Zəfərdən
yaranan möhtəşəm
reallıqlar
Bir çox əlamətdar günləri
müxtəlif tədbirlərlə
tarixiləşdirən, bu
günlərin sevincini,
fərəhini daha da yüksəldən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev belə bir xoş ənənəni
davam etdirir. Dövlət rəhbərimiz
28 May Müstəqillik
Gününü bu dəfə Laçın şəhərində - uzun
fasilədən sonra doğma Laçına qayıdan bir qrup sakinlə keçirdi.
Beləliklə, 28 may
həmin sakinlər üçün də, onların timsalında ümumən xalqımız
üçün də
ikiqat bayram oldu. Azərbaycan Prezidentinin Laçında
etdiyi çıxış,
vurğuladığı məqamlar
105 il əvvəl müsəlman Şərqinin
ilk demokratik respublikasını qurub yaradan, sonralar tarixin çox ağır sınaqlarından
keçərək ötən
əsrin sonlarına doğru yenidən istiqlalına qovuşub bütün çətinliklərə,
manelərə rəğmən
milli hədəflərinə
doğru irəliləyən
müstəqil dövlətimizin
bu gün hansı mövqelərə
gəlib çatdığını
bir daha göstərdi.
Dövlət rəhbərimizin
həyata keçirdiyi
məqsədyönlü siyasət
sayəsində tarixinin
ən qüdrətli günlərini yaşayan Azərbaycan dünya miqyasında mövqelərini
kifayət qədər
möhkəmləndirib və
istənilən nəticəni
əldə etməyə
qadirdir. Vətən müharibəsindəki qələbəmizdən
sonra işğaldan azad edilmiş yurdlarımızda başlanmış
bərpa-quruculuq tədbirləri,
dövlətimizin kənardan
heç bir maddi dəstək almadan, yalnız öz imkanları hesabına böyük bir ərazidə qurduğu müasir infrastruktur, vətəndaşlarımızın
əzəli yurdlarımıza
qayıdışı üçün
yaradılan şərait
bunun təzahürüdür.
Laçında yeni
həyat
Laçın rayonunda
da geniş bərpa-quruculuq layihələri
həyata keçirilir.
Cəmi 7-8 ay ərzində şəhərin
böyük hissəsi
tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib.
İyunun sonuna qədər əlavə ailələrin də qayıdışı nəzərdə
tutulur. Prezident İlham Əliyev bəyan edib ki, birinci mərhələdə
Laçında 4 minə
yaxın insan məskunlaşacaq.
Yeni hazırlanmış
baş plan əsasında qurulan Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası,
9-u çoxmənzillidir. Həmin
binalarda da 144 mənzil var. Beləliklə, artıq
764 ailənin Laçın
şəhərində yaşaması
üçün lazımi
şərait yaradılıb.
Bu ilin sentyabrınadək Zabux kəndi də tamamilə inşa edilib sakinlərinin sərəncamına veriləcək.
Səhiyyə xidmətlərinin
sakinlər üçün
əlçatanlığı məqsədilə Laçında
artıq tibb məntəqəsi hazırdır.
Yurd yerlərinə qayıtmış şagirdlər
yeni dərs ilini müasir məktəblərində qarşılayacaqlar.
Rayon sakinlərinin məşğulluğu da
diqqətdən kənarda
qalmayıb. Laçında
onlarla müəssisənin
yaradılması nəzərdə
tutulur, bu istiqamətdə real addımlar atılır. Burada Aqro və
Sənaye Parkı yaradılmaqdadır. Həmin
müəssisələrdə 1100-dən çox iş yeri olacaq. Bütün
bunlar azad yurdlarımıza qayıdış
layihələrinin nə
qədər diqqətlə
düşünüldüyünü, tədricən, amma planlı şəkildə,
hər bir sahəyə xüsusi diqqət yetirilərək
həyata keçirildiyini,
bütün işlərin
paralel şəkildə,
uğurla reallaşdırıldığını
göstərir.
Bərpadan sonra
Laçının müasir
simasını əks
etdirən görüntülər
şəhərin nə
qədər böyük
zövqlə, sevgi ilə qurulduğundan xəbər verir. Burada həm insanların rahat yaşaması, həm də Laçının müasir simasının Azərbaycanın nailiyyətləri
ilə uyğunluğu
üçün böyük
zəhmət, sevgi, əzmkarlıq ortaya qoyulur.
