Dövlət büdcəsinin
gəlir və xərcləri artırılır
İyunun 2-də Milli
Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası
açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin
daxil edildiyini söyləyib.
Diqqətə çatdırılıb
ki, “Büdcə sistemi haqqında” Qanunda dövlət büdcəsinin gəlirləri
və xərcləri arasında tarazlığın
təmin olunması, onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi
dövlət büdcəsinə
yenidən baxılmasının
mühüm şərti
kimi göstərilib və burada dövlət büdcəsinə
yenidən baxılma halları müəyyən
edilib. Qeyd edilib ki, büdcəyə
ediləcək düzəlişlərlə
bağlı parlamentə
daxil olan sənədlərdə 2023-cü il ərzində ölkənin müdafiə
qabiliyyətinin və
təhlükəsizliyinin gücləndirilməsinin,
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair l Dövlət Proqramı”nın icrasının,
dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin
və digər zəruri tədbirlərin
dövlət büdcəsi
qarşısında əlavə
maliyyə tələbatını
formalaşdırdığı, həmin tələbatın
dövlət büdcəsinin
neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri,
mövcud ehtiyatları
və kəsirin genişləndirilməsi hesabına
maliyyələşdirilməsi üçün dövlət
büdcəsinə yenidən
baxılması ehtiyacının
yarandığı qeyd
olunub.
Sonra maliyyə
naziri Samir Şərifov 2023-cü ilin
dövlət büdcəsinə
təklif olunan dəyişikliklər barədə
ətraflı məlumat
verib. O bildirib ki, Prezident İlham
Əliyev tərəfindən
cari ilin dövlət büdcəsinə
yenidən baxılması
ilə bağlı əlavə maliyyə təminatının yaradılması,
bununla əlaqədar olaraq ölkənin müdafiə qabiliyyətinin
və təhlükəsizliyinin
gücləndirilməsi, Böyük
Qayıdışa dair
Dövlət Proqramının
icrası, dövlət
borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərclərlə bağlı
dövlət büdcəsi
qarşısında yeni
vəzifələr qoyulub.
Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinə
dəyişikliklərlə bağlı qanun layihəsi cari ildə əlavə xərclərin qarşılanması
üçün maliyyə
təminatının yaradılması,
cari və orta müddətli makro-iqtisadi və fiskal dayanıqlığa
xələl gətirilməməsi,
Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyunkturası şəraitində
artımının davam
etdirilməsi ilə bağlı hədəflər
gözlənilməklə tərtib
olunub.
Sənədə əsasən,
işğaldan azad olunmuş ərazilərdə,
ölkə sərhədlərinin
toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının
müasirləşdirilməsi istiqamətində əlavə
tədbir və layihələrin icrası
üçün zəruri
maliyyə təminatının
yaradılması xüsusi
əhəmiyyət daşıyır.
Bunlar nəzərə
alınaraq, ölkənin
müdafiə qabiliyyətinin
və təhlükəsizliyinin
güləndirilməsi üçün
əlavə 1 milyard
105 milyon manat vəsait tələb olunur. Cari ilin
dövlət büdcəsində
işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması
və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa
dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsi üçün
2 milyard 260 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət
yaradıb.
Bildirilib ki, beynəlxalq münasibətlər
və digər beynəlxalq fəaliyyətlə
bağlı xərclər,
o cümlədən xarici
ölkələrə maliyyə
yardımının göstərilməsi,
Azərbaycanın xaricdəki
diplomatik nümayəndəlikləri
və konsulluqlarının
əməkdaşlarının təminat və kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə
minməsi və bəzi xarici ölkələrdə səfirliklərin
və diplomatik nümayəndəliklərin fəaliyyətə
başlaması, BMT-nin
iqlim dəyişməsi
üzrə konsepsiyasına
uyğun olaraq ölkənin qəbul etdiyi öhdəliklərin
yerinə yetirilməsi
və bir sıra digər vəzifələrin icrası
795,9 milyon manat həcmində əlavə
maliyyə təminatının
yaradılmasını zəruri
edir.
Yenidən baxılmış
2023-cü ilin dövlət
büdcəsinin əsas
parametrləri ilə bağlı məlumata əsasən, dövlət
büdcəsinin gəlirləri
təsdiq olunmuş 30
milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat və ya
9,8 faiz artırılaraq
33 milyard 779,5 milyon manat təşkil edəcək. Dövlət
büdcəsinin təsdiq
olunmuş 33 milyard
353,3 milyon manat məbləğində xərcləri
3 milyard 215,5 milyon manat və ya
9,6 faiz artırılaraq
36 milyard 568,8 milyon manata çatdırılacaq.
