İnsan qatillərinin yanında olmaq Hindistanın mövqeyinə xələl gətirir

 

Hazırda Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlar aparır. Dövlətimizin məqsədi hər zaman ölkəmizdə, eləcə də bütün regionda sülhün və təhlükəsizliyin bərqərar olmasıdır. Azərbaycanın öz məqsədinə hər zaman sadiq qaldığını Prezident İlham Əliyev hər bir görüşündə, beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarında bəyan edir, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan və onun nəticələrindən bəhs etməklə dövlətimizin mövqeyini bildirir.

Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin təqdim etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini artıq dəstəkləyir. Bununla belə, öz məkrli xislətindən, işğalçı mövqeyindən də əl çəkmir. Davamlı təxribatlar törətməklə açıq-aşkar sülhə maneələr, təhdidlər yaratmaqda davam edir.

Təəssüf doğuran məqamladan biri də budur ki, davamlı sülhün, sabitliyin yaradılmasına və möhkəmlənməsinə mane olan Ermənistana gizli və aşkar şəkildə dəstək verən, onu silahlandıran ölkələr də var. Bunlardan biri də Hindistandır. Son günlər KİV-lərdə Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə yayılan foto və videolar deyilənlərin təsdiqidir. Avtomobil karvanının Nurdüz (İran) sərhəd-buraxılış məntəqəsindən Ermənistana hərəkəti qeydə alınıb. Məlumatlara əsasən, İrandan Ermənistana daşınan hərbi təyinatlı yüklər  İranın Bəndər-Abbas limanına çatdırılır. Son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistan silahların tədarükçüsüdür. Ermənistan və Hindistanın 400 milyon dollarlıq hərbi müqavilə imzaladığı açıq mənbələrdən məlumdur. Bu iki ölkənin hərbçiləri arasında son vaxtlar tez-tez təmasların olması hərbi əməkdaşlığın gücləndiyini göstərir.

Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi, əslində, yeni məsələ deyil. Hindistan əvvəllər də Ermənistana öldürücü silahlar tədarük edib.

Bütün dünyaya bəllidir ki, Ermənistan işğalçı ölkədir. İstər müharibə, istərsə də atəşkəs dövründə bu ölkə yalnız hərbi mövqelərimizi atəşə tutmayıb. Hətta Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə də ən dəhşətli silahlardan atəşlər yağdırıb, dinc insanları qətlə yetirib. Ermənistanın 30 illik işğalı dövründə xalqımızın humanitar fəlakətlə üzləşdiyini, bir milyon soydaşımızın evsiz-eşiksiz qaldığını, bu faktın Azərbaycanın inkişafı üçün böyük əngəllər törətdiyini bu il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının ölkəmizə təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən vurğuladı. Torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmizin bütün sahələrdə böyük potensiala malik olduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

Dövlətimizin başçısı səfirlə görüşündə Ermənistanda revanşist qüvvələrin baş qaldırmaqda olduğunu, ölkəmizə qarşı ərazi iddialarının davam etdiyini bildirdi. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Dövlətimizin başçısı bu siyasətin bölgə üçün yeni təhdidlərə gətirib çıxara biləcəyini də nəzərə çatdırdı.

Hansı fəlakətlərə səbəb ola biləcəyini anladığı halda Hindistan Ermənistana silah-sursat ötürməkdə davam edir. Bu ölkədən Ermənistana silah tədarükünə dair müqavilə imzalandığı barədə bir müddət əvvəl məlumatlar yayılıb. İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanan müqavilənin bəzi detallarını Ermənistan mətbuatı Hindistanın "The Economic Times" nəşrinə əsaslanaraq açıqlayıb. Müqavilənin şərtlərinə görə, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Məlumata əsasən, bunlar "Pinaka" raket sistemləri və onların sursatları, həmçinin tank əleyhinə digər silahlardır. Silahlar Hindistanın yerli istehsalıdır və onlardan daxili silahlanmada istifadə edilir.

Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsinin və bu xüsusda son günlər mediada bu ölkənin istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə yayımlanan foto və videoların Azərbaycan tərəfində yaratdığı narahatlığı iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşündə diqqətə çatdırdı. Prezident Administrasiyasının rəsmisi  Hindistanın bu hərəkətinin özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmədiyini qeyd etdi. Hikmət Hacıyev Hindistan səfirinə Azərbaycan tərəfinin ciddi narahatlığını rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırdı.

Şərin yanında olmaq, şərə xidmət etmək tarixboyu heç bir ölkəyə, xalqa fayda verməyib, başucalığı gətirməyib. Hindistan bilməlidir ki, başqa bir ölkənin, xalqın torpaqlarına göz dikən, günahsız insanları qətlə yetirən, soyqırımları törədən Ermənistana silah-sursat tədarük etmək onun mövqeyinə bütün dünyada  xələl gətirir.

 

  Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 29 iyul.- S.8.