Bu torpaqlar xəyanətə qurban getmişdi
Ermənilərin işğal
altında saxladıqları
təxminən 30 il ərzində Laçın
ağrı-acılarımızın, yurd həsrətindən qəlbimizdə qövr edən yaraların, nisgilin rəmzi idi. Bu gün
yeni tikilən gözoxşayan evləri,
müasir infrastrukturu,
inkişaf mənzərələriylə
Laçın Azərbaycanın
nailiyyətlərinin, gücünün,
ordumuzun qüdrəti
ilə azad etdiyimiz torpaqlarımızı
iqtisadi imkanları ilə ayağa qaldırmaq, inkişaf axarına qovuşdurmaq əzminin rəmzinə çevrilir.
İllərdir ki,
hər il mayın 18-i Laçının
işğalının ildönümü
kimi qeyd edər, bu kədərli
tarixə acıyardıq.
Laçın işğal
dövründəki başqa
bir sızlayan yaramız - Qarabağın
baş tacı Şuşanın işğalından
10 gün sonra itirilmişdi. Şuşa kimi Laçının işğalı da hamımız üçün
çox böyük faciə idi. Laçını ələ
keçirməklə erməni
işğalçıları Ermənistan və keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yarada bilmişdilər.
Şuşa kimi
Laçın da, əslində, xəyanətin
qurbanı olmuşdu. Belə strateji mövqedə yerləşən
rayonun müdafiəsinin
ciddi şəkildə
təşkil olunmadan ermənilərə, demək
olar ki, təhvil verilməsi o dövrdə ölkənin
siyasət meydanında
"at oynadan" təsadüfi kəslərin
cılız hakimiyyət
maraqlarından irəli
gəlirdi. Onlar hakimiyyəti ələ keçirmək üçün
qəhrəman övladlarımızın
min bir fədakarlıq
hesabına qoruduqları,
uğrunda canlarından-qanlarından
keçdikləri bütöv
rayonlarımızı, şəhərlərimizi,
kənd və qəsəbələrimizi ard-arda
düşmənə təslim
edirdilər. O torpaqların
hər qarışına
görə canını
fəda etmiş şəhidlərimizin ruhundan
utanıb-çəkinmədən siyasi alverlə məşğul olurdular. Şuşanın, Laçının
bir-birinin ardınca ermənilərə təhvil
verilməsi bu məkrli niyyətin nəticəsi idi. Sonralar öz hakimiyyət məqsədlərinə
çatıb qısa
müddətdə vəzifə
kürsülərinə yiyələnən
və AXC-Müsavat adı altında tariximizin utanc səhifəsinə müəlliflik
edən, ölkəni
əsl fəlakətə
sürükləyən naşı
siyasət dəllalları
üçün müqəddəs
heç nə yox idi. Onlar
eyni xəyanət əməllərini vəzifə
naminə, qrup mənafelərinə görə
didişmələrini birillik
hakimiyyət dövründə
də davam etdirməkdə idilər.
Nəticədə 1993-cü ilin aprelində Kəlbəcər işğal
altına düşdü.
Hakimiyyətə can atıb xalqa, dövlətə ardıcıl
xəyanətlər edən
həmin qüvvələr
növbəti dəfə
Azərbaycana Kəlbəcər
acısı yaşatdı.
Bitən həsrət
Yaranmış çıxılmaz
durumun yoluna qoyulması, ardıcıl
xəyanətlərdən, sapı özümüzdən
olan baltaların vurduqları zərbələrdən,
uçurumun bir addımlığına sürüklənməsindən
sarsılmış Azərbaycanın
yenidən qəddini düzəldib ayağa qalxması üçün
ağır sınaqlara
dözmək lazım
gəldi.
Yalnız Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra
vəziyyəti düzəltmək
mümkün oldu. Müstəqil Azərbaycan
dövləti Ulu Öndərin qətiyyəti
sayəsində problemlərini
yoluna qoydu. Vətəndaş müharibəsi
təhlükəsi aradan
qalxdı, qanunsuz hərbi birləşmələr
aradan götürüldü,
Azərbaycan məhv olmaqdan qurtulub demokratik, hüquqi dövlət quruculuğu,
vətəndaş cəmiyyətinin
formalaşdırılması yolunda sürətlə irəliləməyə başladı.
Sabitlik və inkişaf məkanına çevrilib dünyanın
nümunəvi ölkələrindən
biri kimi özünü təsdiqlədi.
Müstəqil dövlətimizin
sosial-iqtisadi nailiyyətləri
uzun illər ərzində aparılan sülh danışıqlarına
paralel ordu quruculuğunu da uğurla həyata keçirməyə imkan yaratdı. Dövlətimizin
qurduğu güclü
ordu özünün döyüş qabiliyyəti
haqqında müxtəlif
miflər uydurmuş düşməni cəmi
44 gün ərzində
darmadağın etdi, erməni işğalçılarını
diz çökdürdü,
torpaqlarımızdan qovdu.