Dövlət büdcəsinin
kəsiri təsdiq olunmuş 2 milyard 579,3 milyon manata qarşı
210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789,3 milyon manat olacaq.
Diqqətə çatdırılıb
ki, dövlət büdcəsinin gəlirlərinin
52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya
16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. Gəlirlərin
14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard
728 milyon manatı Dövlət Gömrük
Komitəsinin xətti
ilə daxilolmaların
11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar
gəlirləri üzrə
daxilolmalar, 580,8 milyon manatı digər gəlirlərin payına düşür.
Bildirilib ki, yenidən baxılmış
2023-cü il dövlət
büdcəsinin xərclərinin
strukturuna daxil olan cari xərclərə
ümumi xərclərin
60,3 faizi və ya 22 milyard 39,3 milyon manat, əsaslı
xərclərə ümumi
xərclərin 36,5 faizi
və ya 13 milyard 347 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə
ümumi xərclərin
3,2 faizi və ya 1 milyard 182,5 milyon manat vəsait
yönəldiləcək.
Qeyd olunub ki, yenidən baxılmış 2023-cü il
dövlət büdcəsinin
kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manat məbləğinə
çatdırılır. Kəsirin
cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Məlumat verilib
ki, yenidən baxılmış 2023-cü il
icmal büdcənin gəlirləri 42 milyard
949,1 milyon manat proqnozlaşdırılır və
bu təsdiq olunmuş göstəriciyə
nisbətən 9 milyard
923,4 milyon manat və ya 30 faiz
çoxdur. İcmal büdcənin xərcləri
isə 41 milyard 213,9 milyon manat proqnozlaşdırılır
ki, bu da
təsdiq olunmuş göstəriciyə nisbətən
3 milyard 244,5 milyon manat və ya
8,5 faiz çoxdur. Qeyd olunub ki,
icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da,
6 milyard 678,9 milyon manat əlavə gəlirlər hesabına
1 milyard 735,3 milyon manat profisit yaranacaq.
Sonra çıxış
edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dürüstləşdirilmiş
büdcədə Dövlət
Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta
Fondunun gəlir və xərclərinin istiqaməti barədə danışıb. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta
Fondunun dürüstləşdirilmiş
büdcə layihəsi
“Büdcə sistemi haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.
Komitə sədri
qeyd edib ki, dürüstləşdirilmiş
büdcədə DSMF-nin
gəlirləri və
xərcləri 4 milyon
manat artırılaraq
6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən
formalaşacaq. DSMF dürüstləşdirilmiş
büdcəsinin xərc
hissəsində nəzərdə
tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin
məbləğini 2023-cü ilin yanvar ayından
300 manatdan 500 manata qaldırılması xərclərini
qarşılamaq üçün
nəzərdə tutulub.
Eyni zamanda, postkovid dövründə
ölüm hallarının
azalması səbəbindən
dəfn üçün
müavinətin 2023-cü ilin
büdcəsində təsdiq
edilmiş 41 milyon manatdan 4 milyon manat azaldaraq 37 milyon manata endirilməsi
təklif olunur. Fondun müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qurumunun aparatının və digər struktur bölmələrinin saxlanılması
xərclərinin 4 milyon
manat və yaxud 3,9 faiz artırılaraq 106,7 milyon
manat səviyyəsində
olması nəzərdə
tutulur.
Bildirilib ki, İşsizlikdən Sığorta
Fondunun dürüstləşdirilmiş
büdcəsində gəlir
və xərclərin
5 milyon manat artırılaraq 212,7 milyon
manatdan 217,7 milyon manata çatdırılması
nəzərdə tutulub.
Büdcə gəlirlərinin
5 milyon manatlıq artımı İşsizlikdən
Sığorta Fondunun
2022-ci ilin sonuna istifadə olunmamış
vəsaiti hesabına təmin ediləcək. İşsizlikdən Sığorta
Fondunun büdcə xərclərinin haqqı ödənilən ictimai işlərin təşkili,
sosial müəssisələrin
yaradılması və
məqsədli proqramların
həyata keçirilməsi
Dövlət Məşğulluq
Agentliyinin strukturunun saxlanma xərcləri istiqamətində artımların
olması nəzərdə
tutulur.
