XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının açılış
mərasimi olub
Heydər Əliyev
Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə keçirilən XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının iyulun
27-də təntənəli açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
ölkəmizdə musiqi
mədəniyyətinin inkişafında
və təbliğində
müstəsna xidmətləri
olan Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik
məktubu oxunub.
Məktubda deyilir:
“Hörmətli festival
iştirakçıları!
Xanımlar və
cənablar!
Sizi – XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının bütün
iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır,
festivalın işinə
uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Əsrlər boyu
mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən müxtəlif millətlərin mədəniyyət
və incəsənətinin
qarşılıqlı zənginləşməsinə,
xalqlar arasında olan birliyin daha
da gücləndirilməsinə
səy göstərib.
Zəngin mədəni-mənəvi
irsə, çoxəsrlik
tolerantlıq ənənələrinə
malik olan və fərqli sivilizasiyaların qovşağında
yerləşən ölkəmizdə
son illər keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlər
Azərbaycanın təməl
prinsiplərinin sülh
və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, bütün xalqların nümayəndələrini
bir araya toplayır. Vətən müharibəsində qazandığımız
şanlı Zəfərdən
sonra Qarabağın tacı olan Şuşa şəhərində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırığı
əsasında keçirilən
“Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalı, yaxın günlərdə
baş tutmuş ənənəvi Beynəlxalq
Muğam Festivalı kimi möhtəşəm
tədbirlər bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsindən
çoxsaylı musiqiçilərin
iştirak etdiyi bu dostluq və
musiqi bayramları mədəni irsimizin zəngin ənənələrinin
qorunub saxlanılması
ilə yanaşı, müxtəlif ölkələri
təmsil edən musiqiçilərə ünsiyyət
və əməkdaşlıq
üçün geniş
imkanlar açır.
Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini
artıran belə layihələr bizim üçün çox dəyərlidir. Bu baxımdan, 2009-cu ildən
etibarən təşkil
olunan Qəbələ
Beynəlxalq Musiqi Festivalı da əvəzedilməz rola malikdir. Klassik musiqi vurğunu olan hər bir
insanın səbirsizliklə
gözlədiyi Qəbələ
Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların
aşkar edilməsinə,
bu sahədə bilik və tədqiqatların
mübadiləsinə xidmət
edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə,
xalqlararası dostluq münasibətlərinin daha
da möhkəmlənməsinə
verilən böyük
bir töhfə kimi dəyərləndiririk.
Əminəm ki, XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı qonaqlarımızın yaddaşında
və Azərbaycan musiqi mədəniyyəti
tarixində mənalı
səhifələrdən biri
kimi qalacaqdır.
Festivalda iştirak
edən hər kəsə cansağlığı,
bütün yaradıcı
insanlara tükənməz
nailiyyətlər arzulayıram”.
Açılış mərasimində Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəyli
çıxış edərək
ölkəmizdə ənənəvi
olaraq təşkil edilən Qəbələ
Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz
üçün əlamətdar
hadisə olduğunu qeyd edib. Xalq
artisti çıxışında
builki festivalın Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında
çox böyük hadisə olduğunu bildirib.
Fərhad Bədəlbəyli
deyib: “Festivalda iştirak etməkdən məmnunam. Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya minnətdaram ki, belə bir mötəbər
tədbirin təşkilinə
dəstək nümayiş
etdirir. Bu diqqət və dəstəyi festivalın
bütün iştirakçıları
hər gün hiss edirlər. Bu illər ərzində
bu festivalda böyük ifaçılar
çıxış ediblər.
İnanıram ki, bundan sonra da
bu musiqi bayramında bir-birindən
istedadlı gənc ifaçılar çıxış
edəcəklər. Bu
il Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 100 illiyidir, həm də ölkəmizdə
“Heydər Əliyev İli”dir.
Məhz bu səbəbdən də
XIII Qəbələ Beynəlxalq
Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda
saatlarla danışmaq
olar. Festival iki proqramı - “Yeni adlar” və “Gənclərə dəstək”
proqramını əhatə
edir. Mədəniyyət
böyük bir silahdır. Gəlin, bundan da istifadə
edək”.
Sonra XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.
Azərbaycanın Xalq
artistləri Fərhad
Bədəlbəyli və
Murad Adıgözəlzadənin
bədii rəhbərliyi
ilə təşkil olunan XIII Qəbələ
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılışı “Viva Opera” adlı konsertlə başlayıb. Açılış
konsertində Əməkdar
artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti
ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və
Əməkdar artist Səbinə Əsədova
çıxış ediblər.
Budəfəki Qəbələ
Beynəlxalq Musiqi Festivalında Azərbaycanla
yanaşı, Böyük
Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli
musiqiçilər – ifaçı
və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.
Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.
Azərbaycan.-2023.- 28 iyul.- S.12.