Tikintisi davam edən Horadiz-Zəngilan avtomobil yolu işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi
inkişafında mühüm
rol oynayacaq
Şanlı zəfərimizlə
bitən Vətən müharibəsindən ötən
2 il yarım müddət ərzində
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında böyük tikinti-quruculuq
işləri həyata
keçirilməkdədir. Əlbəttə
ki, bu ərazilərdə
hərəkətin tənzimlənməsi
üçün ilk növbədə yolların
yenidən qurulması,
körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət
kəsb edir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi,
həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir.
Prezident İlham
Əliyev işğaldan
azad edilmiş şəhər və rayonlarımıza səfərləri
zamanı yeni yolların açılışlarını
edir, digər tikinti işlərinin sürətlə aparılması
ilə bağlı ciddi tapşırıqlarını
verir.
Qeyd edək ki, bu bölgədə
2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulub. Artıq İlham Əliyevin Zəfər yolu adlandırdığı
avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış
yolu və Laçın şəhərinə
daxil olmadan yeni alternativ yolun inşası başa çatdırılıb.
Bu il daha
12 layihənin icrası
tamamlanacaq.
İnşası davam
etdirilən yollardan biri də Horadiz-Zəngilan
avtomobil yoludur. Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Zəngilan
rayonunun ərazisində
mövcud Horadiz-Zəngilan
avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər
haqqında Azərbaycan
Prezidentinin sərəncamına
uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma
işlərinə start
verilib.
Təmir-tikinti işləri
M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan
Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun (km 173+600 - km 235+000) 61,4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir. III texniki dərəcəyə uyğun
olaraq əsaslı şəkildə yenidən
qurulan yolun torpaq yatağının eni 12 metr təşkil
edir. Layihə üzrə əsaslı təmir işləri
173,6-189, 189-205, 205-220 və 220-235-ci kilometrlər daxil olmaqla 4 hissədə aparılır.
Hazırda yolboyu
mövcud asfalt-beton örtüyün kənarlaşdırılması,
qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin
etmək məqsədilə
müxtəlif ölçülü
suötürücü boruların
inşası, körpülərin
təmiri, həmçinin
kommunikasiya xətlərinin
köçürülməsi işləri aparılır.
"İnşaat Norma
və Qaydaları"na
uyğun, Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilən layihənin
icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa
riayət olunmaqla aparılır. Tikinti işlərinin vaxtında
yekunlaşdırılması üçün əraziyə
lazımi sayda işçi qüvvəsi
və texnika cəlb olunub.
Horadiz-Zəngilan avtomobil
yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində
icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi
inkişafında mühüm
rol oynayacaq yol infrastrukturu layihələrindən biri
sayılır.
Qarabağ iqtisadi
rayonunda da yolların tikintisi davam etdirilir. İyulun 20-də
Prezident İlham Əliyev Füzuli rayonunda səfərdə
olarkən 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər
olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.
Mövcud yolun
uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun
Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi
altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət
zolağından ibarət olacaq. Yolun baxış keçirilən
27 kilometrlik hissəsində əsas infrastruktur işləri
tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif
diametrli 137 suötürücü boru, 30 yeraltı keçid,
8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin
ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090
metrdir.
Layihə üzrə
tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində
hazırda inşaat işləri davam etdirilir. Viadukların
üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə
olaraq aşırım qəliblərin üfüqi
sürüşdürülməsi üsulu ilə betonlama
işləri yerinə yetirilir. Bundan başqa, Zəfər
yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna
birləşən hissəsində yol qovşağının
tikintisi işləri də uğurla icra olunur.
Ümumiyyətlə,
artıq demək olar ki, əksər yolların tikinti prosesinin
böyük hissəsi yekunlaşıb. Əminliklə deyə
bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə
yenidən qurulub istifadəyə veriləcək.
Bir sözlə,
İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən
sonra yaranan yeni reallıq göz önündədir.
Qarşıya qoyulan birnömrəli prioritet məsələ
işğaldan azad olunmuş ərazilərdə bərpa və
quruculuq işləri aparmaq, yeni infrastrukturların
yaradılmasına, sərmayələrin cəlb edilməsinə
nail olmaqdır. Tezliklə bu yollar Qarabağa və Şərqi
Zəngəzura yeni həyat gətirəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
29 iyul.- S.9.