Sonra Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən
Sığorta Fondunun dürüstləşdirilmiş büdcələri barədə
fikirlərini açıqlayıb.
O, ölkə Prezidentinin
sosial sahədə islahatların həyata keçirilməsi ilə bağlı sərəncamlarının
qüvvəyə mindiyini,
bu islahatlar çərçivəsində icra olunan proqramların
əksəriyyətinin 2023-cü ilin büdcəsində nəzərdə tutulduğunu
söyləyib. DSMF-in
büdcəsində dürüstləşmənin
4 milyon manat nəzərdə tutulduğunu
deyən nazir qeyd edib ki,
burada əsasən müsbət demoqrafik dəyişikliklə bağlı
uyğunlaşdırma aparılır.
Diqqətə çatdırılıb
ki, İşsizlikdən
Sığorta Fondunda isə cari ilin
ilk 5 ayında müşahidə olunan dinamika çərçivəsində
işsizliyə görə
sığorta ödənişi,
haqqı ödənilən
ictimai işlərin təşkili, sosial müdafiəyə xüsusi
ehtiyacı olan şəxslər üçün
əlavə iş yerlərinin açılması,
sosial müəssisələrin
yaradılması və
məqsədli proqramların
həyata keçirilməsi
tədbirlərinə əlavə
vəsaitlər yönəldilir.
Nazir ilin əvvəlindən həyata
keçirilən sosial
islahatlar çərçivəsində
minimum əməkhaqqı
və minimum pensiyaların, habelə sosial müavinətlər
və təqaüdlərin
məbləğinin artırıldığını
qeyd edib. Bu istiqamətdə olan bütün artımların cari büdcə çərçivəsində
ödənilməsinin planlaşdırıldığını
söyləyib.
İclasda çıxış
edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov makroiqtisadi göstəricilərlə
bağlı bir sıra məqamlara toxunub.
Hesablama Palatasının
sədri Vüqar Gülməmmədov “Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında"
Qanunda nəzərdə
tutulan dəyişikliklərlə
əlaqədar Palatanın
rəyini təqdim edib. Rəydə Azərbaycan üzrə əsas iqtisadi meyillər, 2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin
layihəsinin “Büdcə
sistemi haqqında” Qanunun tələblərinə
və büdcə qaydasına uyğunluğu,
fiskal risklər,
2023-cü ilin yanvar-aprel
aylarında dövlət
büdcəsi gəlirləri
və xərclərinin
icra vəziyyəti, yenidən baxılan dövlət büdcəsinin
gəlirləri və
xərcləri, 2023-cü ilin
yanvar-aprel aylarında
kəsirin icra vəziyyəti, yenidən
baxılan dövlət
büdcəsinin kəsiri
barədə məlumatlar
öz əksini tapıb. Palata sədri, həmçinin
“Dövlət sosial müdafiə fondunun
2023-cü il büdcəsi
haqqında” və “İşsizlikdən sığorta
fondunun 2023-cü il büdcəsi haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı
müsbət rəy verildiyini bildirib.
Sonra komitə sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2022-ci il
dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsini ikinci oxunuşda diqqətə çatdıraraq,
ötən ilin büdcəsinin gəlirlərinin
və xərclərinin
yüksək səviyyədə
icra olunduğunu söyləyib.
Təqdim edilən
məsələlər ətrafında
aparılan müzakirələrdə
çıxış edən
komitə sədrlərinin
müavinləri Əli
Məsimli, Məlahət
İbrahimqızı, Jalə
Əliyeva, deputatlar Ziyad Səmədzadə, Səttar Möhbalıyev,
Vahid Əhmədov, Vüqar Bayramov, Rauf Əliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov
2023-cü ilin dövlət
büdcəsinə təklif
olunan dəyişikliklərlə
bağlı öz fikir və qeydlərini
səsləndiriblər. Deputatlar
təqdim olunan qanun layihələrini ümumilikdə müsbət
dəyərləndiriblər.
Maliyyə naziri
Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov, Dövlət Gömrük
Komitəsi sədrinin
birinci müavini İsmayıl Hüseynov deputatların qaldırdığı
bir sıra məsələlərə aydınlıq
gətiriblər.
Müzakirələrin sonunda gündəlikdəki qanun layihələrinin hamısı baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.
Cəfərli, Rəşad.
Azərbaycan.-2023.-
3 iyun.- S.4.