Bu müddətdə
Azərbaycanda vətənpərvər,
sağlam, milli ruhda tərbiyə almış gənc nəsil yetişdi. Bu gənclərin çoxu işğal dövründən sonra doğulmuşdu. Onlar Qarabağı,
Şərqi Zəngəzuru
görməmişdilər. Amma bu gənclər
Azərbaycanın hər
qarış torpağı
uğrunda göz qırpmadan ölümə
getməyə hazır
idilər. Biz Vətən müharibəsində
bu vətənpərvər,
igid gənclərimizin
gücü ilə qalib gəldik. Həmin gənclərimiz torpaqlarımızı azad
edib illərin həsrətinə son qoydular.
Sülh danışıqlarının
aparıldığı müddətdə
Azərbaycan öz iqtisadiyyatını gücləndirdi.
Heç kimin iqtisadi asılılığında
olmamaq, siyasi müstəqilliyi kimi iqtisadi müstəqilliyini
də təmin etməkdən ötrü
mühüm işlər
gördü. Ölkəmiz
beynəlxalq mövqelərini
möhkəmləndirdi, qlobal
məkanda Azərbaycanın
dostlarının sayı
artdı. Siyasi gücü, sosial-iqtisadi nailiyyətləri yüksəldikcə
ölkəmiz regionun lider dövlətinə, bir çox məsələlərdə əsas
söz sahibinə çevrildi. Bu gün də Azərbaycan bölgənin
əsas dövlətlərindəndir.
Xüsusilə regional
təhlükəsizlik və
inkişaf məsələlərində
ölkəmizin razılığı
olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə
Azərbaycanın mövqeyi
önəmli sayılır.
Torpaqdan pay olmaz
Müstəqilliyin ilk
illərində ermənilərin
dünya miqyasında yaratdıqları informasiya
blokadasında çarəsiz
durumda qalan, səsini heç kimə yetirə bilməyən, işğala
məruz qalsa da, işğalçı
ilə bərabər tutulan, haqlı ikən haqsız durumda qəbul olunan Azərbaycan informasiya müharibəsində
də Ermənistan üzərində böyük
üstünlüklər qazanıb.
44 günlük Vətən
müharibəsində qazandığımız
tarixi zəfərin bütün dünyada qəbul olunması bunun göstəricisi idi.
Ermənistanın işğal
altında saxladığı
torpaqlardan sülh yolu ilə çıxmaq
istəyində olmadığı
dünya ictimaiyyətinə,
guya bu məsələnin
həlli missiyasını
üzərinə götürmüş
beynəlxalq təşkilatlara
yaxşı məlum idi. Onlar sülh
proseslərində yalnız
görüntü yaratmaq,
beynəlxalq vasitəçiləri
aldatmaq məqsədilə
iştirak edir, mövcud vəziyyəti uzatmağa çalışırdılar.
Üstəlik, onlar hətta görüntü
üçün iştirak
etdikləri proseslərdə
də belə bir sərsəm iddia irəli sürürdülər ki,
Azərbaycanın 5 rayonunu
qaytarmağa hazır olsalar da, Laçın
və Kəlbəcəri
həmişəlik özlərində
saxlayacaqlar. Ermənistana
da, bu işğalçı
ölkənin havadarlarına
da elə gəlirdi ki, prosesi qeyri-müəyyən
müddətə qədər
uzada bilsələr, nə vaxtsa Azərbaycan işğalla
barışacaq, torpaqlarını
azad etmək fikrində olmayacaq. İşğalçılar belə
bir perspektivdən o qədər əmin idilər ki, Laçın və Kəlbəcərdə qanunsuz
məskunlaşma aparır,
beləliklə, beynəlxalq
konvensiyaları pozaraq
daha bir hərbi cinayətlə məşğul olurdular.
Erməni işğalçıları
yalnız "dəmir
yumruğ"un zərbəsini
alandan, müzəffər
Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində
döyüş meydanında
darmadağın ediləndən
sonra əsl reallığı anladı.
Gördülər ki,
Azərbaycan xalqı heç bir zaman Qarabağın, Şərqi Zəngəzurun
əbədilik itirilməsi
ilə barışan deyil. Onlar Azərbaycanda
yetişən yeni nəslin torpağa-yurda, dövlətçilik dəyərlərinə,
milli məqsədlərə
nə qədər bağlı olduğunu gördülər.
