ dolları
dəyərində silah
və hərbi texnika satıb. Rəsmi erməni mənbələri bu barədə məlumat verməkdən imtina etsələr də, hərbi sahə üzrə ixtisaslaşmış
"Indian Defense Research Wing" saytının
yaydığı xəbərə
görə, ötən
il Ermənistan Hindistan
şirkətinə "MARG" özüyeriyən haubitsalar
sifariş edib. Nəzərə alsaq ki, haubitsa intensiv atəş altında 3 dəqiqə ərzində
10, sabit sürətlə
60 dəqiqə ərzində
42 atəş aça
bilir və bu, Ermənistanın hansı niyyətdə olduğunu bir daha aydınlaşdırır.
Hindistan mətbuatı
Ermənistanla hərbi-texniki
əməkdaşlığın genişləndirilməsindən bəhs edərək yazıb ki, bu ilin əvvəlində Ermənistan tərəfinin
Hindistan istehsalı olan MRSAM ortamənzilli hava hücumundan müdafiə sistemlərini
əldə etmək imkanları müzakirə
edilib. Eyni zamanda Ermənistan ordusunda xidmətdə olan Rusiya istehsalı
olan "S-125 Peçora"
hava hücumundan müdafiə sistemlərini
Hindistan silahları ilə əvəz etmək niyyətində olduğunu bildirib.
Ötən ilin payızında Ermənistanın müdafiə
naziri Suren Papikyan Hindistanda silah sərgisində iştirak
edərkən həmin
ölkənin müdafiə
naziri ilə görüşdüyünü, Dehlidən "Pinaka" adlı üç model reaktiv yaylım atəşi sistemləri sifariş etdiyini rəsmən təsdiqləmişdi.
Birmənalı olaraq Azərbaycanın Ermənistanla
sülh sazişi üzrə danışıqlar
apardığı bir
vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar
tədarük etməsi
Ermənistanın militarizasiyasına
və vəziyyətin
gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin bərqərar
olmasına maneələr
törədir.
İyulun 26-da Azərbaycan Respublikası
Prezidentinin köməkçisi,
Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Sridharan Madhusudhanan
ilə görüşüb.
Görüşdə Hikmət
Hacıyev səfirə
Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın
dərinləşməsi və
bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin
İran vasitəsilə Ermənistana
daşınması barədə
foto və videoların yayılmasının
Azərbaycan tərəfində
narahatlıq doğurduğunu
bildirib.
Hikmət Hacıyev
vurğulayıb ki, Hindistanın
bu hərəkəti özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin
də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi
"Bandunq prinsipləri"
ilə uyğun gəlmir. Prezidentin köməkçisi Hindistan
səfirini Azərbaycan
tərəfinin ciddi narahatlığını rəsmi
Dehlinin diqqətinə
çatdırmağa və
Hindistanı Ermənistana
öldürücü silahların
tədarükü ilə
bağlı qərarını
bir daha nəzərdən keçirməyə
çağırıb.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.- 28 iyul.-
S.4.