Dünyanın
hər üzünü
görən aktyor
O, bu dünyanın
hər üzünü
görmüş insanlardan
idi. Sürgün həyatı da yaşamışdı, müharibənin
ağrı-acısını da görmüşdü. Müharibədə kontuziya
alıb qayıtdıqdan
sonra ömrünü
aktyorluq sənətinə
bağlamışdı. Ən
yaxşı kişi rollarının ifaçısı,
dramatik obrazların ən mükəmməl yaradıcısı olsa da, hər dəfə
haqsızlıqla üzləşəndə
ruhdan düşməmişdi.
"Həyat bir teatr səhnəsi, bizsə onun aktyorlarıyıq" kəlamını
xatırlayaraq başına
gələnlərlə "barışıb" keçmişdir.
Söhbət Azərbaycanın
Xalq artisti, Dövlət mükafatı
laureatı Məlik Yusif oğlu Dadaşovdan gedir.
1924-cü il iynun
7-də Bakıda dünyaya
göz açan aktyorun anası evdar xanım, atası Yusif kişi isə neft sənayesində Nobel qardaşları ilə birgə çalışmışdı.
Arxivlərdə atasının
neft sahibkarı olması haqqında sənədlər saxlanılmaqdadır.
O, üç qardaşın
kiçiyi, ailənin
sonbeşiyi idi. Sovet hökumətindən
əvvəl atasının
imkanlı olması sonradan başlarının
bəlasına çevrilmişdi.
Dövrünün bir
çox imkanlıları
kimi atası Yusif kişi də sovet repressiya
maşınının qurbanı
olmuşdu. Ataları sürgün edildikdən sonra ailənin digər üzvləri soyadlarını dəyişib
"sakit" həyat
keçirməyə məcbur
olmuşdular.
Böyük
qardaşı da aktyor idi. Bir müddət Sumqayıt
teatrının rəhbəri olan Salman Dadaşov "Onun
böyük ürəyi" filmində Oqtay obrazını
canlandırıb. İkinci qardaşı Süleyman Dadaşov
- universitetdə riyaziyyat müəllimi işləsə də,
ailə məclislərində qarmon və pianoda gözəl
musiqilər ifa edərmiş.
Balaca Məlikin də
uşaqlıqdan incəsənətə böyük
marağı olub. Musiqi dərslərinə gedər, kontrabasda
çalardı. Bununla belə, orta məktəbi
qurtardıqdan sonra sənədlərini Tibb İnstitutuna verib
qəbul olunsa da, birinci kursdan hiss edib ki, öz yerini
tutmayıb. Onu səhnə daha çox çəkir…
İstəsən
də, istəməsən də, həyatın diktə
etdiyini yaşamaq məcburiyyətindəsən. Zaman Tibb
İnsitutunun tələbəsinə müharibəyə getmək
hökmünü vermişdi. 1943-cü ildə
aldığı ağır kontuziyaya görə geri
qayıdan Məlik Dadaşov müalicə olunduqdan sonra bir
müddət hərbi hissələrdə musiqiçi kimi
çalışır. 1945-ci ildə müharibədən
qayıtdıqdan sonra arzuları onu Gənc Tamaşaçılar
Teatrına aparır. Sonra sənədlərini Teatr
İnstitutuna (indiki Mədəniyyət və İncəsənət
Universiteti) verir. Adil İsgəndərovun sinfinə daxil olur.
Teatra gəlişi
1946-cı ilə təsadüf edir. Səhnə fəaliyyətinə
Zaqatalada yenicə açılmış teatrda
başlayır. 23 yaşlı gənc aktyor Zaqatala teatrında
əsas rolların ifaçısı olur. Qadın
obrazlarını isə Sofiya Hüseynova adlı gənc
aktrisa oynayır. Bu tərəf-müqabilliyi bir gün bir ailənin
əsasının qoyulması ilə nəticələnir. Məlik
Dadaşov gənc Sofiya ilə ailə həyatı qurur. Bu
izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru
Rafael Dadaşov dünyaya gəlir.
1950-ci ildə Azərbaycan
Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına
Akademik Dram Teatrında işə başlayan Məlik
Dadaşov H.Muxtarovun "Ailə namusu" pyesində rol alır.
Onun teatra gəlişi Azərbaycan milli teatr sənətinin
güclü inkişaf dövrünə təsadüf edir. Bu ərəfədə
Azərbaycan səhnəsində Ələsgər Ələkbərov,
Mehdi Məmmədov, Adil İsgəndərov və onlarla
böyük sənət korifeyləri
çalışırdı. Sənət ocağındakı
yaradıcı mühit onun yaradıcılıq
bioqrafiyasına güclü təsir göstərir və
tezliklə səhnəmizin qüdrətli sənətkarları
sırasında yer almasına səbəb olur.