"...Torpaqdan pay
ola bilməz. Danışıqlar zamanı
müxtəlif mərhələlər
olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və
bəziləri bizi işğalla barışmaq
üçün böyük
səylər göstərirdilər.
Ancaq bizim əyilməz mövqeyimiz,
iradəmiz bütün
bu səyləri alt-üst etmişdir",
- deyə Azərbaycan
Prezidenti bəyan etdi.
Azərbaycan tarixi
qələbələrini 2020-ci ilin noyabrında qazanılmış zəfərimizdən
sonra da davam etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi,
İkinci Qarabağ müharibəsindən keçən
dövr gələcək
üçün çox
önəmli idi. Bu gün bizim
yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra
keçən dövr
ərzində əldə
edilmiş nəticələr
əsasında formalaşıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında
imzalanmış 10 noyabr
2020-ci il tarixli razılaşmaya görə,
ermənilərin yaşadıqları
Qarabağ bölgəsi
ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri
bu yola nəzarət
etməli idilər.
"Beləliklə, Laçın
şəhəri hələ
də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər
gedən danışıqlar
nəticəsində mən
təkidlə nail oldum ki, yeni
yol çəkiləcək
və yeni yol çəkiləndən
sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç
il vaxt müəyyən
edilmişdi, sadəcə
olaraq, yolun marşrutunun razılaşdırılması
üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni
zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun
əvvəlində artıq
Laçında yaşamış
ermənilərə və
Rusiya sülhməramlı
qüvvələrinə bildiriş
göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın", - deyən
dövlət rəhbərimiz
xatırlatdı ki, ondan sonra Azərbaycandan
Laçın şəhərini,
Zabux və Sus kəndlərini boşaltmaq üçün
ötən ilin 25 avqustuna qədər vaxt verilməsi xahiş edilib. "Beləliklə, avqustun
25-də sonuncu erməni
işğalçı, yaxud
ki, qanunsuz yaşayan Laçını
tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq".
Ərazi bütövlüyümüz
tam təmin olunub
Bu ilin aprelində Azərbaycan-Ermənistan
sərhədinin Laçın
istiqamətində sərhəd-buraxılış
məntəqəsinin qurulması
və ərazi bütövlüyümüzün tam bərpası Azərbaycanın daha bir strateji nailiyyəti
oldu. Hazırda bu məntəqədən
hərəkət Azərbaycanın
tam nəzarəti altında həyata keçirilir.
Bütün bunlar
ermənilərin əsrlər
boyu tapındıqları
"Miatsum" kitabının
bağlanması, separatizmin
sona çatması, müstəqillik xülyasının
da statusun dalınca gedib məhvə məhkum olması deməkdir.
Azərbaycan Prezidenti
bir daha bəyan etdi: "İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik
və əgər o vaxt heç kim bizə qarşı
kənardan müdaxiləyə
cürət etmədisə,
bu gün bütün bu torpaqlara yenə də sahib olandan
sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?! ...Biz öz doğma torpağımızdayıq və
bu gün ermənilərin yaşadıqları
Qarabağ bölgəsi
bizim əzəli, hüquqi torpağımızdır".
Son vaxtlar beynəlxalq təşkilatların
davranışları onların
da faktiki olaraq Azərbaycanın mövqeyi ilə tamamilə razılaşmasını
təsdiqləyir. Daha
nə müstəqillikdən,
nə muxtariyyətdən,
nə də başqa iddialardan danışan yoxdur. Bu, əslində, haqlı mövqe ilə razılaşmaq deməkdir. Çünki Azərbaycanın mövqeyi
haqq mövqeyidir və hamı bilir ki, ölkəmiz
ədalətli mövqeyindən
geri çəkilən
deyil.
Hazırda Azərbaycanın
Ermənistanla sərhədlərin
delimitasiyası şərtləri
ortadadır və bu şərtlər ədalətli, hər kəsin faydasına olan şərtlərdir. Azərbaycanın mövqeyinə
görə, sülh müqaviləsi beynəlxalq
şərtlər əsasında
olmalı, Naxçıvana
yolumuz açılmalı,
Qarabağda hələ
də kök salmış Ermənistan ordusunun nümayəndələri
ərazilərimizdən çıxarılmalıdır.
Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü
tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə sülh
müqaviləsi imzalana
bilər. Əlbəttə,
əgər Ermənistan
yenə də saxtakarlıq edib öz mövqeyini dəyişməsə.
İradə ƏLİYEVA,
Azərbaycan.-2023.-
3 iyun.- S.6.