Bir görüş, bir xatirə

 

Azərbaycan Dövlət Mahnı Teatrı-55

 

 

...1981-ci ilin mayında SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin  deputatı, dünyaşöhrətli müğənni Rəşid Behbudov rəhbərlik etdiyi Mahnı teatrının  kollektivi ilə  birlikdə Kürdəmirə  gəlmişdi. Rayon  mədəniyyət  evində 3 gün  konsert oldu.

O vaxt rayon  qəzetində  müxbir işləyirdim. Redaktorumuz dedi ki, Rəşid  müəllim təsərrüfatlara gedib pambıqçılarla  görüşəcək. Sən görüşdə ol, qəzet üçün yazı hazırla. Axşam da  mehmanxanaya gedib ondan  müsahibə  alarsan...

...Həmin gün tarlada  çalışanların hamısı əziz qonağın,  böyük sənətkarın ətrafına cəm olmuşdular. Rəşid müəllim səmimi görüşlərdən, hal-əhvaldan sonra  qavalını götürüb camaata üz tutdu: "Əziz dostlar, indi   mən sizi mahnılarla salamlamaq istəyirəm", - deyib qarmonun  müşayiətilə gözəl nəğmələrindən oxumağa başladı. İfasını xarici dildə oxuduğu ritmik bir mahnı ilə  bitirdi. Alqış sədaları kəsilmək bilmirdi. Sakitlik yarananda dedi: "Eşitdiyiniz bu mahnı urdu dilindədir. Urdu Pakistanın dövlət  dilidir".

Mən indi həmin o məqamları xatırlayanda fikirləşirəm ki,   erməni  vəhşiliyinə, xislətinə  nifrət  edən, bizim  haqq  işimizə görə onlarla münasibəti kəsən  dost Pakistan xalqına, dövlətinə Rəşid Behbudov hələ o vaxtlar böyük dəyər  verirmiş. Deməli, bu  dostluğun, bu  istəyin kökləri dərindir.

Böyük sənətkarın tarla əməkçiləri ilə görüşlərindən  ətraflı qeydlər götürəndən sonra həmin gün axşam mehmanxanaya gedib ondan müsahibə almalı idim. Deyim ki, bu  tapşırıq son dərəcə məsuliyyətli idi. Bir tərəfdən sevinirdim ki,  bu məşhur sənətkarla daha yaxından ünsiyyət qura biləcəyəm, onunla üzbəüz oturub söhbət aparacağam. O biri tərəfdən isə bərk narahat idim. Çünki mən televiziyada onunla aparılan bir neçə müsahibəyə baxmışdım. Aparıcıların, həmsöhbətlərin suallarından asılı olaraq  yeri düşəndə sərtləşirdi, yeri düşəndə zarafata keçirdi.

Bütün bunları  gözümün qabağına gətirə-gətirə,  mehmanxanaya, Rəşid Behbudovla söhbətə getdim.

Qapını ehmalca döydüm. İçəridən səsini eşitdim. "Gəlirəm" deyib qapını açdı. Özümü təqdim  edib qəzetdən gəldiyimi bildirdim.

Mehribanlıqla məni içəri dəvət edib əyləşməyə yer göstərdi. Həyəcanımı  hiss edirdi. Odur ki,  gülümsəyərək dedi: "Heç narahat olmayın. Əvvəlcə bir stəkan çay  içək, sonra    qədər desəniz danışarıq".

Çoxdan bəri məni  çulğamış həyəcanım yavaş-yavaş keçib  gedirdi. Səmimi söhbət  əsnasında ürəyimdən keçən sualların cavabını ondan ala bilirdim. Rayona gəlişi, xüsusilə   yaz fəslində, yaşıl tarlaların qoynunda əmək  adamları ilə görüşləri, hər yerdə böyük hörmətlə qarşılanması ilə  bağlı dolğun təəssüratları müsahibəm üçün maraqlı  faktlar oldu.

Söhbətimiz Mahnı Teatrının  üzərinə gəldi. Sual verdim: "Rəşid müəllim, belə bir teatrın yaranması hansı zərurətdən irəli gəldi?"

O, ani olaraq fikirləşdi dedi: "Azərbaycan xalqı milli-mənəvi dəyərlərinin işığında yaşayır. Zəngin mədəniyyəti onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsillərdən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin öz xalqı qarşısında mənəvi borcu müqəddəs vəzifəsidir. Fikirləşdim ki, mahnıların, muğam parçalarının, rəqs nümunələrinin təqdimatında nəsə bir yenilik, bir dəyişiklik edim. Elə bir yenilik ki, bunlar tamaşa halında olsun. Teatra bənzər bir üslubda təqdim olunsun. Janr müxtəlifliyi rəngarənglik tamaşaçıda, dinləyicidə maraq yaratsın, onların zövqünü oxşasın. Bütün bunları nəzərə alaraq Mahnı Teatrı yaratmaq qərarına gəldim şükür ki, buna nail oldum. İndi əsas məsələ budur ki, biz bu işin öhdəsindən necə gəlirik yaxud gələ bilirikmi? Qoy bunu tamaşaçılar, dinləyicilər desin..."

Xudahafizləşib ayrılanda dedi: "Qəzet çıxanda ondan bir-ikisini mənə gətirərsiniz".

...Qəzet çıxdı. Şəkli ilə birlikdə bir səhifəlik müsahibə dərc olunmuşdu.

...O vaxtdan  42 il keçib. Hər dəfə Mahnı Teatrının qarşısından keçəndə qeyri-ixtiyari ayaq saxlayır, Rəşid Behbudovun burada ucalan heykəli önündə dayanır, vaxtilə onun Kürdəmirə gəlişi, zəhmətkeşlərlə səmimi görüşləri, maraqlı konsertlər verməsi, xüsusilə onunla üzbəüz oturub həmsöhbət olduğum o unudulmaz  məqamlar gözlərimin önünə gəlir, gözəl ifaları qulağımda səslənir.

Bir vaxtlar böyük həvəslə yaratdığı daim fəxr etdiyi Azərbaycan Dövlət Mahnı Teatrı onu həmişə yaşadır yaşadacaq.

 

Tofiq ABDULLAYEV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan.-2023.- 3 iyun.- S.9.