Təbiəti
fırçası ilə
təsvir edən rəssam
Bu yaxınlarda
Muzey Mərkəzində
Azərbaycan Dövlət
Rəsm Qalereyasının
fonduna məxsus Azərbaycan rəssamlarının
Qarabağa həsr olunmuş əsərlərindən
ibarət "Şuşa"
adlı sərgi təşkil olunmuşdu. Sərgidə rəssamlarımızın
ecazkar Qarabağ, Şuşa, Laçın,
Kəlbəcər təbiətinə,
tarixi abidələrinə
həsr edilmiş sənət əsərləri
nümayiş edilirdi.
Bu il 100 illiyi tamam olan
Mahmud Tağıyevin "Şuşa topxanası",
"Yaylaqda" və
"Şuşa lalələri"
adlı üç əsəri iştirakçıların
diqqət və marağına səbəb
olurdu.
Azərbaycanın Əməkdar
rəssamı Mahmud Əzizağa oğlu Tağıyev 1923-cü ildə
Bakı şəhərində,
zərgər ailəsində
dünyaya gəlmişdi.
Azərbaycanın tanınmış
Xalq rəssamı Tağı Tağıyev onun qardaşıdır.
O, rəssamlığın sirlərini Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumu (1937-1941) və V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutunda
(1950-1955) alıb. 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqına
üzv qəbul edilən M.Tağıyevin
Bakıda (1947, 1955, 1961, 1969, 1993) və Moskvada (1988, 1990) fərdi sərgiləri təşkil olunub. Rəssamın əsərləri
Azərbaycan Milli İncəsənət Muzeyində,
Dövlət Rəsm Qalereyasında, habelə xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
M.Tağıyev istedadlı
mənzərə və
natürmort ustası kimi tanınır. Onun bu janrlarda
yaratmış olduğu
sənət əsərləri
özünəməxsus bədii
rəssam təxəyyülü
və peşəkar işlənilmə xüsusiyyətləri
ilə diqqəti cəlb edir. Şübhəsiz ki, rəssamın portret janrında yaradılmış
əsərləri də
onun yaradıcılığının
əsas tərkib hissəsidir. M.Tağıyevlə
Xalq rəssamı Xalidə Səfərovanı
sənət yolları
ilə birgə həm də ömür yolları bağlayırdı. Onlar bir ömür birgə yaşayıb-yaratmış,
ölkəmizin füsunkar
rayonlarına yaradıcılıq
səfərləri etmiş
və yaratdığı
çoxsaylı əsərlərini
zaman-zaman sənət
adamlarının ixtiyarına
təqdim etmişlər.
Respublikamızda gənc
rəssamların ilk qrup sərgisinin təşkili məhz M.Tağıyev və X.Səfərovanın adları
ilə bağlıdır.
1947-ci ildə açılmış
sərgidə rəssamların
ümumilikdə 150-dən artıq
etüd, mənzərə,
natürmort nümunələrinin
nümayiş olunduğu
qeyd edilir.
M.Tağıyevə ilk yaradıcılıq uğurunu 1943-cü ildə
Moskvada Azərbaycan rəssamlarının sərgisində
nümayiş olunan
"Babək" əsəri
qazandırmışdır. O, bir daha Babək
obrazına qayıdaraq
müstəqillik illərində
"Babəkin çağırışı"
adlı tematik əsərini ərsəyə
gətirmişdir. Sənətkarın
portret əsərlərindən
"Xalidə Səfərovanın
portreti", "Avtoportret",
"Qadın portreti",
"Səttar Bəhlulzadənin
portreti", "Səməd
Vurğunun portreti",
"Dünyanı qoruyaq.
Oxuyur Müslüm Moqamayev", "Nizami dünyası", "Füzulinin
portreti", "Dədə
Qorqud" və başqalarını qeyd edə bilərik. Bu portret əsərlərinin
qəhrəmanlarını nəzərdən keçirdikdə
rəssamın uğurlu
yaradıcılıq məharəti
ilə yanaşı, onun həm də
tarixi şəxsiyyətlərin,
sənət adamlarının
daxili mənəvi dünyalarını təcəssüm
etdirmək bacarığına
malik olduğunu duyuruq.