Məlik
Dadaşovun Azərbaycan aktyorluq məktəbinin
formalaşmasında xüsusi xidməti olan, parlaq zəkası,
fitri istedadı ilə Azərbaycan mədəniyyəti tarixinə
adını əbədi olaraq yazan sənətkarlardandır.
O, klassik və müasir aktyor sənətinin sintezindən
yaranan bir ifa tərzi seçmişdi.
Yaradıcılığında Hüseyn Sarabskidən, Abbas
Mirzə Şərifzadədən və digər klassiklərimizdən
bəhrələnmə meyilləri özünü göstərməkdəydi.
Məlik Dadaşov dramatik rolların mahir ifaçısı
idi. Yaratdığı obrazların ifası üçün
elə gözəl ifadə vasitələri tapırdı ki,
hətta tarixi qəhrəmanlar belə reallığa çox
yaxınlaşırdı.
Məlik
Dadaşov xalq tərəfdən çox sevilən aktyorlardan
idi. Onun həyat verdiyi obrazların ifadələri indi də zərb-məsəli
kimi xalq arasında işlənir. "Axırıncı
aşırım" filmində "Abbasqulu bəyin nazı
ilə çox oynayırsan, a… Kərbəlayi" sözləri
indi də xalqın dilinin əzbəridir.
Yeri gəlmişkən,
"Axırıncı aşırım" filmində
yaratdığı Qəmlo obrazı Azərbaycan kinosunun ən
yaddaqalan xarakterik obrazlarındandır. Bu obrazın
bütün xarakterik cizgilərini ustalıqla cızan, filmin
dramatik yükünün daşıyıcısına
çevrilən Məlik Dadaşovun adı çox təəssüf
ki, ən yaxşı kişi rolunun ifasına görə
keçirilən ittifaq festivalında mükafatçılar
siyahısına salınmamışdır. O vaxt deyilirdi ki,
sovetlərin düşməni Qəmlo, eləcə də
"Dəli Kür"dəki Molla Sadıq bu dövlətin
mükafatını ala bilməz. Amma necə deyərlər,
haqq nazilər, üzülməz. Bir vaxtlar müəllimi
olmuş Adil İsgəndərov "Axırıncı
aşırım" filmində Kərbəlayi roluna görə
ona verilən mükafatdan imtina edərək demişdir:
"Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu
yaratdığına görə".
Məlik Dadaşov tarixi şəxsiyyətlərin
ən peşəkar ifaçısı idi. Kinorejissor Əjdər
İbrahimov aktyoru bir neçə filmində çəkmişdi.
"26-lar" və "Ulduzlar sönmür" filmlərində
o, Məşədi Əzizbəyovun və Nəriman Nərimanovun
çox real tarixi obrazlarına ustalıqla ekran həyatı
vermişdir.
Xalq
yazıçısı İ.Əfəndiyevin "Atayevlər
ailəsi" pyesi əsasında hazırlanmış
televiziya tamaşasında M.Dadaşovun yeni ampluada
yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı
idi.
Həyatını
teatra bağlayan aktyor ömrünün sonuna kimi
çalışaraq obrazlar qalereyası yaratmışdır.
Onun səhnə həyatı verdiyi V.Şekspirin "On ikinci
gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun
"Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz",
İ.Qasımovun "Nağıl başlananda"
tamaşalarında yaratdığı obrazlar bu gün də sənətsevərlərin
yaddaşlarından silinməyib.
Ömrünün
son illərində S.Vurğun adına Rus Dram Teatrında
direktor kimi çalışan aktyor bu teatrın
repertuarını xeyli zənginləşdirmiş, buraya yeni
yaradıcı qüvvələrin cəlb olunması
üçün əvəzsiz xidmətlər göstərmişdir.
100-dən
çox tamaşada, 50-dən çox filmdə müxtəlif
çalarlı obrazlar yaradan, daha çox mənfi
obrazların mahir yaradıcısı kimi tanınan səhnə
ustası 72 yaşında tələbələrlə məşq
zamanı səhnədə yıxılaraq beyninə qan
sızması nəticəsində huşunu itirir. Görkəmli
səhnə ustası, Xalq artisti 1996-cı il dekabrın 2-də
vəfat edir.
Azərbaycan mədəniyyyətinin
görkəmli simalarından olan, kino və teatr aktyoru Məlik
Dadaşov Fəxri xiyabanda dəfn edilib. Onun məzarı sənətsevərlərin
daim ziyarət yeridir.
Elşən
QƏNİYEV,
Azərbaycan
.-2023.- 3 iyun.- S.9.