Musiqi Kollecinin 125 illik yubileyi qeyd olunub

 

Azərbaycan Milli Konservatoriyasında Musiqi Kollecinin yaradılmasının 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbə müəllimləri, tanınmış incəsənət xadimləri iştirak ediblər.

Tədbiri Milli Konservatoriyanın rektoru professor Siyavuş Kərimi açaraq Musiqi Kollecinin inkişaf yolu fəaliyyəti haqqında məlumat verib. Kollecin direktoru Nazim Kazımova direktor müavini Gülzar Hətəmzadəyə təbrik məktubunu təqdim edib.

Tədbirdə, həmçinin Musiqi Kollecinin 125 illik yubileyi münasibətilə müxtəlif dövlət qurumları tərəfindən kollektivə ünvanlanmış təbrik məktubları oxunub.

Yubiley tədbiri konsert proqramı ilə davam edib. Kollecin məzunları olmuş Xalq artistləri Faiq Sücəddinov, Alim Qasımov təhsil ocağı ilə bağlı təəssüratlarını bölüşüb, öz ifaları ilə tədbirə xoş ovqat bəxş ediblər.

Həmçinin vaxtilə bu tədris müəssisəsində təhsil almış dünyaşöhrətli bəstəkar Arif Məlikov, SSRİ Xalq artistləri Müslüm Maqomayev, Zeynəb Xanlarova, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovun tələbəlik illəri ilə bağlı xatirələrini əks etdirən videokadrlar nümayiş olunub.

Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin yubiley konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Azərbaycan.-2023.- 3 iyun.- S.11.