M.Tağıyevin mənzərə
əsərlərindən "Ağdam mənzərəsi"
(1945), "Krım. Ay-Petri"
(1955), "Mingəçevir dənizi" (1957), "Mingəçevir
su anbarı"
(1958), "Daşkəsən. Kanat yolu" (1960), "Doğma yaylaqda" (1961),
"Göyçə gölü"
(1960), "Ağrı
dağı" (1961), "Quşçuluq" (1963), "Bakı, Qağayılar"
(1964), "Mənim Bakım"
(1971), "Turşsu" (1980) və başqalarını
göstərmək olar.
Bu əsərlər bu gün bədii
əhəmiyyəti ilə
yanaşı, həm də özündə tarixilik, doğmalıq, təbiətə qarşı
həssaslıq yaşadır.
Rəssamın Qarabağa,
Şuşaya, Cıdır
düzünə, doğma
Qarabağ təbiətinin
gözəlliklərinə incə rəssam duyumu ilə yanaşaraq lirik sənət lövhələrində
ustalıqla canlandırması
olduqca şairanədir.
Onun Qərbi Azərbaycan mənzərələri
bu gün tarixi dəyər daşıyır.
M.Tağıyev təbiəti,
ilahinin yaratdığı
təbii gözəllikləri
və nemətləri
- gülləri, ağacları,
dağları, dərələri,
meyvələri - sadəcə
sevmirdi, həm də ilhamlanaraq, sevə-sevə kətanda tərənnüm edirdi. Onun çoxsaylı natürmortlarında - "Natürmort.
Üzüm və meyvələr" (1957), "Çiçəklənən
bağ" (1958), "Güllər
və meyvələr"
(1964), "Lalələr" (1965), "Ulduz çiçəkləri
və meyvələr"
(1965), "Bağda. Narlar"
(1966), "Yemişlər və
tərəvəzlər" (1966), "Azərbaycan nemətləri"
(1972), "Nərgizlər" (1973) və başqalarını
seyr edən tamaşaçı meyvələrin
rəng çalarlarını,
əlvan güllərin
təravətini sanki duyur, hiss edir.
Bu mənada M.Tağıyevi impressionist
- "təəssürat" rəssamı adlandırmaq
doğru olar.
M.Tağıyevin əsərlərindən
ibarət albom-kataloqda
(2002) qeyd olunur ki, "2000-ci ildə Strasburqda Azərbaycan rəssamlarının sərgisində
Mahmud Tağıyevin
"Narlar" əsəri
Azərbaycan Prezidenti Heydər Əliyevin diqqətini cəlb etmiş və o, bu əsər barədə televiziya ilə öz müsbət rəyini söyləmişdi. Rəssam
bununla hədsiz fəxr edirdi".
M.Tağıyevin uğurlu
bədii yaradıcılıq
fəaliyyəti dəfələrlə
fəxri diplom və mükafatlara layiq görülmüşdü.
O, Azərbaycanın Əməkdar
rəssamı fəxri
adına (1982), Zaqafqaziya
respublikaları rəssamlarının
Tbilisidə keçirilən
Biennalesində diploma
(1986) və BMT-nin Azərbaycan Nümayəndəliyi
tərəfindən təşkil
ounan "Müasir Azərbaycan incəsənəti"
adlı rəssamlıq
müsabiqəsinin üçüncü
mükafatına (1996) layiq
görülmüşdü.
M.Tağıyevin yaradıcılığı
və ərsəyə
gətirdiyi sənət
əsərləri Azərbaycan
təsviri sənət
tarixində və sənətşünaslıq elmində
həmişə yaşayacaqdır.
Əsəd QULİYEV,
sənətşünas,
AMEA-nın dissertantı,
Rəssamlar İttifaqının
üzvü
Azərbaycan.-2023.-
3 iyun.- S.9.